Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Bakının Səbail rayonundakı mənzilin qanunsuz söküldüyünə və buna görə Azərbaycan hökumətinin 130 min avrodan çox təzminat ödəməli olduğuna qərar verib.
Martın 24-də açıqlanan qərarda Azərbaycan dövlətinin ərizəçilərin mülkiyyət hüququnu pozduğu tanınıb.
İş üzrə ərizəçilər Səbail rayon sakinləri Yelena Gennadyevna Məmmədova və onun oğlu Zaur Elçin oğlu Məmmədovdur.
AİHM-in qərarında bildirilir ki, iş ərizəçilərin təcili qəzalı vəziyyətdə olduğu iddia edilən mənzilinin qanunsuz sökülməsi ilə bağlıdır.
Məhkəmə materiallarına görə, 2016-cı ildə verilmiş mülkiyyət şəhadətnaməsinə əsasən, ərizəçilər Bakının Səbail rayonunda yerləşən mənzilin ortaq mülkiyyətçiləri olublar.
Həmin il Nazirlər Kabineti Bakının bir neçə rayonu, o cümlədən Səbail rayonu üzrə sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında qərar qəbul edib. Qərarda qəzalı vəziyyətdə olan binaların sökülməsi, onların yerində müasir standartlara uyğun yeni binaların tikilməsi, sakinlərin mənzil və yaşayış şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub. Sənədə əsasən, Səbail rayonunda 535 mənzildən ibarət, 1819 nəfərin yaşadığı 41 yaşayış binasının sökülməsi və yenidən qurulması planlaşdırılıb.
Martın 7-də Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət üzrə dövlət agentliyinin tərkibində fəaliyyət göstərən “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu ərizəçilərin yaşadığı binaya dair vizual texniki baxış rəyi verib. Həmin rəydə bildirilib ki, bina 1899-cu ildə tikilib, uzun müddət təmir olunmadığı üçün fiziki cəhətdən köhnəlib və aşınıb.
Martın 28-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı qəzalı vəziyyətdə olan binanın sökülməsinə və yerində çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilməsi haqqında 42 saylı sərəncam imzalayıb. Sənəddə yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi, sakinlərin kirayə mənzillərə köçürülməsi üçün maliyyənin təmin olunması və sonradan yeni tikilən binada onlara mənzil verilməsi öhdəliyinin də “F.B.” kooperativinin üzərinə qoyulduğu göstərilib.
İş materiallarından görünür ki, həmin gün Səbail Rayon İcra Hakimiyyəti ilə “F.B.” kooperativi arasında ayrıca müqavilə də bağlanıb. Müqaviləyə görə, kooperativ mənzil sahibləri ilə razılaşma əldə etməli, onlarla müqavilə bağlamalı, köçürülmə xərclərini və əvvəlki mənzilə yaxın ərazidə oxşar yaşayış sahəsinin kirayəsini ödəməli, daha sonra isə yeni tikilən binada əvvəlki mənzildən kiçik olmayan təmirli mənzil verməli idi.
Qərarda qeyd olunur ki, mayın 6-da “F.B.” kooperativi bina sakinlərinə planlaşdırılan söküntü və yeni yaşayış kompleksinin tikintisi barədə məlumat verib.
Bundan sonra ölkədaxili məhkəmə çəkişmələri başlayıb.
Avqustun 2-də birinci ərizəçi həmin binada yaşayan daha iki şəxslə birlikdə Səbail Rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə müraciət edib. Onlar martın 28-də verilmiş sərəncamın etibarsız sayılmasını və mənzillərinin hər kvadratmetrinə görə 3 min manat məbləğində kompensasiya ödənilməsini istəyiblər. Sonradan iddia dəyişdirilərək “F.B.” də üçüncü şəxs qismində işə cəlb olunub. İddiaçılar bildiriblər ki, onlara sərəncamın surəti verilmədən və tikilməsi nəzərdə tutulan yeni bina ilə bağlı rəsmi təminatlar təqdim edilmədən mənzillərini tərk etməyə və “F.B.”nin təklifini qəbul etməyə məcbur ediliblər.
Avqustun 13-də, yəni, bu məhkəmə araşdırması davam etdiyi vaxt ərizəçilərin mənzili və həmin binadakı digər mənzillər sökülüb. Ərizəçilər söküntü zamanı ölkə xaricində olublar.
Bakı İnzibati-İqtisadi Məhkəməsi həmin il, noyabrın 30-da kompensasiya tələbinə dair hissəni iddiaçıların bu tələblə əvvəlcədən icra hakimiyyətinə müraciət etməməsi səbəbindən rədd edib.
Həmin gün məhkəmə sərəncamın etibarsız sayılması tələbi üzrə də iddianı rədd edib. Məhkəmə Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinə istinad edərək icra hakimiyyətinin sərəncamının məcəllənin tələblərinə uyğun olduğunu bildirib. Məhkəmənin qənaətinə görə, iddiaçıların mülkiyyət hüquqları pozulmayıb, əksinə, onlara əvvəlki mənzillərindən 10 faizdən çox böyük, təmirli mənzillər veriləcək, yeni bina tikilənə qədər isə kirayə xərcləri ödənəcək.
Bu qərar daha sonra Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılıb.
Ali Məhkəmə 2018-ci il yanvarın 30-da kassasiya şikayətini də rədd edib. Məhkəmə Mənzil Məcəlləsinin 28-ci maddəsinin qəzalı vəziyyətdə olan mənzillərin və yaşayış binalarının yenidən qurulması və yenidən planlaşdırılması ilə bağlı olduğunu, bu işdə isə aidiyyəti dövlət qurumunun təmir işlərinin mümkün olmadığını göstərən rəy verdiyini əsas gətirərək həmin maddənin tətbiq olunmadığını bildirib. Ali Məhkəmə həmçinin qeyd edib ki, dövlət fərdlərin mülkiyyət hüququnun təmin edilməsi üçün xüsusi tədbirlər görüb, Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib və həmin qərarın icrası üçün rayon icra hakimiyyəti müvafiq sərəncam verib.
Bundan sonra ərizəçilər maddi təzminat tələbilə yenidən məhkəməyə müraciət ediblər, lakin məhkəmə onların bu iddiasını da təmin etməyib.
Sonrakı məhkəmə instansiyaları da qərarı qüvvədə saxlayıb.
AİHM qərarında qeyd edir ki, Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli qərarı sonradan, 2019-cu il dekabrın 17-də ləğv edilib.
Bundan əlavə, “F.B.” 2020-ci ilin fevralın 25-də, oktyabrın 26-da və dekabrın 7-də birinci ərizəçiyə məktublar göndərərək yeni tikilmiş binada onun üçün ayrılmış mənzilin təhvil alınması ilə bağlı rəsmiləşdirmələr üçün ofisə gəlməyi təklif edib. Məktublarda yeni mənzilin sahəsi göstərilməyib. Birinci ərizəçi bu dəvətlərə cavab verməyib və yeni mənzili qəbul etməyib. İş materiallarında, həmçinin, göstərilir ki, ərizəçilər “F.B.” ilə müqavilə bağlamaqdan imtina etdikləri üçün yeni bina tikilən dövrdə kirayə xərclərinə görə onlara heç bir ödəniş edilməyib.
Ərizəçilər AİHM qarşısında iddia ediblər ki, mənzillərinin sökülməsi qanunsuz olub və onlara heç bir kompensasiya verilməyib. Onlar Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə, yəni mülkiyyətdən dinc istifadə hüququna istinad ediblər.
Məhkəmə əvvəlcə qeyd edib ki, tərəflər arasında mənzilin ərizəçilərin xüsusi mülkiyyətində olması mübahisə doğurmur və buna görə də həmin mənzil Konvensiya baxımından onların “əmlakı” sayılır.
AİHM daha sonra vurğulayıb ki, dövlət orqanlarının ərizəçilərin əmlakına müdaxiləsi baş verib və mənzilin sökülməsi 1 saylı Protokolun 1-ci maddəsinin ikinci cümləsi mənasında “əmlakdan məhrumetmə” təşkil edir.
Lakin əsas mübahisə bu müdaxilənin qanuniliyi ilə bağlı olub.
Məhkəmə xatırladıb ki, 1 saylı Protokolun 1-ci maddəsinin ilk və ən mühüm tələbi odur ki, dövlət orqanlarının əmlakdan dinc istifadə hüququna hər hansı müdaxiləsi qanuni olmalıdır. Bu anlayış ilk növbədə belə müdaxilənin daxili hüquqda əsasının olmasını tələb edir. Eyni zamanda, həmin hüquq norması əlçatan, dəqiq və qabaqcadan proqnozlaşdırıla bilən olmalıdır.
AİHM müəyyən edib ki, ərizəçilərin mənzili birinci daxili məhkəmə icraatı davam etdiyi vaxt, özü də onlar ölkə xaricində olarkən sökülüb. Səbail Rayon İcra Hakimiyyəti bu söküntüyə 28 mart 2016-cı il sərəncamı ilə icazə verib və bu sərəncam Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarına, həmçinin “Azərdövlətlayihə” institutunun rəyinə əsaslanıb.
Ərizəçilər istər daxili məhkəmələrdə, istərsə də AİHM qarşısında Mənzil Məcəlləsinin 28-ci maddəsinə istinad edərək bildiriblər ki, binanın qəzalı vəziyyətdə olub-olmamasını yalnız məhkəmə qərarı müəyyən edə bilərdi və təkcə texniki rəy bunun üçün yetərli deyildi. Onlar, həmçinin, Nazirlər Kabinetinin bu cür qərar qəbul etmək səlahiyyətinin daxili hüquqda nəzərdə tutulmadığını iddia ediblər.
AİHM Mənzil Məcəlləsinin 28.3 və 28.4-cü maddələrini təhlil edərək qeyd edib ki, bina və ya mənzilin qəzalı vəziyyətdə olması maraqlı şəxslərin və ya aidiyyəti dövlət orqanının iddiası əsasında məhkəmə qərarı ilə təsdiqlənməlidir. Bundan sonra məhkəmə təmir üçün ağlabatan müddət müəyyən etməlidir və təmir mülkiyyətçi tərəfindən, onun hesabına aparılmalıdır. Əgər mülkiyyətçi məhkəmə qərarına əməl etməsə və ya təmirdən imtina etsə, həmin qəzalı vəziyyətdə olan əmlak məhkəmə qərarı ilə açıq hərracda, təmir öhdəliyini üzərinə götürəcək alıcıya satıla bilər.
AİHM diqqətə çatdırıb ki, daxili məhkəmələr ikinci və üçüncü icraatlarda ərizəçilərin Mənzil Məcəlləsinin 28-ci maddəsinə dair arqumentlərinə konkret cavab verməyiblər. Birinci icraat üzrə isə Ali Məhkəmə bildirib ki, həmin maddə bu işə şamil edilmir, çünki söhbət yenidənqurma və yenidənplanlaşdırmadan gedir, bu işdə isə aidiyyəti qurum təmirin məqsədəuyğun olmadığını göstərən rəy verib.
Bununla belə, AİHM qeyd edib ki, Mənzil Məcəlləsinin 28.6-cı maddəsinə əsasən, əgər məhkəmə əmlakın təmir edilə bilməyəcəyini təsdiqləyərsə və mülkiyyətçi onu sökmək və yenidən tikməkdən imtina edərsə, yaxud bunu məhkəmənin müəyyən etdiyi müddətdə etməzsə, habelə əmlak üç ay ərzində hərracda satılmazsa, onda dövlət tərəfindən alınmalıdır. Məhkəmə vurğulayıb ki, Ali Məhkəmə 28-ci maddənin ərizəçilərin işinə tətbiq edilmədiyini bildirərkən, həmin maddənin məhz qəzalı vəziyyətdə olan xüsusi mülkiyyətin sökülməsi və yenidən tikilməsi ilə bağlı olan hissəsinə istinad etməyib. Halbuki, həmin norma belə hallarda məhkəmə qərarının əmlakın təmir edilə bilmədiyini təsdiqləməsini tələb edir.
