Lənkəran həbsxanasında məhbuslar telefon danışığına qoyulan məhdudiyyətlərdən şikayət edir

Lənkəran həbsxanasında məhbuslar telefon danışığına qoyulan məhdudiyyətlərdən şikayət edir
27 Mart 2026
Mətni dəyiş

Lənkəran Penitensiar Kompleksində saxlanılan məhbusların telefonla danışıq hüquqlarının məhdudlaşdırıldığı bildirilir.

Bu barədə “Abzas Media”nın həmin müəssisədə saxlanılan jurnalistləri məlumat verib.

Onların sözlərinə görə, məhbusların həftədə iki dəfə nəzərdə tutulan telefon danışığı hüququ əməkdaş çatışmazlığı səbəbilə tam təmin olunmur. Bildirilir ki, danışıq vaxtlarının qeyri-sabit olması məhbusların ailələri ilə əlaqəsini çətinləşdirir:

“Bəzi adamlar var ki, ailəsi ilə məhz səhər saat 11-də danışmalıdır. Valideynlərimiz və digər yaxınlarımız işləyirlər, günün hər saatında danışa bilmirlər. Hərənin öz vaxtı var. Biri səhər 11-də danışa bilir, biri günorta saatlarında. Amma buna şərait yaradılmır. Deyirlər ki, “əməkdaşımız yoxdur””.

Jurnalistlər qeyd edirlər ki, sonuncu dəfə ötən cümə günü telefonla danışmaq yalnız saat 14:30 radələrində mümkün olub və həmin vaxta qədər heç kimə ailəsi ilə əlaqə saxlamağa icazə verilməyib.

“Valideynlərimiz görür ki, həmişəki vaxtda zəng edə bilmirik, narahat qalırlar. Burada hamı bu problemi yaşayır”, - deyə jurnalistlər bildirirlər.

Onların sözlərinə görə, telefon danışıqlarına vaxt məhdudiyyəti də tətbiq olunub. Belə ki, bütün məhbuslara gün ərzində ümumilikdə 2 saatlıq danışıq imkanı verildiyi, hər kəsin yalnız bu müddət çərçivəsində telefon istifadə edə bildiyi deyilir.

“Bu, heç kimə sərf etmir. Bəzi məhbusların ailəsi məhz həmin vaxtda zəngə cavab vermir. Səhər tezdən və ya işdən sonra danışmaq mümkün olur. Ona görə də bu məhdudiyyət ciddi problem yaradıb”, - deyə onlar qeyd edirlər.

Jurnalistlər bildirirlər ki, məsələ ilə bağlı müəssisə rəhbərliyinə etiraz etsələr də, problem həll olunmayıb. Onların sözlərinə görə, rəhbərliklə birbaşa görüşmək cəhdləri də nəticəsiz qalıb:

“Rəis müavinlərinin qəbuluna düşüb problemi çatdırmaq istəyirik. Korpus rəisi Zamin Əliyev isə bildirir ki, müavinlərin işləri var və heç biri bizi qəbul edə bilməz”.

Qeyri-iş günü olması səbəbilə məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənmək mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun