Latviyada “Starlink” sistemlərini Rusiyaya satmaqda ittiham olunan azərbaycanlı tələbəyə 11 il həbs cəzası verilib

Latviyada “Starlink” sistemlərini Rusiyaya satmaqda ittiham olunan azərbaycanlı tələbəyə 11 il həbs cəzası verilib
18 Mart 2026
Mətni dəyiş

Latviyada azərbaycanlı tələbə Əli Xəlilov Rusiyaya hərbi təyinatlı avadanlıqlar, o cümlədən “Starlink” peyk internet sistemləri satmaqda təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə qərarına əsasən, ona əlavə olaraq 3 il müddətinə probasiya nəzarəti də tətbiq olunacaq. Bu barədə Latviyanın “LTV” kanalı məlumat yayıb.

İstintaqın versiyasına görə, Xəlilov həmçinin beynəlxalq sanksiyaların pozulmasında ittiham olunub.

Azərbaycan vətəndaşı olan Xəlilov təhsil almaq üçün Latviyaya gəlib. Hazırda o, Riqa Mərkəzi Həbsxanasında saxlanılır.

Ona qarşı iki maddə ilə ittiham irəli sürülüb: xarici dövlətin digər dövlətə qarşı fəaliyyətlərinə yardım etmək, yəni Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləmək və qabaqcadan əlbir olan şəxslər qrupu tərəfindən beynəlxalq sanksiyaları pozmaq.

Prokuror Robert Urzdiņş bildirib ki, bu işdə bir neçə ölkədən şəxslər iştirak edib:

“Bu işdə kifayət qədər çox insan iştirak edib. Əlaqəli şəxslər Almaniya, Latviya və Rusiyada olub. Təşkilatlanmış qrupun əsas üzvləri Rusiyada yerləşirdi. Əhəmiyyətli məqam həm də odur ki, söhbət hərbi istifadəyə yararlı mallardan gedir”.

İttihama görə, Xəlilov sxemin əsas təşkilatçısı olub. O, “Starlink” avadanlıqlarının sifarişi zamanı tətbiq olunan məhdudiyyətləri aşmaq üçün ən azı 85 əvvəlcədən ödənişli SIM kart əldə edib və saxta şəxsiyyətlərlə azı 42 elektron poçt hesabı yaradıb.

Bundan əlavə, o, digər şəxslərin bank hesablarından istifadə edərək 60-dan çox “Starlink” cihazı sifariş edib. Bu cihazların bir hissəsinin gizli şəkildə Rusiyaya aparıldığı bildirilir.

Prokurorluğun məlumatına görə, ötürülən “Starlink Mini” cihazları döyüş dronlarına quraşdırıla bilir:

“Ən vacib məqam ondan ibarətdir ki, bu cihazlar döyüş dronlarına quraşdırıla bilir. Bu, əslində odlu silahların satışından da daha ağır nəticələr doğura bilər”.

İstintaq materiallarında qeyd olunur ki, avadanlıqlar Ukraynanın işğal olunmuş Luqansk bölgəsinə göndərilmək üçün nəzərdə tutulub. Bundan başqa, hərbi məqsədlər üçün uyğunlaşdırılmış bel çantaları, gödəkçələr, hava şəraitini ölçən cihazlar, silah karkasları, optik nişangahlar, kalibrator və mərmi sürətini ölçən xronoqraflar da sifariş edilib.

İş üzrə daha üç nəfər - iki Latviya vətəndaşı və bir başqa şəxs - ayrıca cinayət işi çərçivəsində məsuliyyətə cəlb olunub. Onların günahlarını etiraf etdikləri və hazırda istintaqla razılaşma prosesində olduqları bildirilir.

Əli Xəlilov isə ittihamları qəbul etmir.

Prokurorluq onun üçün 12 il həbs cəzası tələb etsə də, Riqa şəhər məhkəməsi cəzanı 11 il müəyyən edib. Bundan əlavə, məhkəmə Xəlilovun Latviyadan çıxarılması və 5 il müddətinə ölkəyə girişinə qadağa qoyulması barədə qərar verib.

Hökm hələ qüvvəyə minməyib və apellyasiya qaydasında şikayət verilə bilər. Prokuror qərardan ümumilikdə razı qaldığını bildirib, müdafiə tərəfi isə hökmün şikayət olunub-olunmayacağı ilə bağlı şərh verməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun