Ali Məhkəmə bu ilin əvvəlində yaydığı mövqedə vətəndaşların mediada və rəqəmsal platformalarda yayılan məlumatların müəyyən müddətdən sonra silinməsini və ya əlçatanlığının məhdudlaşdırılmasını tələb edə biləcəyini açıqlayıb. Qərar “unudulmaq hüququ”nun milli səviyyədə tətbiqinə yeni çərçivə yaradır.
Ali Məhkəmə “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum Qərarında bildirib ki, vaxtilə ictimaiyyətə açıq yayılan məlumatlar sonsuzadək əlçatan qala bilməz. Məlumat köhnəlibsə, aktuallığını itiribsə və artıq dövlət və ictimai maraq kəsb etmirsə, şəxs onun silinməsi, anonimləşdirilməsi və ya əlçatanlığının məhdudlaşdırılmasını tələb edə bilər.
Qərara görə, bu hüquq rəqəmsal platformalarda yayılan və fiziki və ya hüquqi şəxsin mənafeyinə mənfi təsir göstərən məlumatların (mətn, səs, görüntü və s.) sonradan ictimai əhəmiyyətini itirməsi halında tətbiq oluna bilər.
Lakin bunun üçün bir neçə şərt var: məlumat rəqəmsal platformada yayımlanmış olmalıdır; şəxs məlumatın hələ də onun mənafeyinə mənfi təsir göstərdiyini sübut etməlidir; məlumat artıq dövlət və ictimai maraq doğurmamalıdır.
Ali Məhkəmə bu yanaşmanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (AİHM) Avropa Konvensiyasının 8-ci maddəsi (şəxsi və ailə həyatına hörmət hüququ) çərçivəsində formalaşdırdığı mövqeyə istinadla əsaslandırır.
“Aktuallıq” və “ictimai maraq” necə müəyyən ediləcək?
Azərbaycan Xalq Parlamentinin Rəyasət Heyətinin üzvü, hüquqşünas Ataxan Vəli Əbilov hesab edir ki, qərarın ən həssas nöqtəsi məhz bu anlayışların qeyri-müəyyənliyidir.
Onun sözlərinə görə, qərarda “məlumatın aktuallığı” və “ictimai maraq” anlayışları göstərilsə də, onların hansı konkret meyarlarla müəyyən ediləcəyi açıqlanmır:
“Qərar bu anlayışları normativ tərif səviyyəsində deyil, ümumi qiymətləndirmə kateqoriyaları kimi təqdim edir. Bu isə faktiki olaraq həmin meyarların müəyyən edilməsini aşağı məhkəmələrin qiymətləndirməsinə buraxır”.
Əbilov bildirir ki, AİHM praktikasında bu məsələlər abstrakt yox, konkret faktlara əsaslanan balanslaşdırma testi ilə həll olunur. Məsələn, məlumat korrupsiya, dövlət idarəçiliyi, ictimai təhlükəsizlik və ya vəzifəli şəxslərin davranışı ilə bağlıdırsa, zaman keçməsi onun ictimai əhəmiyyətini avtomatik aradan qaldırmır.
“Bu baxımdan “aktuallığın itməsi” AİHM məntiqində sadəcə informasiyanın köhnəlməsi demək deyil. Aktuallıq yalnız o halda itmiş sayılır ki, məlumat: 1) artıq ictimai müzakirəyə töhfə verməsin; 2)şəxsin indiki ictimai roluna və ya fəaliyyətinə aid olmasın; 3) cəmiyyət üçün legitim maraq doğurmasın.
Ali Məhkəmənin qərarında isə bu fərqləndirmə açıq şəkildə qurulmur. “Dövlət və ictimai maraq baxımından hər hansı əhəmiyyət kəsb etməməsi” anlayışı sərt kriteriyalarla məhdudlaşdırılmadığı üçün, nəzəri olaraq çox geniş yozula bilər. Bu da o deməkdir ki, eyni faktiki vəziyyət bir məhkəmə tərəfindən ictimai maraqlı, digəri tərəfindən isə “aktuallığını itirmiş” kimi qiymətləndirilə bilər.
Nizamlayıcı mexanizm baxımından hazırda bu anlayışları konkretləşdirən ayrı qanun, alt-normativ akt və ya metodoloji təlimat mövcud deyil. Praktikada bu boşluq yalnız iki yolla doldurula bilər: 1) ya məhkəmələr AİHM-in presedentlərində formalaşmış meyarlara istinad etməklə qərar verəcək; 2) ya da bu anlayışlar tədricən milli məhkəmə təcrübəsində, fərqli və bəzən ziddiyyətli yanaşmalarla formalaşacaq”.
