Ekspert: “TRIPP layihəsi ABŞ üçün real plan yox, daha çox siyasi şou idi”

Ekspert: “TRIPP layihəsi ABŞ üçün real plan yox, daha çox siyasi şou idi” Foto: Abzas Media
17 Mart 2026
Mətni dəyiş

ABŞ-İsrail-İran müharibəsi üçüncü həftəsinə qədəm qoyur. Başlanğıc mərhələ ilə müqayisədə regionda hərbi əməliyyatların intensivliyi müəyyən qədər zəifləsə də, ABŞ və İsrail müharibəni qələbə ilə başa çatdıracaqlarını israrla bəyan edir. İran tərəfi isə sona qədər döyüşəcəyini və təslim olmayacağını bildirir.

“Abzas Media” mövzu ilə bağlı müxtəlif ekspertlərin mövqelərini almaqda davam edir. Budəfəki müsahibimiz xarici siyasət üzrə ekspert, Kuinsi İnstitutunun (Quincy Institute) qeyri-rezident təqaüdçüsü, həmçinin Nobel Sülh Mükafatı laureatı olan “Pugwash” Elm və Dünya İşləri Şurasının üzvü Eldar Məmmədovdur.

Müharibədə növbəti mərhələ: Hörmüz blokadası

Eldar Məmmədovun sözlərinə görə, müharibənin üçüncü həftəsinə keçdiyi bir vaxtda münaqişə artıq regional çərçivəni aşaraq qlobal iqtisadiyyata təsir göstərməyə başlayıb.

“İranın ABŞ və İsrailin təcavüzünə cavab olaraq Hörmüz boğazını blokadaya alması nəticəsində dünya xammal tədarükündə ciddi fasilələr yaranıb. Hazırda dünya neft tədarükünün təxminən 15 faizi kəsilib, Fars körfəzi regionunun əsas ölkələrində isə hasilat və emal prosesinin yarısı dayanıb”, - deyə o bildirir.

Eldar Məmmədov, Xarici siyasət üzrə ekspert

Ekspert hesab edir ki, İsrail İranı öz regional hegemonluğu qarşısında əsas maneə kimi görür və bu dövlətin parçalanmasında, yaxud fəaliyyət qabiliyyətini itirməsində maraqlıdır.

“7 oktyabr 2023-cü il hadisələrindən sonra İsrail özü üçün “mütləq təhlükəsizlik” illüziyasının arxasınca düşüb. Lakin bu, regionun digər bütün aktyorları üçün mütləq təhlükə, yəni qeyri-sabitlik deməkdir”.

Məmmədovun fikrincə, ABŞ-nin bu müharibəyə cəlb olunmasının əsas səbəbi İsraillə olan sıx müttəfiqlik münasibətləridir.

“ABŞ-nin milli maraqları baxımından, xüsusilə 2003-cü ildəki İraq müdaxiləsinin uğursuzluğunu nəzərə alsaq, İranla müharibəyə girməyi tələb edən ciddi amil yoxdur. Tramp Ali Rəhbər Ayətullah Əli Xameneinin öldürülməsi ilə nəticələnən “dekapitasiya” (rəhbərliyin məhv edilməsi) zərbəsinin İran rejiminin süqutuna səbəb olacağına və Amerikanın bütün tələblərini qəbul edəcək yeni bir fiqurun - Venesueladakı Delsi Rodriges tipli siyasətçinin ortaya çıxacağına inanırdı və ya buna inandırılmışdı. Lakin İrandakı tamamilə fərqli güc strukturu səbəbindən bu gözləntilər doğrulmadı”.

Ekspert bildirir ki, İran artıq yeni Ali rəhbər - öldürülmüş Xameneinin oğlu Müctəba Xamenei - seçib və müqaviməti davam etdirir.

“İndi Trampın qarşısında iki yol var: ya dərhal qələbə elan edib geri çəkilmək, ya da gərginliyi artırmaq (eskalasiya). ABŞ-də İranla müharibə populyar deyil və qarşıdan gələn aralıq seçkiləri də nəzərə alınarsa, birinci variant daha məntiqli görünür. Bununla belə, İsrail İranın tamamilə məhvini istəyir və ABŞ-nin köməyi olmadan buna nail ola bilməyəcəyi üçün eskalasiyada israrlıdır”.

“Rza Pəhləvi demokratiya deyil, fərqli bir avtoritarizm modeli təklif edir”

İrandakı daxili siyasi vəziyyətə toxunan Eldar Məmmədov bildirir ki, ölkədəki avtoritar sistem regionun əksər ölkələrində olduğu qədərdir.

“İran hökuməti, şübhəsiz ki, avtoritardır, lakin regionun əksər ölkələrindən daha çox deyil. Ən azından İranda prezident və parlament seçkiləri keçirilir. Bəli, bu seçkilər məhdudlaşdırılıb, çünki yalnız sistem tərəfdarlarının iştirakına icazə verilir, lakin bu çərçivədə belə müəyyən məhdud plüralizm mövcuddur - mühafizəkarlar, sərt xətt tərəfdarları, islahatçılar və s.”.

Onun sözlərinə görə, 2026-cı ilin yanvarında etirazçılara qarşı sərt güc tətbiq edilməsi və nəticədə minlərlə insanın ölməsi hökumətin legitimliyinə ciddi zərbə vurub.

“Belə bir repressiya səviyyəsindən sonra bərpa olunmaq çətindir. Bununla belə, ABŞ və İsrail təhlükəsinin mövcudluğu hökumətə etirazları “fitnə” kimi təqdim etmək üçün bəhanə verib. İran xalqı hökumətdəki korrupsiya, pis idarəçilik və avtoritarizmdən ciddi narazıdır. Lakin etiraz aksiyalarına məscidləri, bankları və digər obyektləri yandıran təxribatçıların da sızdığı faktı var”.

Ekspert vurğulayır ki, iranlılar tez-tez etirazlar və siyasi fəallıq vasitəsilə demokratik idarəçilik istədiklərini nümayiş etdiriblər.

“Bir çox insan bu arzunun reallaşmasını mövcud rejimin devrilməsində görür. Lakin bu, onları avtomatik olaraq sürgündə yaşayan devrilmiş şahın oğlu Rza Pəhləvinin tərəfdarına çevirmir. Çünki o, demokratiya deyil, sadəcə fərqli bir avtoritarizm modeli təklif edir. İranda Pəhləviyə və monarxiyanın bərpasına müəyyən dəstək var, lakin bu, 20 faizdən çox deyil”.

“Küncə sıxılmış İran daha təhlükəli İrandır”

Ekspert hesab edir ki, İranın strategiyası müharibənin davametmə xərclərini artırmaqdır.

“Tehran Fars körfəzində ABŞ-yə, onun tərəfdaşlarına və müttəfiqlərinə ciddi zərər vurmağa çalışır. Müharibənin sonu ABŞ-nin bu prosesə nə qədər resurs ayırmağa hazır olmasından asılı olacaq - sursat, iqtisadi itkilər, əsgər ölümü və yaralanmaları və s.”.

Onun fikrincə, İran üçün bu müharibə mövcudiyyət (ekzistensial) xarakteri daşıyır.

“İran özünü müdafiə etmək üçün əlində olan bütün vasitələrdən istifadə edəcək: raketlər, dronlar, asimmetrik müharibə üsulları və Hörmüz boğazının blokadası”.

Eldar Məmmədov bildirir ki, müharibə nəticəsində İran artıq dəyişib, lakin bu dəyişikliklər müharibəni başladanların gözlədiyi istiqamətdə deyil.

“Ölkə daha liberal deyil, əksinə, daha radikal və hərbiləşmiş bir dövlətə çevrilib. Müharibə şəraitində bu, qaçılmaz idi. Demokratik dəyişikliklər xarici bombalar altında baş vermir. Müctəba Xameneinin İslam İnqilabı Keşikçiləri Korpusu ilə çox sıx əlaqələri var. Onun bütün ailəsi öldürülüb və atasından daha radikal xətt izləyəcəyi göz qabağındadır”.

