Amnistiya ilə azadlığa buraxılan gəncin məhkəmə qərarı olmadan yenidən həbsxanaya qaytarıldığı iddia olunur

Amnistiya ilə azadlığa buraxılan gəncin məhkəmə qərarı olmadan yenidən həbsxanaya qaytarıldığı iddia olunur
30 Mart 2026
Mətni dəyiş

Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən il, dekabrın 19-da qəbul edilən Amnistiya Aktı çərçivəsində azadlığa buraxılan məhkum Natiq Ələkbərovun məhkəmə qərarı olmadan yenidən əvvəl saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsinə (CÇM) qaytarıldığı bildirilir.

Bu barədə məhkumun yaxınları “Abzas Media”ya məlumat verib.

Qeyd olunub ki, dekabrın 22-də azadlığa buraxılan 26 yaşlı Natiq Ələkbərov doğulduğu Tovuz rayonuna gedib. Ailə qurmaq qərarına gələn gəncin fevralın 14-də nişan, martın 25-də isə toy mərasimi olacaqmış.

Yaxınlarının verdiyi məlumata görə, fevralın 13-də əvvəllər saxlanıldığı 10 saylı CÇM-in rəis müavini Nizam adlı şəxs ona zəng edərək harada olduğunu və nə iş gördüyünü soruşub. Natiq Ələkbərov isə cavabında sabah nişanı olacağını, hazırda isə “ciyəraxşamı” adlanan mərasimdə olduğunu bildirib.

Yaxınları bildirir ki, qısa müddət sonra Penitensiar Xidmətin Qərb bölgəsi üzrə əməkdaşları evə gəlib və onu aldadaraq maşınla Bakıya gətiriblər. Onların sözlərinə görə, 10 saylı CÇM-nin qarovulda dayanan hərbçiləri gecə saat 3-də gətirilən Natiq Ələkbərovun müəssisəyə salınmasına icazə verməyiblər. Bildirilib ki, məhkəmə qərarı olmadan keçmiş məhkumu müəssisəyə qəbul edə bilməzlər.

Yaxınlarının iddiasına görə, bundan sonra müəssisənin rəisi Emin Cəfərov həbsxanaya gəlib və gecə saatlarında digər rəislərin də müdaxiləsi ilə Natiq Ələkbərov məhkəmə qərarı olmadan yenidən həbsxanaya salınıb.

Ailəsi bildirir ki, fevralın 14-də Penitensiar Xidmətin Əməliyyat və Rejim baş idarəsinin rəisi, ədliyyə polkovniki Fikrət Qafarov həbsxanaya gələrək Natiqlə görüşüb. Yaxınlarının sözlərinə görə, Fikrət Qafarov Natiq Ələkbərova bildirib ki, ailəsi heç yerə şikayət etməsin və o, tezliklə azadlığa buraxılacaq. Rəisin sözlərinə görə, onu eyni ad, soyad və ata adına malik başqa bir məhkumla səhv salıblar və buna görə bir neçə gün səbr etməsi xahiş olunub.

Yaxınları iddia edir ki, polkovnik Qafarov Natiqə kömək edəcəyini və onun martın 25-də keçiriləcək toyunda iştirak edəcəyini də vəd edib.

Natiq Ələkbərovun yaxınları bildirir ki, baş verən hadisə nəticəsində ailəyə xeyli miqdarda maddi ziyan dəyib. Onların sözlərinə görə, nişan mərasimi üçün edilmiş alış-veriş, ərzaq və digər xərclər ailənin üzərinə düşüb. Bundan əlavə, toy məclisi üçün Gəncədə restoranla danışıq aparılıb, beh verilib və digər hazırlıq xərcləri ödənilib. Lakin nəticədə ailə nə nişan mərasimi keçirə bilib, nə də toy baş tutub.

Penitensiar Xidmətin əməkdaşlarının ailəyə məsələni bir neçə gün ərzində həll edəcəklərinə və Natiq Ələkbərovun azadlığa buraxılacağına dair söz verdiyi bildirilir. Lakin qeyd olunur ki, bu vədlər hələ də yerinə yetirilməyib.

Yaxınlarının sözlərinə görə, Natiq Ələkbərovun həbs müddətinin son günü aprel ayının sonlarına təsadüf edir. Onlar hesab edirlər ki, Penitensiar Xidmət rəhbərliyi onu daha bir ay müddətinə həbsdə saxlamaq niyyətindədir.

“Abzas Media”nın əldə etdiyi məlumata görə, martın 30-u olsa da, Natiq Ələkbərov hələ də azadlığa buraxılmayıb.

Qeyri-iş günü olduğuna görə, məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənmək mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun