Paşinyan: “Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə yer olmamalıdır”

Paşinyan: “Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə yer olmamalıdır”
12 Mart 2026
Mətni dəyiş

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, hazırlanmaqda olan yeni Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Onun sözlərinə görə, bu sənəd münaqişə məntiqi üzərində qurulduğu üçün gələcək dövlət quruculuğunun əsasını təşkil etməməlidir.

Bu barədə Paşinyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında danışıb. Baş nazir bildirib ki, yeni Konstitusiyanın mətnində Bəyannaməyə istinadın çıxarılması ilə bağlı mövqeyi dəyişməyib.

“Bu mövzuya artıq toxunmuşam və mövqeyimi dəyişməyə ehtiyac görmürəm. Çünki həmin sənəd münaqişə məntiqi üzərində qurulub. Biz isə münaqişə məntiqinə əsaslanaraq müstəqil dövlət qurmaq istəmirik”, - deyə Paşinyan bildirib.

Baş nazir eyni zamanda Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanacağına şübhə etmədiyini qeyd edib.

“Onun nə vaxt imzalanacağı ikinci dərəcəli məsələdir, amma bu saziş mütləq imzalanacaq”, - Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, tərəflərin mövqelərinin yaxınlaşması daha aydın görünür və sülh sazişinin paraflanması şəraitində belə regionda artıq sülhə nail olunub. Paşinyan bildirib ki, indi əsas məsələ bu sülhün möhkəmləndirilməsi və geri dönməz hala gətirilməsidir.

Baş nazir qeyd edib ki, həm Ermənistanda, həm də Azərbaycanda sülhdən narazı olan qüvvələr mövcuddur və onlar bu prosesi pozmağa çalışa bilərlər.

“Ermənistan vətəndaşları əldə olunmuş sülhü müdafiə etməli və onu geri dönməz etməlidirlər”, - o əlavə edib.

Ədliyyə naziri Srbuhi Qalyan daha əvvəl bildirmişdi ki, Ermənistanın yeni Konstitusiya layihəsinin mətni 2026-cı ilin mart ayında dərc olunacaq.

Azərbaycan tərəfi isə uzun müddətdir ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsini sülh sazişinin imzalanması üçün ilkin şərt kimi təqdim edir. Bakı hesab edir ki, Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinadın olması sənəddə Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu kimi qiymətləndirilə bilər.

Ermənistan rəsmiləri bu iddiaları dəfələrlə rədd edib. Ermənistanın Konstitusiya Məhkəməsi də ölkə Konstitusiyasında başqa dövlətlərə qarşı ərazi iddialarının olmadığını bəyan edib.

Ermənistan və Azərbaycan 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişini paraflayıblar. Hazırda tərəflər sənədin imzalanması üçün siyasi prosesləri davam etdirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun