ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) aylarla İranın ali lideri ayətullah Əli Xameneinin hərəkətlərini izləyib və fevralın 28-i səhər saatlarında onun iqamətgahında yüksək vəzifəli İran rəsmilərinin iştirakı ilə görüş keçiriləcəyini müəyyən edib.
Bu barədə “The New York Times” vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, əldə edilən məlumat əsasında ABŞ və İsrail planlaşdırılan hücumun vaxtını dəyişdirib. İlkin olaraq zərbənin gecə saatlarında endirilməsi nəzərdə tutulsa da, yüksək rütbəli rəsmilərin toplantısını gözləmək üçün əməliyyat səhər saatlarına keçirilib.
Mənbələrin sözlərinə görə, CIA İsrailə Xameneinin olduğu yer barədə “yüksək etibarlılıq dərəcəsinə malik” kəşfiyyat məlumatı ötürüb. İsrail isə həmin məlumatlardan və öz kəşfiyyat resurslarından istifadə edərək bir neçə ay planlaşdırdığı əməliyyatı həyata keçirib. Əməliyyatın məqsədinin yüksək vəzifəli İran rəhbərliyinin zərərsizləşdirilməsi olduğu bildirilir.
İran tərəfi Baş Qərargah rəisi və müdafiə nazirinin həlak olduğunu təsdiqləyib.
“The Wall Street Journal” yazır ki, əməliyyatdan əvvəl İsrailin yüksək hərbi rəhbərliyi - Hərbi Hava Qüvvələrinin komandanı, hərbi kəşfiyyat rəhbəri və xarici kəşfiyyat xidməti “Mossad”ın direktoru mütəmadi olaraq Vaşinqtona səfər edərək planlaşdırma prosesində iştirak ediblər.
Nəşrin məlumatına görə, ötən ilin dekabrında İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampla Floridadakı Mar-a-Laqo iqamətgahında görüşüb. Tərəflər İran nüvə proqramını davam etdirəcəyi halda əməliyyatın əsaslandırılmış olacağı barədə razılığa gəliblər. Fevral ayında isə Tramp və Netanyahu yenidən Ağ Evdə görüşüblər.
Mənbələrin bildirdiyinə görə, İsrail kəşfiyyatı İran ərazisindəki hədəflər barədə məlumat toplayaraq ABŞ tərəfinə ötürüb.
WSJ-nin digər materialında qeyd olunur ki, ABŞ İran ərazisinə genişmiqyaslı hava zərbələri zamanı “Anthropic” şirkətinin hazırladığı süni intellekt alətlərindən istifadə edib.
Mənbələrin sözlərinə görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) daxil olmaqla müxtəlif hərbi strukturlar “Claude AI” sistemini tətbiq ediblər. CENTCOM bu barədə şərh verməkdən imtina edib.
Bildirilir ki, Claude gizli hərbi əməliyyat çərçivəsində istifadə olunan ilk neyroşəbəkə olub. Daha əvvəl Pentaqon həmin sistemi ABŞ xüsusi təyinatlı qüvvələrinin Venesuela prezidenti Nikolas Maduronun saxlanılması ilə bağlı əməliyyatında da tətbiq etmişdi.
Məlumata görə, daha əvvəl Donald Tramp hökumət qurumlarına “Anthropic” texnologiyalarından istifadəyə qadağa qoymuşdu. O, şirkəti “radikal solçu” adlandıraraq Pentaqona şərtlər diktə etməkdə və hərbçilərə təzyiq göstərməkdə ittiham etmişdi.
Mübahisə əsasən süni intellektin hərbi məqsədlərlə istifadəsi ilə bağlı etik məhdudiyyətlər üzərində yaranıb. “Anthropic” kütləvi müşahidə və avtonom öldürücü silah sistemlərinin tətbiqinə qarşı sərt məhdudiyyətlərin tərəfdarıdır. Pentaqon isə istənilən alətdən istifadə hüququnun saxlanmasını tələb edir.
ABŞ müdafiə nazirinin müavini Emil Maykl Anthropic rəhbərliyini ordunu nəzarət altına almağa çalışmaqda və milli təhlükəsizliyi riskə atmaqda ittiham edib.
Donald Tramp daha əvvəl bəyan etmişdi ki, İranla bağlı əməliyyatın məqsədi “zorakı İran rejimindən qaynaqlanan təhlükəni məhv etməkdir”. ABŞ prezidenti əməliyyatın İranın nüvə və raket proqramlarına qarşı yönəldiyini və Tehranın nüvə silahı əldə etməsinin qarşısını almağa xidmət etdiyini bildirib.