Müsəlman Birliyi Hərəkatı (MBH) ilə əlaqəli iki dini inanclı fəalın narkotik ittihamları ilə saxlanıldığı bildirilir.
Məlumata görə, polis 44 yaşlı Samir Babayev və 25 yaşlı Əlikram Namazovu martın əvvəlində ayrı-ayrılıqda evdən işə gedərkən saxlayıb.
MBH-dən bildirilib ki, Babayevi martın 6-da Sabunçu Rayon Polis İdarəsi saxlayıb və o, ifadəsində polis nəzarətində olduğu müddətdə dəfələrlə işgəncəyə məruz qaldığını deyib.
“Azadlıq Radiosu” fəalın yaxınlarına istinadən yazır ki, Babayev ailə üzvləriylə əlaqə saxlayarkən Sabunçu Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşlarının onu 14-cü polis bölməsinə apardıqlarını və ittiham sənədini imzalamaqdan imtina etdiyinə görə döydüklərini deyib.
“Məni narkotiklərlə saxladıqlarını dedilər və sənədi imzalamağımı tələb etdilər. İmzalamadım deyə döydülər. Sonra məni müvəqqəti saxlama təcridxanasına apardılar, orada da boş vərəqə imza atmağımı istədilər. Yenə imtina etdiyim üçün döyüldüm. Martın 7-də Sabunçu Rayon Məhkəməsinə aparıldım və vəkilim buraxılmadığı üçün etiraz olaraq hakimə arxamı çevirdim. Məni oradan çıxarıb sanitar qovşağa gətirdilər, qapını bağlayıb döyməyə başladılar. Hətta o həddə çatdı ki, başımı unitazın içinə salmağa cəhd etdilər”, – deyə Babayev telefon zəngində bildirib.
O əlavə edib ki, bu hərəkətləri ictimailəşdirəcəyini deyəndən sonra polis dayanıb.
“OC Media”nın yazdığına görə, Samir Babayevin həyat yoldaşı Günel Babayeva bildirib ki, ona qarşı narkotik vasitələrin qanunsuz hazırlanması, istehsalı və külli miqdarda saxlanması ilə bağlı ittihamlar irəli sürülüb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
“Hələ də onunla görüşə bilməmişik. Bildiyimə görə, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır”, – deyə o qeyd edib.
Babayeva əlavə edib ki, bu, həyat yoldaşının ikinci saxlanılmasıdır. Onun sözlərinə görə, Babayev daha əvvəl də eyni ittihamlarla saxlanılıb, lakin 2025-ci ilin dekabrında azadlığa buraxılıb.
“Birinci saxlanılma zamanı polis ona xəbərdarlıq etmişdi ki, MBH-dən uzaq dursun, əks halda ciddi şəkildə cəzalandırılacaq”, – deyə Babayeva bildirib.
Digər saxlanılan şəxs Əlikram Namazovun anası Çiçək Namazova isə martın 11-dən sonra oğlu ilə əlaqə saxlaya bilmədiyini deyib. Onun sözlərinə görə, Namazov bir neçə xəstəlikdən əziyyət çəkir və bu səbəbdən səhhəti ilə bağlı narahatdır.
“Onu evdən işə gedərkən Xırdalan polisi saxlayıb. Dövlətin təyin etdiyi vəkili mənə dedi ki, cibindən narkotik tapılıb. Bu, inanılmazdır. O, heç vaxt narkotik istifadə etməyib. Biz kirayədə yaşayırıq - narkotik satıcıları kasıb yaşayarmı?”, - deyə Namazova bildirib.
Müsəlman Birliyi Hərəkatı Namazovun da polis zorakılığına məruz qaldığını və ondan narkotik ittihamlarını etiraf etməsi tələb olunduğunu bildirib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.