AİHM daha sonra qeyd edib ki, daxili orqanların daxili hüququ şərh və tətbiq etməsi əsasən onların səlahiyyətində olsa da, ərizəçilərin mənzillərinin qanunsuz söküldüyü barədə ardıcıl şikayətlərinə baxmayaraq, ölkədaxili məhkəmələrin heç biri bu müdaxilə üçün hüquqi əsas rolunu oynaya biləcək konkret norma göstərməyib.
Məhkəmə xüsusilə vurğulayıb ki, daxili məhkəmələr ərizəçilərin şikayətlərini rədd edərkən Mülki Məcəllə və Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına istinad etsələr də, həmin müddəalar yaşayış sahələrindən istifadə, minimum sosial standartların təmin edilməsi və ərazi planlaşdırılması kimi ümumi məsələləri tənzimləyir. Bu normalar qəzalı vəziyyətdə olan xüsusi mülkiyyətin məcburi şəkildə özgəninkiləşdirilməsi və ya sökülməsi prosedurunu konkret olaraq müəyyən etmir. Həmçinin onlar Nazirlər Kabinetinə və ya hər hansı başqa dövlət orqanına belə bir proseduru aparmaq səlahiyyəti vermir.
Bu səbəbdən AİHM hökumətin Mülki Məcəllənin müvafiq müddəaları və Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarının ərizəçilərin mənzilinin sökülməsi üçün aydın hüquqi əsas yaratdığı barədə arqumentini qəbul etməyib.
Məhkəmə onu da qeyd edib ki, “F.B.” ərizəçilərə yeni tikilmiş binada mənzil təklif etsə də, onlar bunu qəbul etməyiblər. Daxili məhkəmələr mənzilin bazar dəyərinə görə kompensasiya tələbinin rəddində Nazirlər Kabinetinin həmin qərarına və onun əsasında verilmiş icra hakimiyyəti sərəncamına istinad ediblər və bildiriblər ki, bu aktlar pul kompensasiyasını deyil, sökülən mənzilin əvəzində yeni mənzil verilməsini nəzərdə tutur. Lakin AİHM-in qənaətinə görə, nə daxili məhkəmələr, nə də hökumət bu konkret halda xüsusi mülkiyyətin sökülməsi barədə qərar vermək səlahiyyətinin Nazirlər Kabinetinə məxsus olduğunu göstərən hər hansı hüquqi normaya istinad etməyiblər. Belə şəraitdə yalnız həmin orqanın qərarına və ya onun əsasında verilmiş sərəncama söykənən kompensasiya təklifi də qanuni hesab edilə bilməz.
Nəticədə AİHM belə qənaətə gəlib ki, ərizəçilərin əmlakdan dinc istifadə hüququna müdaxilə “qanunla nəzərdə tutulan şərtlərə” uyğun olmayıb. Məhkəmə bu nəticəyə gəldikdən sonra artıq müdaxilənin ictimai marağa xidmət edib-etmədiyini və ümumi maraqla fərdlərin əsas hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığın qorunub-qorunmadığını ayrıca araşdırmağa ehtiyac görməyib.
Beləliklə, AİHM yekdilliklə Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu tanıyıb.
Ərizəçilər, həmçinin, Konvensiyanın 6-cı maddəsinə əsasən ölkədaxili məhkəmə qərarlarının yetərincə əsaslandırılmadığını, 8-ci maddəyə əsasən evlərinə hörmət hüququnun pozulduğunu, 13-cü maddəyə əsasən isə hüquqlarının pozulmasına qarşı effektiv müdafiə vasitəsinin olmadığını iddia ediblər.
Lakin AİHM bildirib ki, iş üzrə əsas hüquqi məsələ artıq 1 saylı Protokolun 1-ci maddəsi çərçivəsində araşdırılıb və buna görə qalan şikayətlərin qəbuledilənliyi və mahiyyəti ayrıca incələnməməlidir.
Ərizəçilər maddi ziyana görə hər biri 180 min avro tələb ediblər. Onlar mənzilin bazar dəyərinin 300 min avro olduğunu iddia etsələr də, daxili məhkəmə icraatında təqdim etdikləri ekspert rəyinə əsasən, mənzilin 2016-cı il iyulun 28-nə bazar dəyəri 141 min 300 manat, yəni o dövrün məzənnəsi ilə təxminən 81 min 400 avro olub. Bundan başqa, onlar itirilmiş və zədələnmiş əşyalara görə, əlavə 20 faiz kompensasiyaya, “əzab-əziyyətə görə” kompensasiyaya, habelə faizlərə görə ödəniş istəyiblər.
Azərbaycan hökuməti bu tələblərlə bağlı AİHM-ə hər hansı qeydlər təqdim etməyib.
AİHM qeyd edib ki, ərizəçilərin mənzili söküldüyü üçün əvvəlki vəziyyətin tam bərpası mümkün deyil. Buna görə ödənilməli kompensasiya məbləği müəyyən edilməlidir. Hökumət mənzilin bazar dəyəri ilə bağlı hər hansı ekspert rəyi və ya ərizəçilərin tələblərinə dair mövqe təqdim etmədiyindən, məhkəmə öz qiymətləndirməsini ərizəçilərin təqdim etdiyi ekspert rəyinin nəticələrinə əsaslandırıb.
Məhkəmə mənzilin sökülməsi zamanı ərizəçilərin əşyalarının zədələnməsi və ya yoxa çıxması ilə bağlı tələbi isə sübutlar təqdim olunmadığına görə rədd edib.
Əlavə 20 faiz kompensasiya və faizlə bağlı tələblərə gəlincə, AİHM qeyd edib ki, ərizəçilərin istinad etdiyi hüquqi müddəalar dövlət ehtiyacları üçün əmlakın alınmasına aiddir və belə hallar qanunda dəqiq, məhdud siyahı üzrə müəyyənləşdirilib. Ərizəçilər isə bu müddəaların məhz hazırkı işə tətbiq olunmasını AİHM qarşısında yetərincə əsaslandırmayıblar. Buna görə məhkəmə həmin hissələri də rədd edib.
Bununla belə, AİHM Azərbaycan Mərkəzi Bankının ərizəçilərin əmlakından məhrum qaldıqları dövrdə tətbiq etdiyi faiz dərəcələrini də nəzərə alaraq, maddi ziyana görə onlara birgə şəkildə 126 min avro təyin edib.
Mənəvi zərərə görə hər biri 50 min avro tələb edən ərizəçilərə AİHM birgə şəkildə 3 min avro ödəmə müəyyənləşdirib. Məhkəmə hesab edib ki, onların çəkdiyi mənəvi zərər yalnız pozuntunun tanınması ilə kompensasiya oluna bilməz və buna görə ayrıca təzminat verilməlidir.
Məhkəmə xərcləri və məsrəflər üzrə ərizəçilər daxili məhkəmələrdə və AİHM qarşısında çəkilmiş hüquqi xərclər üçün 5 min 250 manat ödədiklərini, daha 3 min manat ödəməli olduqlarını bildiriblər. Birinci ərizəçi əlavə olaraq 226 manat poçt xərci də tələb edib. Tələblərin bir hissəsini təsdiqləyən qəbz və sənədlər də təqdim olunub.
AİHM öz presedent hüququna istinad edərək bildirib ki, yalnız faktiki və zəruri şəkildə çəkilmiş, məbləği ağlabatan olan xərclər ödənilə bilər. Bu meyarlara əsasən, məhkəmə ərizəçilərə birgə şəkildə 2 min 800 avro hüquqi xərclər, birinci ərizəçiyə isə ayrıca 119 avro poçt xərci təyin edib.
AİHM yekdilliklə qərara alıb ki, konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi üzrə şikayət qəbulediləndir;həmin maddə pozulub. Digər şikayətlərin ayrıca araşdırılmasına isə ehtiyac yoxdur.