Ekspert qeyd edir ki, Hörmüz boğazının blokadası artıq Avropa Birliyi üçün də ciddi iqtisadi nəticələr yaradır.

“Neftin qiymətinin yüksəlməsi - hazırda hər barel üçün 100 dollardan çox - Rusiyaya və Vladimir Putinə fayda verir, Ukraynanı isə zəiflədir. Müharibənin davam etməsi və 90 milyondan çox əhalisi olan İranın parçalanması yeni qaçqın axınlarına yol açacaq”.

Onun sözlərinə görə, artıq İranın Kiprdə yerləşən Britaniya hərbi bazasına zərbələr endirdiyi barədə iddialar səslənir.

“Fransa və İtaliya istəmədikləri bu müharibənin iqtisadi ağrısını hiss etdikləri üçün Hörmüzdən keçidlə bağlı İranla danışıqlar aparmağa çalışırlar”.

“AB İranın parçalanmasında maraqlı deyil”

Avropa Birliyinin regiondakı sabitliyə mümkün perspektiv töhfəsinə toxunan Eldar Məmmədov bildirir ki, Brüsselin reaksiyası zəif, parçalanmış və anlaşılmaz görünür.

“İspaniyanın Baş naziri Pedro Sançez ABŞ-nin İspaniyadakı NATO bazalarından istifadəsinə icazə verməməklə müharibəyə qarşı qəti mövqe tutan yeganə liderdir. İtaliya Baş naziri Giorgia Meloni də İspaniyanın mövqeyinə yaxınlaşıb”.

Ekspert qeyd edir ki, Almaniya kansleri Fridrix Merz isə ABŞ və İsrailin addımlarını açıq şəkildə dəstəkləyib.

“Fransa isə hər iki tərəfə sahib olmağa çalışır: Emmanuel Makron müharibəni “beynəlxalq hüquqdan kənar” adlandırır, eyni zamanda Kiprə hərbi gəmi göndərir və müharibənin alovlanmasında ABŞ və İsraili deyil, faktiki olaraq İranı günahlandırmış kimi görünür”.

Məmmədov hesab edir ki, Avropa Birliyinin tərəddüdü ABŞ-nin Ukraynaya dəstəyini itirməmək istəyi ilə bağlıdır.

“Lakin ABŞ aylarla Hindistana Rusiya neftini almamaq üçün təzyiq göstərdikdən sonra indi həm Avropa İttifaqından, həm də Hindistandan həmin alışları bərpa etməyi xahiş edir. Bundan əlavə, AB-nin ABŞ-İsrail müharibəsinə güclü reaksiya verməməsi Ukraynanı beynəlxalq hüquq əsasında müdafiə etdiyini iddia etməsini də zəiflədir”.

Ekspertin fikrincə, Avropa Birliyi İspaniyanın mövqeyini nümunə götürməlidir.

“ABŞ-nin İrana qarşı müharibəsi üçün Avropadakı bazalardan istifadəni rədd etmək, Ukraynaya qarşı təcavüzünə görə haqlı olaraq Rusiyaya tətbiq edilən sanksiyalara bənzər şəkildə İsrailə də sanksiyalar tətbiq etmək və bu müharibəni beynəlxalq hüququn açıq pozuntusu kimi qınamaq AB-nin etməli olduğu minimum addımlar olardı”.

Onun sözlərinə görə, Avropa Birliyi İranın parçalanmasında maraqlı deyil.

“Bu, Avropaya qaçqın axını, enerji şokları və terror qrupları tərəfindən istifadə oluna biləcək təhlükəsizlik boşluğu yaradar”.

Ekspertin fikrincə, İran müharibəsinin yalnız mənfi nəticələri ola bilər:

“Beynəlxalq hüququn daha da aşınması, neft qiymətlərinin, inflyasiyanın və faiz dərəcələrinin artan təsirləri səbəbindən mümkün iqtisadi çöküş… Ümidverici məqam odur ki, ABŞ-dəki seçicilər bu il aralıq seçkilərində prezidentin partiyasını cəzalandıracaq və onun səlahiyyətlərini zəiflədəcəklər. Lakin seçkilər hələ çox uzaqdadır və bu arada, İrandakı müharibə ABŞ üçün problemli olarsa (bu, artıq belədir), Trampın nüvə silahlarının taktiki istifadəsinə qədər kəskin eskalasiyasını istisna etmirəm. Bunun qaçılmaz olduğunu demirəm, amma bu administrasiyanın səriştəsizliyi, aqressivliyi və qəddarlığını müşahidə etdikdə, onların nüvə silahından istifadə edə biləcəyini qeyri-mümkün hesab etmirəm”, - deyə o bildirir.

“Cənubi Qafqaz və Türkiyə risklərin fərqindədirlər”

Ekspert hesab edir ki, Türkiyə və Cənubi Qafqaz ölkələri beynəlxalq hüququn tərəfində qətiyyətlə dayanmalıdırlar.

Türkiyə və Cənubi Qafqaz ölkələri beynəlxalq hüququn tərəfində qətiyyətlə dayanmalıdırlar, çünki bu, onların uzunmüddətli təhlükəsizliyinin əsas dayağıdır. Bu, xüsusilə Azərbaycan, Ermənistan və Gürcüstan kimi kiçik dövlətlər üçün vacibdir. Bu müharibəni pisləmək və bütün diplomatik vasitələrlə onun dayandırılmasını tələb etmək lazımdır Bombalama deyil, yalnız sülh bu ölkələrlə İran arasında daha yaxşı münasibətlər üçün şərait yarada bilər”.

Məmmədovun sözlərinə görə, müharibə nə qədər uzun davam etsə, regiona təsir edən təhlükələr də bir o qədər artacaq.

“Məsələn, Naxçıvan hava limanı yaxınlığında dronların uçması və dörd mülki şəxsin yaralanması kimi hadisələrin miqyası genişlənə bilər”.

Ekspert hesab edir ki, region ölkələri bu risklərin fərqindədir.

“Naxçıvanda dron hücumundan sonra Vaşinqtondakı Hadson İnstitutunun bəzi nümayəndələri və İranda etnik separatizmi təbliğ etmək tarixçəsi olan Brenda Şaffer kimi şəxslər Azərbaycanı İrana qarşı müharibəyə qoşulmağa çağırırdılar. Lakin Azərbaycan hökuməti ağıllı şəkildə İranla gərginliyi artırmamağı seçdi. Bu, düzgün seçimdir və ümid edirəm ki, Bakı buna sadiq qalacaq”.

“TRIPP layihəsi hazırda ABŞ üçün prioritet deyil”

Eldar Məmmədovun fikrincə, İranda davam edən müharibə fonunda TRIPP layihəsi ABŞ üçün hazırda prioritet məsələ deyil.

TRIPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı Ermənistan ərazisi vasitəsilə birləşdirəcək nəqliyyat dəhlizi kimi nəzərdə tutulur.

“Hətta başlanğıcdan belə bu layihə Vaşinqtonun maliyyə və siyasi iradə ilə dəstəklədiyi konkret planlardan çox sadəcə niyyət xarakteri daşıyırdı. Tramp və onun administrasiyası ilə bağlı bir çox məsələlərdə olduğu kimi, bu da daha çox şou xarakteri daşıyırdı - əsas məqsəd Vaşinqtonda Əliyev və Paşinyan arasında görüş təşkil etmək idi ki, Tramp müharibəyə son qoyduğunu iddia edib Nobel Sülh Mükafatına layiq olduğunu deyə bilsin”.

Ekspert əlavə edir ki, Tramp administrasiyası diqqətini bir mövzuda cəmləməkdə çətinlik çəkir.

“Bu administrasiya təməl diplomatik səriştəsizliyi və diqqətin tez-tez dəyişməsi ilə tanınır. İrandakı müharibə fonunda Vaşinqtonun TRIPP layihəsi ilə bağlı detallı və etibarlı addım atacağı daha da az inandırıcı görünür”.

Müəllif: Cəsur Məmmədov

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun