Müsavat Partiyası və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublu 9 gündür aclıq aksiyası keçirir. Onun səhhətinin sürətlə pisləşdiyi bildirilir.
Siyasətçinin qızı Nigar Həzi martın 1-də atasının saxlanıldığı müəssisədə onunla görüşdüyünü və görüşün “gərgin və stressli” keçdiyini açıqlayıb. Onun sözlərinə görə, Yaqublu aclığı dayandırmaqdan imtina edir və qərarında qətidir.
Nigar Həzi bildirib ki, atası aclığı davam etdirdiyi müddətdə xeyli çəki itirib:
“8 gündə xeyli arıqlayıb, gözləri çuxura düşüb. Görünən odur ki, çəki itkisi çox sürətlə gedəcək və orqanizmi tab gətirməyəcək”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, görüş şüşə arxasında keçirilib. Nigar Həzi bildirib ki, Yaqublunun kamerasına müəssisə rəhbərliyinin nümayəndələri daxil olaraq axtarış aparıb və bəzi əşyaları götürüblər. O, kamerada kobud davranış nümayiş etdirildiyini iddia edib.
“Atayla danışanda məlum oldu ki, kameraya rəis müavinləri və müəssisə işçiləri daxil olaraq müstəsna ədəbsizlik ediblər. Düşünürəm ki, bu cür davranışın bir səbəbi olar. O da yuxarıdakıların gözündə yaxşı itaətkar, əmr qulu kimi görünmək və yaxın perspektivdə vəzifə yüksəlişinə nail olmaq. Kameraya daxil olanlar oradan “qanunsuz” əşya olaraq qazan, dabankeş, ayaqqabı təmizləmək üçün süngər, su qızdırıcı, elektrik çaydanı və bəzi əşyalar götürüblər. Rəis müavinlərindən biri isə kamerada kobudcasına çığır-bağır salaraq yüksək səslə ataya “Nə? Siz mane olursuz axtarışa? Rəisin yanına getmək istəyirsiz? Qolunu qandallayın, rəisin yanına aparın!” deyib. Bundan sonra isə onu kameradan çıxarıblar”, - siyasətçinin qızı yazıb.
Nigar Həzi deyib ki, atasını aclığı dayandırmağa razı salmağa çalışsa da, buna nail ola bilməyib. Onun sözlərinə görə, Yaqublu qərarında qətidir.
Siyasətçinin qızı atasının sözlərini də ictimailəşdirib. Yaqublunun həbs şəraitindən narazı olduğu və gələcəkdə də təzyiqlərlə üzləşəcəyini düşündüyü bildirilib.
“Mən bilirəm ki, bu həbsin sonu yoxdur. Bu dəfə məni “kars”a saldılar, gələn dəfə gəlib deyəcəklər ki, sənə qarşı yeni cinayət işi açırıq, daha sonra deyəcəklər ki, zona göndəririk, sonra yenə karserə salacaqlar və sonda məni Navalnı kimi öldürəcəklər. Xatırlayırsansa, Navalnını da “kars”a salıb zəhərləmişdilər. Bilirəm ki, bu rejim məni öldürəcək. Elə isə ölümü mən özüm seçirəm”, - Tofiq Yaqublu deyib.
Fevralın 25-də Tofiq Yaqublunun cərimə kamerasına (“kars”) salınmasına etiraz olaraq aclıq aksiyasına başladığı bildirilib.
Siyasətçinin qızı Nigar Həzi “Facebook” hesabında paylaşım edərək vəkil Nemət Kərimlinin Tofiq Yaqublu ilə görüşdən sonra ona “kars” cəzası verildiyi və siyasətçinin aclığa başladığı barədə məlumat verdiyini yazıb.
Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi onu dələduzluq və saxta sənəd hazırlama ittihamları ilə 9 il müddətinə azadlıqdan məhrum edib. O, hökmə etiraz olaraq 40 gün aclıq aksiyası keçirdiyini açıqlamışdı.
Hazırda Ali Məhkəmə Yaqublunun şikayəti üzrə yekun qərarı elan etməyib. Son prosesdə müşavirə üçün vaxta ehtiyac olduğu bildirilib və iclas qeyri-müəyyən müddətə təxirə salınıb.
Tofiq Yaqublu uzun illərdir hakimiyyətin tənqidçilərindən biri kimi tanınır və müxtəlif illərdə bir neçə dəfə saxlanılıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıdıqlarını bəyan ediblər.