Süni intellektlə saxta materiallara görə cəzalar sərtləşdirilir: “Problem cəzalarda yox, tətbiq mexanizmindədir”

Süni intellektlə saxta materiallara görə cəzalar sərtləşdirilir: “Problem cəzalarda yox, tətbiq mexanizmindədir”
18 Mart 2026
Mətni dəyiş

Milli Məclis süni intellekt vasitəsilə saxta audio, video və foto materialların hazırlanması və yayılmasına görə cərimə və həbs cəzalarını nəzərdə tutan qanun dəyişikliklərini ilk oxunuşda qəbul edib. Bildirilib ki, təklif olunan dəyişikliklər həm fərdi hüquqların qorunmasını gücləndirməyi, həm də informasiya təhlükəsizliyini artırmağı hədəfləyir.

Martın 17-də parlamentin plenar iclasında Cinayət və Cinayət-Prosessual məcəllələrinə, həmçinin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlara dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, şəxsin razılığı olmadan onun görüntüsü və ya səsindən istifadə etməklə süni intellekt və ya xüsusi proqramlar vasitəsilə reallığı əks etdirməyən materialların hazırlanması və yayılması cinayət məsuliyyəti yaradacaq.

Bu əməllərə görə 3 000 manatdan 7 000 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Əgər bu əməllər ağırlaşdırıcı hallarda - qrup halında, bir neçə şəxsə qarşı, nüfuzu ləkələmək məqsədilə və ya şəxsin xidməti fəaliyyəti ilə bağlı törədilərsə, cəza daha sərtləşdirilərək 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə tətbiq olunacaq.

Azərbaycanda İnternetin İnkişafı Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz dəyişiklikləri ümumilikdə zəruri hesab etsə də, tətbiq mexanizmi ilə bağlı sualların açıq qaldığını bildirir. O, bu barədə öz “Facebook” hesabında paylaşım edib.

Onun sözlərinə görə, süni intellektlə hazırlanmış materialların necə müəyyən ediləcəyi və hansı hallarda işarələnməli olduğu aydın deyil:

Süni intellektlə hazırlanmış şəkil necə sübut olunacaq, hansı səviyyədə istifadə olunanda işarələnmə tələb olunacaq, əlavə alətlərdən də istifadə edilsə, necə qiymətləndiriləcək?”

Gündüz hesab edir ki, praktiki təcrübə olmadığı halda yeni qaydalar əlavə bürokratik maneələr yarada bilər və bu, xüsusilə media üçün hüquqi riskləri artırar.

Əsas məsələ yalnız cəzaların sərtliyi deyil, qanunun necə tətbiq olunacağıdır”.

Ekspertin fikrincə, süni intellekt texnologiyalarının sürətlə yayılması fonunda hüquqi tənzimləmə zəruridir, lakin bu proses innovasiyaya mane olmamalıdır.

“Həm vətəndaşların hüquqları və reputasiyası qorunmalıdır, digər tərəfdən isə innovasiya və açıq informasiya istehsalına maneə yaradılmamalıdır”.

O qeyd edir ki, yaxın illərdə media və yaradıcı sənaye sahələrində süni intellektdən istifadə daha da genişlənəcək və bu texnologiyalardan geri qalanlar rəqabətdə uduzacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun