Avropa Şurası Jurnalistlərin Müdafiəsi və Təhlükəsizliyi Platformasının tərəfdaş təşkilatları 2025-ci il üzrə illik hesabatda mətbuat azadlığının davamlı və sistemli təzyiqlər altında olduğunu bildirir. Sənəddə Azərbaycan həm jurnalist həbslərinin miqyasına, həm də media qanunvericiliyinin sərtləşdirilməsinə görə ayrıca vurğulanır. Azərbaycanın Medianın İnkişafı Agentliyi (MEDİA) isə sənəddə yer alan qiymətləndirmələri qərəzli və spekulyativ adlandırıb.
Hesabata görə, 2025-ci ilin sonuna Avropada ən azı 148 jurnalist və media əməkdaşı həbsdə olub və bu siyahıda Rusiya 58 nəfərlə birinci, Azərbaycan isə 36 nəfərlə ikinci yerdə göstərilir.
“Dönüş nöqtəsində: Mətbuat Azadlığı 2025” adlı illik qiymətləndirmədə bildirilir ki, Avropa məkanında jurnalistlərə qarşı hüquqi təhdidlər, media üzərində nəzarət, onlayn və oflayn təzyiqlər, eləcə də transmilli repressiyalar daha sistemli xarakter alıb. Platforma 2015-ci ilin aprelindən bəri Avropa Şurasına üzv dövlətlər, eləcə də Rusiya və Belarus üzrə media azadlığı ilə bağlı 2300-dən çox xəbərdarlıq dərc etdiyini, 2025-ci ildə isə xəbərdarlıqların sayının 330-u keçdiyini qeyd edir.
Azərbaycan: həbslər, qanunlar və nəzarətin genişlənməsi
Hesabat Azərbaycan üzrə ayrıca bölmədə 2023-də başlandığı deyilən repressiya dalğasının 2025-də davam etdiyini yazır. Sənəddə Azərbaycanda 36 jurnalistin həbsdə olduğu göstərilir və bu göstəricini “Amnesty International” təşkilatı Azərbaycanın Avropa Şurasına üzv olduğu 2001-ci ildən bəri siyasi motivli ittihamlarla həbs olunan media işçiləri üzrə ən yüksək rəqəm kimi dəyərləndirir.
Hesabatda 2025-ci il iyulun 14-də edilən dəyişikliklərlə media qanunvericiliyinin daha da sərtləşdirildiyi bildirilir. Qeyd olunan müddəalar arasında xarici media qurumlarının qısa müddətdə reyestr tələbləri, saytların bloklanması səlahiyyətinin saxlanması, xəbər agentlikləri üçün əlavə müqavilə tələbləri, çap mediasında “ictimai asayişə, mənəvi dəyərlərə və etik normalara zidd” ifadələrə qadağalar
xüsusilə vurğulanır. “Abzas Media”, “Meydan TV”, “Toplum TV” və “Kanal 13”ün hazırda mühacirətdə fəaliyyət göstərdiyi və onların Azərbaycanda çalışan əməkdaşları olmadığı qeyd olunur.
Sənədə görə:
- Xarici media qurumları dövlət qeydiyyatından sonra yeddi gün ərzində media reyestrində qeydiyyata alınmalıdır, əks halda ləğv riski ilə üzləşir;
- Hakimiyyət media qurumlarının saytlarına çıxışı məhdudlaşdırmaq səlahiyyətini özündə saxlayır;
- Xəbər agentlikləri fəaliyyət göstərmək üçün azı 20 yerli media qurumu ilə müqavilə bağlamalıdır. Bu müddəanın “Turan” İnformasiya Agentliyinin fəaliyyətini bərpa etməsinin qarşısını almaq məqsədi daşıdığı ehtimal edilir;
- Çap mediasında “ictimai asayişə, mənəvi dəyərlərə və etik normalara zidd” ifadələr qadağan olunur.
Hesabat müəlliflərinə görə, bu müddəalar hakimiyyətə jurnalistlərə qarşı özbaşına addımlar üçün geniş imkan yaradır.
“Ötən ilin noyabrında Prezident İlham Əliyev dövlət nəzarət səlahiyyətlərini genişləndirən yeni mərkəzləşdirilmiş rəqəmsal platformanın yaradılması haqqında fərman imzalayıb. İnsan Hüquqları Təşkilatı “Human Rights Watch”un nümayəndəsi Giorgi Qogianın yazdığına görə, Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi (MİRAS) adlanan bu sistem Dövlət Təhlükəsizliyi Xidmətinin nəzarəti altında olacaq və 2026-cı ilin mayına qədər tam fəaliyyətə başlayacaq”.
Sənəddə 2025-ci il iyunun 20-də “Abzas Media işi” üzrə bir qrup media əməkdaşına - direktor Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, direktor müavini Məhəmməd Kekalov, həmçinin iqtisadçı və “Azadlıq Radiosu”nun əməkdaşı Fərid Mehrəlizadə - 7 il 6 aydan 9 ilədək həbs hökmlərinin çıxarıldığı xatırladılır, ittihamlar arasında “valyuta qaçaqmalçılığı”, “çirkli pulların yuyulması”, “vergidən yayınma” və s. yer aldığı bildirilir. Jurnalistlərin ittihamları rədd etdiyi və prosesi siyasi motivli saydığı qeyd olunur.
Həmçinin “Kanal 13”ün direktoru Əziz Orucovun, “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın, “Amerikanın Səsi”nin Azərbaycan bürosunun əməkdaşı olan müstəqil jurnalist Ülviyyə Əlinin (Quliyeva) və “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədlinin adları çəkilir və həbsləri pislənilir.
Sürgündəki jurnalistlər: qiyabi proseslər və transmilli təzyiq iddiaları
Hesabatda “Human Rights Watch”a istinadla 2025-ci ilin noyabrında Azərbaycanın sürgündəki jurnalist və tənqidçilərə qarşı addımları sərtləşdirdiyi, o cümlədən qiyabi həbslər və axtarış qərarlarının artdığı qeyd olunur. Nümunə kimi Fransada yaşayan bloger Məhəmməd Mirzəlinin 2025-ci ilin sentyabrında qiyabi olaraq 6 il 6 ay həbsə məhkum edilməsi, ABŞ-də yaşayan aparıcı Sevinc Osmanqızı və sürgündəki bloger Abid Qafarov barədə cinayət işi iddiaları, 2026-cı il yanvarın 14-də Abid Qafarov, Sevinc Osmanqızı və Beydulla Manafov haqqında qiyabi məhkəmə keçirildiyi və hər birinin 8 il həbsə məhkum edildiyi barədə məlumatlar sadalanır.
İctimai yayım mediası: Azərbaycan da “struktur təhdidlər” siyahısında
Hesabatda 2025-ci ilin sentyabrında Platforma tərəfdaşlarının Azərbaycan daxil olmaqla altı ölkədə (Azərbaycan, Bosniya və Herseqovina, Gürcüstan, Macarıstan, Slovakiya, Türkiyə) ictimai yayım mediasına qarşı struktur təhdidlərlə bağlı sistemli xəbərdarlıqlar yaydığı bildirilir. Azərbaycanla bağlı bölmədə “İctimai Televiziya”nın (İTV) formal hüquqi çərçivəyə baxmayaraq, praktikada redaksiya və maliyyə müstəqilliyi baxımından problemli olduğu, plüralizmin zəif qaldığı iddia olunur.
Digər ölkələrdən qısa: müharibə, etirazlar, “xarici agent” modeli
Hesabatda 2025-ci ildə “qaynar nöqtələr” kimi Belarus, Gürcüstan, Serbiya, Rusiya, Türkiyə və Ukraynanın işğal olunmuş əraziləri göstərilir. Rusiya–Ukrayna müharibəsi fonunda jurnalistlərə qarşı risklərin artdığı, xüsusən dron hücumlarının cəbhəyə yaxın əraziləri daha təhlükəli etdiyi qeyd olunur.
Etiraz aksiyalarının işıqlandırılması zamanı jurnalistlərə fiziki hücumların artdığı bildirilir: Platformada qeydə alınan 344 xəbərdarlığın 90-sı (26 faiz) fiziki hücumlarla bağlıdır. Nümunələr arasında Gürcüstanda kütləvi etirazlar, Serbiyada Novi Sad hadisəsindən sonra aksiyalar göstərilir. İtaliyada isə RAI yayımçısının araşdırmaçı jurnalisti Siqfrido Ranuççinin evi yaxınlığında avtomobil partlayışı barədə məlumat xatırladılır.
Hesabat eyni zamanda “xarici agent” yanaşmasının Rusiyadan region ölkələrinə yayılması, SLAPP iddiaları, jurnalistlərin izlənməsi və casus proqramlardan istifadəyə dair narahatlıqları, eləcə də Avropa İttifaqının Media Azadlığı Aktı (EMFA) və anti-SLAPP mexanizmlərinin effektiv tətbiqi çağırışlarını önə çəkir.
“Kritik mərhələ” xəbərdarlığı
Sənədə görə, 2025-ci ildə yayımlanan xəbərdarlıqların yalnız üçdə birindən azına hökumətlər cavab verib, 2015-dən bəri isə xəbərdarlıqların cəmi 20 faizi “həll olunmuş” sayılır. Platforma tərəfdaşları bunun siyasi bəyanatlarla real müdafiə mexanizmləri arasında uçurum yaratdığını bildirir və Avropa Şurası ilə Avropa İttifaqını daha sərt nəzarət, hesabatlılıq və icra addımlarına çağırır.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Avropa Şurası Jurnalistlərin Müdafiəsi və Təhlükəsizliyi Platformasının 2025-ci il üzrə mətbuat azadlığı hesabatına münasibət bildirib.
Agentlik hesabatda Azərbaycanın media mühiti ilə bağlı birtərəfli və qərəzli mülahizələrin yer aldığını qeyd edib. Bəyanatda xüsusilə “Media haqqında” Qanuna 2025-ci ildə edilmiş dəyişikliklərlə bağlı irəli sürülən yanaşmaların spekulyativ xarakter daşıdığı vurğulanıb.
Qurumun bildirdiyinə görə, qanuna edilən dəyişikliklər media ictimaiyyətinin tövsiyə və təklifləri nəzərə alınmaqla hazırlanıb və əsas məqsəd informasiya mühitinin sağlamlaşdırılması, media brendinin möhkəmləndirilməsi, peşəkar jurnalistin nüfuzunun artırılması və informasiya məkanında neqativ hallara qarşı dövlət tənzimlənməsinin çevikliyinin təmin edilməsidir.
Agentlik hesabatda çap mediası ilə bağlı səsləndirilən fikirlərin də əsassız olduğunu bildirib. Qeyd olunub ki, dəyişikliklər media subyektlərinin adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd, istifadəçiləri yanıltmağa yönəlmiş ifadələrin istifadəsini qadağan edir və bu yanaşma beynəlxalq praktikada da tətbiq olunur.
Bəyanatda həmçinin vurğulanıb ki, Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinə görə hər hansı məhdudiyyət yoxdur və ifadə azadlığı hüquqi və praktiki olaraq təmin edilir. Hesabatda adı çəkilən şəxslərlə bağlı isə bildirilib ki, onlara qarşı irəli sürülmüş ittihamlarla peşə fəaliyyəti arasında əlaqə yoxdur və bu iddialar manipulyasiya cəhdi kimi qiymətləndirilib.
Agentlik əlavə edib ki, media subyektlərinin qeydiyyatı və Media Reyestrinə daxil edilməsi tələbi ölkədə fəaliyyət göstərən bütün media qurumlarına, o cümlədən xarici media subyektlərinin filial və nümayəndəliklərinə şamil olunur və bu yanaşma texniki-təşkilati xarakter daşıyır.
Sonda qeyd olunub ki, Azərbaycanla bağlı bu cür hesabatlar hazırlanarkən rəsmi mövqeyin nəzərə alınmaması və faktlar əvəzinə subyektiv mülahizələrə üstünlük verilməsi təəssüf doğurur.