Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb. Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi iyulun 1-dək qüvvədə saxlanılacaq.
Bundan əvvəl qüvvədə olan qərara görə, rejimin müddəti 2026-cı il aprelin 1-dək müəyyən edilmişdi.
Azərbaycanda quru sərhədləri 2020-ci ildən COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində bağlanıb. Ölkədə ilk koronavirus infeksiyası 2020-ci il fevralın 28-də qeydə alınıb, martın 24-dən isə xüsusi karantin rejimi elan olunub.
İlkin mərhələdə sərhədlərin bağlı saxlanılması pandemiya ilə əsaslandırılsa da, sonrakı illərdə bir çox ölkələr bu məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırıb. Azərbaycan hakimiyyəti isə qərarın davam etdirilməsini əsasən təhlükəsizlik səbəbləri ilə izah edir.
Prezident İlham Əliyev də müxtəlif çıxışlarında quru sərhədlərinin bağlı qalmasının təhlükəsizlik baxımından vacib olduğunu bildirərək, bu qərarın Azərbaycanı “böyük fəlakətlərdən qoruduğunu” qeyd edib.
Hazırda Azərbaycanın quru sərhədləri altı ildir bağlı saxlanılır.
Foto: Sputnik