Fərid Mehralızadə: “‘Azadlıq Radiosu’ndakı iqtisadi yazılarıma görə həbs olunmuşam”

Fərid Mehralızadə: “‘Azadlıq Radiosu’ndakı iqtisadi yazılarıma görə həbs olunmuşam” Foto: Sosial Media
6 Mart 2026
Mətni dəyiş

Martın 6-da “Abzas Media işi” çərçivəsində həbsdə olan “Azadlıq Radiosu” jurnalisti, iqtisadçı Fərid Mehralızadə və Məhəmməd Kekalovun kassasiya şikayətlərinə baxılıb.

Ali Məhkəmədə hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Fərid Mehralızadənin vəkilləri çıxış ediblər.

Vəkil Xaliq Hüseynov bildirib ki, istintaq materiallarında Fərid Mehralızadə ilə bağlı heç bir sübut yoxdur.

“Nə ibtidai, nə də məhkəmə istintaqında Fərid Mehralızadə ilə bağlı saxta da olsa, sübut qoymaq əziyyətinə girməyiblər. İstintaq materiallarına diqqətlə baxsanız, görərsiniz ki, həbsinədək onunla bağlı heç bir kəlmə də yazılmayıb. Yalnız mayın 30-da necəsə qərara gəliblər ki, Fəridi tutmaq lazımdır. O, dəfələrlə deyib ki, “Abzas Media” ilə heç bir əlaqəsi yoxdur. Hətta vurğulayıb ki, əksi olsaydı, bundan ancaq şərəf duyardı. Ancaq bununla bağlı heç bir fakt yoxdur”.

Vəkil xatırladıb ki, Mehralızadənin avtomobili müsadirə edilib, halbuki o, bankda işləyib və kifayət qədər əməkhaqqı alıb.

Digər vəkil Cavad Cavadov da çıxış edərək bildirib ki, Məhəmməd Kekalov ifadələrində Fərid Mehralızadənin “Abzas Media” ilə əlaqəsi olmadığını dəfələrlə desə də, istintaq bunu nəzərə almayıb.

Vəkillər Fərid Mehralızadənin günahsız olduğunu bildirərək məhkəmə heyətindən onun işinə bəraətverici əsaslarla xitam verilməsini istəyiblər.

Daha sonra Fərid Mehralızadə söz alaraq bildirib ki, cinayət işində onun “Abzas Media” ilə əlaqəsi barədə heç bir fakt yoxdur. O vurğulayıb ki, həmin nəşrə cəmi iki dəfə ekspert kimi müsahibə verib və buna görə heç vaxt oradan maaş almayıb.

“Həbs olunduğum günün axşamı İctimai Televiziyada ekspert kimi qonaq olacaqdım. O zaman mən İTV-də də işləmiş sayılıram? Hansı ağlı başında media qurumu 2 dəfə müsahibə alacağı adamı işə götürüb maaş verər.

Məhəmməd Kekalov məhkəmədə ilkin ifadələrindən imtina etsə də, bu, nəzərə alınmadı və onun ilkin ifadəsi əsas götürüldü. Həmin ifadədə Kekalov mənim “Abzas Media” ilə heç bir əlaqəm olmadığını demişdi. Deməli, məhkəmə Məhəmmədin ifadəsində digər uşaqlarla bağlı dediyinə inanır, amma mənimlə bağlı dediklərinə yox”, – deyə Mehralızadə bildirib.

İqtisadçı əlavə edib ki, “Azadlıq Radiosu”nda yazdığı iqtisadi məqalələrə görə həbs edildiyini düşünür.

“Mən “Azadlıq Radiosu”nda iqtisadi jurnalistika ilə məşğul idim. 2023-cü ildə müstəqil mediaya qarşı həbs dalğası başlayanda ilk hədəf “Abzas Media” oldu. O zaman saxlanılan hər kəsi “Abzas Media işi”nə qoşurdular. Anar Məmmədli, İmran Əliyev və digərləri. Məni də ona görə bu işə daxil etdilər. Sonradan digərlərinin işi ayrıldı, mən isə qaldım. Həbs ediləndə digərlərindən fərqli olaraq başıma qara torba keçirilib oğurlandım. Bakı Şəhər Baş Polis İdarəsinə aparılanda ordakı əməkdaşlar, müstəntiqlər belə niyə həbs edildiyimi anlaya bilmirdilər”.

Jurnalistin sözlərinə görə, xaricə gedən bir şəxsi qaçaqmal yolu ilə pul gətirməkdə ittiham etmək də absurddur.

Proses martın 13-də davam etdiriləcək. Növbəti iclasda iş üzrə həbs edilən digər şəxslərin də iştirakı nəzərdə tutulur.

2023-cü ilin noyabrından etibarən “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova, həmçinin “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs ediliblər.

Jurnalistlər qaçaqmalçılıq və ağır maliyyə cinayətlərində ittiham olunublar. Onlar isə ittihamları qəbul etmir və cinayət təqibinin jurnalist fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da bu mövqeni dəstəkləyərək jurnalistlərin azadlığa buraxılmasına çağırıblar.

İbtidai və məhkəmə istintaqı birlikdə təxminən iki ilə yaxın davam edib.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.

Sentyabrın 9-da Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun