Casusluq və dövlətə xəyanət ittihamları üzrə keçirilən məhkəmə prosesində Fransa vətəndaşı Martin Rayn 10 il, Azərbaycan vətəndaşı Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
“APA” xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) başladığı cinayət işi üzrə yekun məhkəmə iclası martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.
Hökmə əsasən, Fransa vətəndaşı Martin Rayn 10 il, Azərbaycan vətəndaşı Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Məhkəmə qərarına görə, Martin Rayn cəzasını tam çəkdikdən sonra Azərbaycandan deportasiya olunacaq.
İttiham aktına görə, Martin Raynın Fransa xeyrinə casusluq fəaliyyəti ilə məşğul olması barədə “əsaslı şübhələr” müəyyən edilib. Bildirilir ki, o, Azərbaycanda istehsal olunan silah və sursatlar, 2020-ci ildə baş vermiş 44 günlük müharibə zamanı Azərbaycan ordusunun komplektləşdirilməsi, Silahlı Qüvvələrdə xidmət edən və ya ehtiyatdan tərxis olunmuş şəxslər, həmçinin xaricdə Fransa təhsili almış şəxslər barədə məlumat toplamaq üçün göstərişlər alıb.
İstintaq materiallarında iddia olunur ki, ondan Azərbaycanda fəaliyyət göstərən xarici vətəndaşlar və hüquqi şəxslər, eləcə də Fransa kəşfiyyatının adından Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürmələrinin təşkili imkanları barədə məlumat toplaması da tələb olunub.
Raynın həmçinin Azərbaycanın Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali və Mərkəzi Asiya dövlətləri ilə əlaqələri, hərbi əməkdaşlıq proqramları, ölkəyə idxal olunan silah və sursatlar barədə məlumat toplamaq tapşırığı aldığı iddia olunur.
İttihama görə, Martin Raynı Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) əməkdaşları gizli əməkdaşlığa cəlb edib. Sonradan həmin əməkdaşlar Bakıda “arzuolunmaz şəxs” (“persona non grata”) elan edilərək ölkədən çıxarılıb.
İş materiallarına əsasən, təqsirləndirilən şəxsləri 2023-cü il dekabrın 4-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıblar.
Martin Rayn “Merkorama” MMC-nin baş direktoru olub və ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) ilə ittiham irəli sürülüb. Eyni cinayət işi çərçivəsində Azad Məmmədliyə isə Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham verilib