İsrail İrana xəbərdarlıq edib: “Təyin ediləcək hər yeni ali lider məhv ediləcək hədəfdir”

İsrail İrana xəbərdarlıq edib: “Təyin ediləcək hər yeni ali lider məhv ediləcək hədəfdir”
4 Mart 2026
Mətni dəyiş

İsrail müdafiə naziri İsrail Kats bildirib ki, İran hakimiyyətinin təyin edəcəyi istənilən yeni lider İsrail üçün “şərtsiz likvidasiya hədəfi” olacaq.

Nazir bu barədə “X" sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, İran rejiminin İsrailə qarşı planlarını davam etdirmək üçün irəli sürəcəyi hər bir rəhbər hədəfə çevriləcək.

“İranın terrorçu rejiminin İsraili məhv etmək planını davam etdirmək, ABŞ və azad dünyaya, eləcə də region ölkələrinə təhdidlər səsləndirmək və İran xalqını sıxışdırmaq üçün təyin edəcəyi istənilən lider şərtsiz likvidasiya hədəfi olacaq. Onun adı nədir və harada gizlənir fərqi yoxdur”, – deyə İsrail Kats yazıb.

Nazirin sözlərinə görə, İsrail Müdafiə Ordusuna “Şir nəriltisi” adlı hərbi əməliyyatın məqsədləri çərçivəsində bu missiyanı yerinə yetirmək üçün bütün mümkün vasitələrlə hazırlıq görmək tapşırılıb. Kats əlavə edib ki, İsrail ABŞ ilə birlikdə İran rejiminin imkanlarını zəiflətmək və onun devrilməsi üçün şərait yaratmaq məqsədilə səylərini davam etdirəcək.

İsrail Müdafiə Ordusu (IDF) həmçinin Tehranın yaxınlığında yerləşən gizli “Minzadehey” nüvə kompleksinə zərbə endirildiyini açıqlayıb. Ordunun məlumatına görə, yeraltı mərkəzdə iranlı alimlər nüvə silahı üçün əsas komponentlərdən birinin hazırlanması üzərində gizli işləyiblər.

İran, ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) isə İsrailin bu iddialarına hələlik münasibət bildirməyib.

IDF əlavə edib ki, İsrail aviasiyası İranın təxminən 300 raket buraxılış qurğusunu sıradan çıxarıb. Ordunun fikrincə, bu, İranın İsrailə qarşı raket hücumlarının intensivliyinin azalmasını izah edir.

Bu arada, Böyük Britaniyada yerləşən “Iran International” və “DW” nəşrləri mənbələrə istinadən bildiriblər ki, fevralın 28-də öldürüldüyü bildirilən İranın ali rəhbəri Əli Xameneinin 56 yaşlı oğlu Müctəba Xamenei ölkənin yeni ali lideri seçilib. Mənbələrin sözlərinə görə, bu qərar İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) təzyiqi ilə qəbul olunub. Rəsmi təsdiq isə verilməyib.

“The New York Times” qəzeti də üç iranlı mənbəyə istinadla yazır ki, Ekspertlər Şurasının iclasından sonra ali lider postuna əsas namizəd kimi Müctəba Xameneinin adı önə çıxıb. Bildirilir ki, bəzi ruhanilər onun namizədliyinin martın 4-də açıqlanmasını müzakirə etsələr də, bunun ABŞ və İsrail üçün onu birbaşa hədəfə çevirə biləcəyindən ehtiyat ediblər.

Qəzetin məlumatına görə, Müctəba Xamenei uzun illər atasının kölgəsində qalan, lakin İran siyasi sistemində təsirli fiqur sayılan şəxsdir. Mənbələr onun təyin olunmasını SEPAH rəhbərliyinin dəstəklədiyini və ölkədə etiraz aksiyalarının yatırılmasında rol oynadığını bildirir.

Hazırda İranın ali liderinin səlahiyyətlərini müvəqqəti olaraq ilahiyyatçı Əlirza Arafi icra edir. O da ali lider postuna mümkün namizədlərdən biri hesab olunur. Digər potensial namizəd isə İran İslam Respublikasının banisi Ruhulla Xomeyninin nəvəsi Həsən Xomeynidir.

ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı hərbi əməliyyatlar və İranın cavab zərbələri nəticəsində regionda 870-dən çox insanın öldüyü bildirilir. Bu barədə “The New York Times” məlumat yayıb.

Qəzetin yazdığına görə, qurbanların böyük əksəriyyəti iranlılardır. Həlak olanlar arasında Bəhreyn, İsrail, Küveyt, Livan və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları, həmçinin altı amerikalı hərbçi də var.

İran rəsmiləri martın 3-də ölkədə ölənlərin sayının 787 nəfərə çatdığını açıqlayıb. Onların arasında onlarla yüksək rütbəli məmur və hərbçi, o cümlədən ölkənin ali rəhbəri Əli Xamenei də var.

Fevralın 28-də ABŞ və İsrail İranın raket və nüvə təhlükəsini əsas gətirərək Tehrana qarşı “qabaqlayıcı” hərbi əməliyyata başlayıb. SEPAH isə buna cavab olaraq genişmiqyaslı əməliyyat elan edib və İsrailə, eləcə də regiondakı ABŞ hərbi bazalarına zərbələr endirdiyini bildirib.

Hücumların Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Oman ərazisində yerləşən ABŞ obyektlərini, həmçinin Kiprdəki Britaniya hərbi aviabazasını da hədəf aldığı qeyd olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun