Martın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Prosesə hakim Aygün Qurbanova sədrlik edib.
Jurnalist Rövşən Hacıbəylinin yaydığı məlumata görə, iclas şahidlərin dindirilməsi ilə davam edib.
İlk olaraq şahid Kazım Həsənov ifadə verərək istintaqa söylədiklərinə əlavəsinin olmadığını bildirib. O, dövlət ittihamçısının suallarına cavabında seçki prosesi ilə maraqlandığı üçün Seçki Monitorinq Mərkəzinin maarifləndirici təlimlərinə qatıldığını deyib. Lakin təmsil olunduğu partiyanın seçkiləri boykot etməsi səbəbindən müşahidəçi kimi iştirak etmədiyini qeyd edib.
Daha sonra “Seçki Müşahidə” Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) şahid qismində ifadə verib. O, oxşar ittihamlarla özü də mühakimə olunduğunu əsas gətirərək ilkin olaraq ifadə verməkdən imtina edib. Hakim onun bu iş üzrə şahid kimi ifadə verməyə borclu olduğunu bildirdikdən sonra Alpay istintaqa verdiyi ifadəni təsdiqlədiyini deyib.
Proses zamanı dövlət ittihamçısının suallarına müdafiə tərəfi etiraz edib. Vəkil Elçin Sadıqov prokurorun yönləndirici suallar verdiyini bildirib. Etiraz dövlət ittihamçısının narazılığına səbəb olub. O, müdafiə tərəfinin “yersiz müdaxiləsini” və hakimin buna reaksiya verməməsini əsas gətirərək məhkəmə tərkibinə etiraz edib, eyni zamanda vəkilə xəbərdarlıq olunmasını istəyib. Dövlət ittihamçısının səsini qaldırmasına vəkil Günay İsmayılova da etiraz edib. Prokuror səsini yüksəltməsini zaldakıların onu eşidə bilməməsi ilə izah etsə də, bu arqument zalda gülüşlə qarşılanıb.
Yaranan gərginlik səbəbindən prosesdə qısa fasilə elan olunub. Fasilədən sonra məhkəmə iclası davam etdirilib.
Dövlət ittihamçısının Gürcüstana Anar Abdulla ilə birlikdə səfər edib-etməməsilə bağlı sualına cavabında Məmməd Alpay həmin səfəri xatırlamadığını bildirib: “Mən beynəlxalq təşkilatların və missiyaların tərkibində 33 ölkədə olmuşam. Kimlə birgə, kimlə ayrı getdiyimin ayrıca hesabatını aparmamışam”. O, qaçaqmalçılıqla bağlı suala cavabında isə sərhəddən heç vaxt qanunsuz yolla pul keçirmədiyini deyib.
Hakim Aygün Qurbanova şahidin istintaqa verdiyi ifadədən bir hissəni oxuyub. Məmməd Alpay bəzi tarixləri dəqiq xatırlamadığını bildirərək həmin hissə ilə bağlı ifadəsindən imtina etdiyini deyib.
Növbəti məhkəmə iclası martın 16-na təyin olunub.
Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, daha sonra bir neçə maliyyə cinayəti maddəsi də əlavə edilib.
Bu iş üzrə ictimai fəal Anar Abdullaya da ittiham irəli sürülüb. O, əvvəlcə polisin nəzarətinə verilsə də, iyulun 11-də inzibati qaydada 30 sutka həbs edilib. Daha sonra dövlət ittihamçısının vəsatəti əsasında onun barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalında həbs edilib.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Anar Məmmədli və Anar Abdullanı siyasi məhbus kimi tanıyıb.