“QHT işi” üzrə həbsdə saxlanılan “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Bəşir Süleymanlıya Bakı İstintaq Təcridxanasında təzyiq edildiyi bildirilir.
Bu barədə iqtisadçı Zöhrab İsmayıl “Meydan TV”yə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, Süleymanlının saxlanıldığı kameraya psixi problemləri olduğu düşünülən şəxs yerləşdirilib.
İsmayıl qeyd edib ki, Süleymanlı həmin şəxsin məqsədli şəkildə və ona təzyiq göstərmək üçün kameraya gətirildiyini düşünür.
“O hesab edir ki, bu addım ona qarşı təzyiq məqsədi daşıyır və istənilən an təxribatla üzləşə bilər. Onun fikrincə, bu təzyiqlərin səbəbi ictimai fəaliyyəti və siyasi məhbus kimi həbs olunması ilə bağlıdır”, - deyə o bildirib.
Məlumata görə, hüquq müdafiəçisinin yaxınları ilə əlaqə imkanlarına da məhdudiyyətlər qoyulub.
“Ötən bazar günü onun zəng günü olsa da, bu şərait yaradılmayıb. Bu hal da təzyiq vasitəsi kimi qiymətləndirilir”, - deyə Zöhrab İsmayıl əlavə edib.
Bildirilib ki, Bəşir Süleymanlı üzləşdiyi təzyiqlər və mümkün təxribatlarla bağlı ölkə ictimaiyyətinə, Ombudsmana, Avropa İttifaqının Bakı nümayəndəliyinə və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə müraciət edərək məsələnin diqqətdə saxlanmasını xahiş edib.
Qeyri-iş günü olduğuna görə, məsələ ilə bağlı aidiyyəti qurumlardan münasibət almaq mümkün olmayıb.
Bəşir Süleymanlı ötən il martın 14-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 193-1.2.2-ci, 193-1.2.3-cü və 193-1.3.2-ci maddələri (qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 308.1-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü maddəsi (vəzifə saxtakarlığı) ilə ittiham irəli sürülüb.
Həmin gün “Seçki Müşahidə” Alyansının icraçı direktoru Məmməd Alpay, “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov və “Media Hüququ” İnstitutunun koordinatoru Xalid Ağəliyev də saxlanılıb. Xalid Ağəliyev sonradan sərbəst buraxılıb, martın 17-də isə Hafiz Həsənov barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi bildirilib.
Daha sonra Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və sosial işçi Zamin Zəki də həbs olunublar.
Digər təqsirləndirilən şəxslər barəsində isə alternativ qətimkan tədbirlərinin seçildiyi bildirilir.
İş üzrə təqsirləndirilən şəxslər irəli sürülən ittihamları əsassız və siyasi motivli hesab etdiklərini bəyan ediblər.