Onun fikrincə, əsas risk “aktuallıq” anlayışının obyektiv hüquqi testdən çox subyektiv qiymətləndirmə alətinə çevrilməsi ilə bağlıdır.
Mənfi təsir necə sübut olunacaq?
Ali Məhkəmənin mövqeyinə görə, unudulmaq hüququ yalnız şəxsin hazırkı vəziyyətinə real mənfi təsir olduqda yarana bilər. Lakin sübut mexanizmi detallı şəkildə müəyyən edilməyib. Əbilov bildirir ki, AİHM praktikasında mənfi təsir iş imkanlarına və sosial münasibətlərə real təsir, reputasiyaya zərər, vaxt faktoru və məlumatın aktual olub-olmaması, konkret iqtisadi və hüquqi nəticələr (məsələn, işdən çıxarılma, gəlir itkisi) kimi kriteriyalarla qiymətləndirilir:
“Mənfi təsir sadəcə subyektiv narahatlıq kimi qəbul edilmir, AİHM-in mövqeyinə görə, “mənfi təsir” obyektiv və faktiki göstəricilərlə dəstəklənməlidir. Ali Məhkəmə qərarında bu sübut mexanizmi konkretləşdirilməyib, ona görə milli məhkəmələrdə interpretasiya fərqli ola bilər və sui-istifadə riski bu nöqtədə ortaya çıxır”, – deyə hüquqşünas qeyd edir.
Hüquqi şəxslər üçün 5 illik müddət
Qərarda hüquqi şəxslərlə bağlı məlumatların silinməsi və ya məhdudlaşdırılması üçün 5 illik müddət nəzərdə tutulur. Fiziki şəxslər üçün isə konkret zaman həddi müəyyən edilməyib.
Əbilov hesab edir ki, bu müddət praktik ehtiyacı nəzərə alsa da, sui-istifadə riskini də artırır:
“Əgər məlumat 5 ildən sonra avtomatik silinə bilərsə, jurnalistlər və tədqiqatçılar hüquqi şəxslərin fəaliyyətini, korrupsiya halları və ya istehsal keyfiyyəti ilə bağlı məsələləri araşdırmaqda çətinlik çəkə bilərlər. Xüsusilə nüfuzlu hüquqi şəxslər üçün bu müddət onların ictimai fəaliyyətlərinin şəffaflığını azaltmağa xidmət edə bilər. Eyni zamanda, bu dövr ərzində ictimaiyyət və media tərəfindən toplana biləcək məlumatların əlçatanlığı zəifləyir və nəticədə sosial və iqtisadi qərarlar üçün kritik məlumatlar itə bilər.
Əsas risk burada mexanizmin sui-istifadəyə çevrilmə ehtimalıdır: hüquqi şəxslər öz maraqlarını qorumaq adı altında mediada yayılan, amma ictimai maraq daşıyan məlumatların əlçatanlığını məhdudlaşdıra bilərlər. Bu vəziyyət xüsusilə tarixi arxiv funksiyasını və jurnalistikanın hesabatlılıq rolunu təhlükə altına sala bilər”.
Onun fikrincə, bu yanaşma medianın arxiv funksiyasını və hesabatlılıq rolunu təhlükə altına sala bilər.
“Ali Məhkəmənin bu müddəti müəyyən etməsi praktik olaraq məqsədəuyğundur, amma eyni zamanda jurnalist araşdırmalarının və ictimai nəzarətin zəifləməsi riskini də ehtiva edir. Praktik nəticə qərarın tətbiqi zamanı məhkəmələrin balanslı və diqqətli qiymətləndirməsindən asılı olacaq”.
Yüksəkçinli məmurlar da “unudula” bilərmi?
Qərar formal olaraq bütün şəxslərə şamil olunur. Lakin hüquqşünas hesab edir ki, praktik tətbiq yüksəkçinli məmurlar və nüfuzlu şəxslər üçün daha əlverişli ola bilər.
“Qərarda aktual məlumatın ictimai maraq kəsb edib-etməməsi və mənfi təsirin sübutu açıq kriteriyalarla müəyyən edilməyib. Nəticədə, nüfuzlu şəxslər üçün ictimai marağın yoxluğu və məlumatın aktuallığının itməsi halları məhkəmə tərəfindən geniş şərh edilə bilər. Bu, onların keçmiş fəaliyyəti barədə məlumatların qısa zamanda silinməsinə və əlçatanlığının məhdudlaşdırılmasına yol aça bilər.
Azərbaycan kontekstində isə bu risk daha da artır. Məhkəmələrin hələlik tam müstəqil olmaması və faktiki olaraq icra hakimiyyətindən asılılığı nəzərə alınarsa, xüsusən icra hakimiyyətində yüksək çinli məmurların fəaliyyəti barədə məlumatlar üçün bu mexanizm sui-istifadəyə çevrilə bilər. Praktikada bu, o deməkdir ki, məhkəmə qərarı həmin şəxslərin reputasiyasını qorumaq və onların ictimai nəzarətdən kənarda qalmasını təmin etmək üçün istifadə oluna bilər.
Beləliklə, qərar nəzəri olaraq balanslı hüquqi mexanizm kimi görünə bilər. Lakin praktiki tətbiqində, xüsusilə icra hakimiyyətində nüfuzlu şəxslərlə bağlı hallarda, onların ictimai hesabatlılığının azalması və məlumatın açıq şəkildə əldə edilməsinin məhdudlaşdırılması riski də yüksəkdir”.
Söz azadlığı ilə balans qorunacaqmı?
Hüquqşünasın fikrincə, Azərbaycan məhkəmələrinin söz azadlığı ilə şəxsi hüquqlar arasında effektiv balans qura bilməsi ehtimalı zəifdir. O, bunun əsas səbəbləri kimi məhkəmələrin müstəqillik məhdudiyyətini, kriteriyaların qeyri-müəyyənliyini, sui-istifadə potensialını göstərir.
“Qısaca, qərarın tətbiqi nəzəri olaraq balanslı görünə bilər, amma Azərbaycan kontekstində praktikada söz azadlığı və şəxsi hüquqlar arasında effektiv balansın qorunması çətin olacaq”, - deyə hüquqşünas bildirib.
AİHM presedentləri nə deyir?
AİHM “unudulmaq hüququ”nu ayrıca hüquq kimi deyil, Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində qiymətləndirir və hər zaman onu 10-cu maddə – ifadə azadlığı ilə balanslaşdırır. Ataxan Vəli Əbilov iki əsas presedenti xatırladır:
- Biankardi İtaliyaya qarşı (2021) – Məhkəmə silinməni yox, axtarış nəticələrinin məhdudlaşdırılmasını əsaslı sayıb;
- Hurbain Belçikaya qarşı (2023) – Silinmə əvəzinə anonimləşdirməyə üstünlük verilib.
Bu presedentlərə görə, “unudulmaq” tarixin silinməsi demək deyil, media arxivləri qorunmalıdır, müdaxilə mümkündürsə, ilk növbədə alternativ üsullarla - anonimləşdirmə və ya de-indeksləmə yolu ilə edilməlidir.
Əbilovun qənaətinə görə, Ali Məhkəmənin qərarı AİHM yanaşmasına istinad etsə də, presedentlərdə mövcud olan sərt balans mexanizmləri milli qərarda eyni aydınlıqla əks olunmayıb.
“Ali Məhkəmənin qərarı AİHM-in yanaşmasına istinad edir, lakin onu normativ səviyyədə ümumiləşdirir. Yəni, AİHM-də konkret və istisna hallarda tətbiq olunan mexanizm, milli səviyyədə daha geniş çərçivədə ifadə olunub, AİHM-nin müəyyən etdiyi qırmızı xətlər aydın sadalanmır.
Demək olar ki, qərarın Konvensiyanın 8-ci maddəsinə söykənməsi prinsipcə doğrudur, amma AİHM presedentlərində mövcud olan sərt balanslaşdırma və “qırmızı xətlər” milli qərarda eyni dərəcədə dəqiq və məhdudlaşdırıcı formada əks olunmur.
Bu da artıq növbəti suallara gətirib çıxarır: belə geniş formulə edilmiş yanaşma praktikada necə tətbiq olunacaq, sui-istifadə riskləri varmı və ifadə azadlığı real olaraq nə dərəcədə qorunacaq”.
Ali Məhkəmənin “unudulmaq hüququ” ilə bağlı mövqeyi fərdlərin reputasiyasının və şəxsi həyatının qorunması baxımından mühüm addım kimi qiymətləndirilə bilər. Lakin kriteriyaların qeyri-müəyyənliyi, məhkəmə müstəqilliyi ilə bağlı suallar və ictimai maraq meyarlarının açıq müəyyən edilməməsi qərarın praktik tətbiqində ciddi mübahisələrə yol aça bilər.
Ekspertlərin fikrincə, əsas məsələ bu mexanizmin şəxsi hüquqların qorunması ilə ifadə azadlığı və ictimai nəzarət arasında real balans yaradıb-yaratmayacağıdır.
Foto: Report