BMT-yə təqdim olunan bəyanat: “Azərbaycanda işgəncə və hüquq pozuntuları sistemli xarakter daşıyır”

BMT-yə təqdim olunan bəyanat: “Azərbaycanda işgəncə və hüquq pozuntuları sistemli xarakter daşıyır” Foto: sosial media
30 Mart 2026
Mətni dəyiş

BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyasında Azərbaycanda işgəncə və insan hüquqlarının pozulması ilə bağlı yazılı bəyanat təqdim olunub. Sənədi xüsusi məşvərətçi statusuna malik qeyri-hökumət təşkilatı “Institute for Human Rights” təqdim edib.

“Azərbaycanda işgəncə və insan hüquqlarının pozulması” adlı bəyanatda qeyd olunur ki, 2024–2025-ci illərdə Azərbaycan hökuməti vətəndaş mühitini misli görünməmiş səviyyədə məhdudlaşdırıb. Sənədə görə, media, qeyri-hökumət təşkilatları və iqtisadi fəaliyyətləri tənzimləmək adı ilə qəbul edilən qanunlar müstəqil jurnalistikanın sıradan çıxarılması, fəalların susdurulması və siyasi müxalifətin marginallaşdırılması üçün istifadə olunub.

Bəyanatda bildirilir ki, kütləvi həbslər, təzyiqlər və “nümayiş xarakterli məhkəmələr” ölkənin BMT İqlim Dəyişikliyi Konfransı – COP29-a ev sahibliyi etməsi ərəfəsində sürətlənib və bundan sonra da davam edib.

Sənədə əsasən, işgəncə və qeyri-insani rəftar ayrı-ayrı hallar deyil, dövlət institutlarında kök salmış sistemli praktikadır. Daxili İşlər Nazirliyi və onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) saxlanılan şəxsləri rəsmi qeydiyyata alınmadan əvvəl uzun müddət ətrafdan təcrid edilmiş halda saxladığı qeyd olunur. Bu müddətdə isə etiraf və ya rəqəmsal məlumatlara çıxış əldə etmək üçün döymə, elektrik şoku və zorlama ilə hədələrdən istifadə edildiyi iddia olunur.

Akademik Fazil Qasımovun məhkəmədə polis əməkdaşlarının onun başını unitaza saldığını və iqtisadçı Qubad İbadoğlu əleyhinə ifadə almaq üçün elektrik şokundan istifadə etdiyini bildirdiyi qeyd edilir. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) isə fəaliyyət dairəsini genişləndirərək alim və tədqiqatçıları hədəf aldığı, doktorantlar Bəhruz Səmədov və İqbal Əbilovun 2024-cü ildə elmi fəaliyyəti və sülh təşəbbüslərinə görə dövlətə xəyanətdə ittiham olunduqları vurğulanır.

Bəyanatda penitensiar xidmət və rayon polis idarələrinin tibbi yardımdan məhrum etmə, zorakılıq və məcburi ifadələr vasitəsilə bu praktikanı davam etdirdiyi bildirilir. “Abzas Media”nın direktoru Ülvi Həsənlinin 2024-cü ilin yanvar–iyul aylarında saxlanıldığı müddətdə azı 58 işgəncə və ya pis rəftar faktını sənədləşdirdiyi qeyd olunur.

Sənədə görə, fiziki işgəncə geniş yayılıb. Elektrik şoku, döymə və cinsi zorakılıq hədələri ilə sənədlərin imzaladılması və telefon parollarının alınması adi hal kimi təqdim olunur. 2024-cü ilin aprelində bloqer İmran Əliyevin məhkəmədə saxlanılarkən elektrik şokuna məruz qaldığını və sonradan döyüldüyünü bildirdiyi qeyd edilir.

Psixoloji işgəncənin də fiziki zorakılıqla paralel tətbiq olunduğu vurğulanır: saxlanılan şəxslərin təcrid edildiyi, yuxudan və tibbi yardımdan məhrum edildiyi, ailə üzvləri ilə hədələndiyi bildirilir.

Bəyanatda konkret işgəncə üsulları ayrıca sadalanır:

  • Elektrik şoku: sənədlərin imzaladılması üçün geniş istifadə olunur;
  • Döymə və küt alətlə zərbələr: saxlanılanların başına, çiyinlərinə və ayaqlarına zərbələr endirilməsi halları qeyd edilir. 2024-cü ilin əvvəlində 5 saylı cəzaçəkmə müəssisəsində məhbus Sübhan Ağayevin vəfatının bu metodların ölümcül nəticələrini ortaya qoyduğu bildirilir;
  • Cinsi zorakılıq hədələri: qadın jurnalistlərin və dini fəalların zorlanma ilə hədələndiyi qeyd olunur. 2025-ci ilin mayında saxlanılan jurnalist Ülviyyə Əlini (Quliyeva) polisin döydüyü və telefon parolunu almaq üçün zorakılıqla hədələndiyi bildirilir;
  • Ailə üzvləri ilə hədələr və tibbi yardımdan məhrumetmə: bəzi hallarda saxlanılanlara ifadə vermədikləri təqdirdə yaxınlarının zorlanacağı ilə hədələr edildiyi iddia olunur.

Bəyanatda qeyd edilir ki, 2023-cü ildən etibarən müstəqil mediaya qarşı kampaniya güclənib və 2025-ci ilə qədər davam edib. “Abzas Media”, “Meydan TV”, “Toplum TV” və digər media qurumlarının əməkdaşlarına qarşı qaçaqmalçılıq, vergi və dələduzluq ittihamlarının irəli sürüldüyü bildirilir.

Jurnalistlərin Azadlığı və Təhlükəsizliyi İnstitutunun (IRFS) hesabatına istinadən qeyd olunur ki, 2025-ci ilin dekabrına qədər Azərbaycanda azı 24 jurnalist həbsdə olub, onlardan 20-si xarici maliyyələşmə ittihamı ilə 2023-cü ildən bəri həbs edilib. 2025-ci ilin iyununda “Abzas Media işi” üzrə həbs edilən yeddi jurnalistin 9 ilə qədər azadlıqdan məhrum edildiyi bildirilir.

2025-ci il mayın 6-7-də “Amerikanın Səsi” ilə əməkdaşlıq edən jurnalist Ülviyyə Əlinin saxlanıldığı, onun ifadəsinə görə, istintaq zamanı başına zərbələr endirildiyi, saçının çəkildiyi və iki dəfə zorlanma ilə hədələndiyi qeyd olunur. Onun əvvəllər beyin şişindən əziyyət çəkdiyi və tibbi müayinə tələbinin cavabsız qaldığı bildirilir.

Sənədə görə, gənc fəallar da simvolik aksiyalara görə hədəfə alınıb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elbəyi Kərimlinin 2023-cü ildə Heydər Əliyevin heykəlinə “Stalin” yazdığı üçün saxlanıldığı, ona qarşı sübutların saxtalaşdırılması ilə hədələndiyi və sonda narkotik ittihamı ilə 6 il həbs cəzası aldığı bildirilir. O, 2025-ci il mayın 23-də aclıq aksiyasına başlayıb və həmin ilin dekabrında həbsdə ölüb. Rəsmi qurumlar ölümü intihar kimi təqdim etsə də, müstəqil araşdırmaya imkan verilmədiyi qeyd olunur.

Bəyanatda qeyd edilir ki, müxalifət üzvləri və vətəndaş cəmiyyəti fəalları geniş repressiyalarla üzləşir, məhkəmələr isə “xırda xuliqanlıq”, dələduzluq və narkotik ittihamlarından istifadə edərək onları həbs edir.

Həbs yerlərində vəziyyətin ağır olduğu vurğulanır. “Amnesty International”ın 2026-cı ilin yanvar bəyanatına əsasən, 8-10 nəfərlik kamerada 15-18 nəfərin saxlanıldığı, sanitar şəraitin zəif olduğu və tibbi yardımın verilmədiyi bildirilir.

2025-ci ilin sentyabrında “Abzas Media” jurnalistləri Nərgiz Absalamova, Elnarə Qasımova və Sevinc Vaqifqızının (Abbasova) Bakıdakı istintaq təcridxanasından Lənkəran rayonundakı cəzaçəkmə müəssisəsinə ailələrinə xəbər verilmədən köçürüldüyü qeyd edilir.

Sənəddə vurğulanır ki, Azərbaycan qanunvericiliyi işgəncəni qadağan etsə də, praktikada məhkəmələr zorla alınmış ifadələri qəbul edir və işgəncə iddialarını araşdırmır. 2025-ci ilin sonunda qəbul edilən dəyişikliklərin vəkillər üzərində nəzarəti artırdığı və müdafiə materiallarının müsadirəsinə imkan verdiyi bildirilir.

Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsinin 2024-cü ilin iyulunda Azərbaycanın əməkdaşlıqdan imtinasını öhdəliklərin pozulması kimi qiymətləndirdiyi qeyd olunur.

Bəyanatda dini fəalların, xüsusilə “Müsəlman Birliyi Hərəkatı” ilə əlaqəli şəxslərin də işgəncə iddiaları ilə üzləşdiyi bildirilir. Saxlanılan şəxslərin stula qandallanaraq döyüldüyü, zorlanma ilə hədələndiyi qeyd olunur.

Sənədin sonunda qeyd edilir ki, 2024–2025-ci illərə dair məlumatlar Azərbaycanda işgəncə, məcburi etiraflar, əsassız cinayət təqibləri və hüquqi təminatların pozulmasının hüquq-mühafizə və məhkəmə sistemində qalmaqda davam etdiyini göstərir. Bu hallar media nümayəndələri, alimlər və siyasi müxalifət daxil olmaqla cəmiyyətin müxtəlif təbəqələrinin oxşar təzyiq mexanizmləri ilə üzləşdiyini ortaya qoyur.

Bəyanatda vurğulanır ki, bu praktika BMT-nin İşgəncələrə Qarşı Konvensiyası, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Avropa İnsan Hüquqları Konvensiyası üzrə Azərbaycanın öhdəliklərinin pozulması kimi qiymətləndirilir.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun