Ali Məhkəmədə Ülvi Həsənlinin kassasiya şikayətinə baxılıb: “Korrupsiya araşdırmalarına görə cəzalandırılmışıq”

Ali Məhkəmədə Ülvi Həsənlinin kassasiya şikayətinə baxılıb: “Korrupsiya araşdırmalarına görə cəzalandırılmışıq”
13 Mart 2026
Mətni dəyiş

Martın 13-də “Abzas Media işi” üzrə həbsdə olan nəşrin direktoru Ülvi Həsənlinin kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmədə hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Həsənlinin vəkili Fəxrəddin Mehdiyev çıxış edib. Vəkil bildirib ki, istintaq materiallarında çoxsaylı prosessual pozuntular var.

Onun sözlərinə görə, “Abzas Media”nın ofisində aparılan axtarış və götürmə zamanı iştirak edən bir neçə nəfərin kimliyi protokolda göstərilməyib.

“Sonradan həmin şəxslərin kimliyinin müəyyən edilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim etsək də, təmin edilmədi. Ofisdən tapıldığı iddia olunan 40 min avronun ekspertizaya göndərilməsi barədə vəsatətimiz də rədd edildi. İstintaq materialları bu kimi çoxsaylı prosessual xətalarla doludur”, - deyə vəkil bildirib.

Fəxrəddin Mehdiyev işə bəraətedici əsaslarla xitam verilməsini istəyib.
Daha sonra söz alan Ülvi Həsənli bildirib ki, onlar “Abzas Media”da apardıqları korrupsiya araşdırmalarına görə cəzalandırılıblar.

“Biz İlham Əliyev və onun ətrafının korrupsiya əməllərini, Qarabağda milyonlarla vəsaitin necə mənimsənildiyini, ölkə pullarının offşor şirkətlər vasitəsilə xaricə çıxarıldığını araşdırırdıq. Axırda da gətirib bizi araşdırdığımız cinayətlərdə ittiham etdilər”, - deyə o bildirib.

Həsənlinin sözlərinə görə, saxlanıldığı gün Bakı Şəhər Baş Polis İdarəsində ondan Qarabağdakı korrupsiya araşdırmaları barədə soruşulub:

“Bizi qaçaqmalçılıq və digər maliyyə cinayətlərində ittiham etsələr də, saxlanıldığım gün Bakı Şəhər Baş Polis İdarəsində məndən niyə Qarabağın işğaldan azad olunmasından yox, oradakı korrupsiya faktlarını araşdırdığımız soruşulmuşdu. Bu, işin mahiyyətini göstərir. Biz yüksək vəzifəli məmurların əməllərini ifşa etdiyimiz üçün cəzalandırılmışıq”.

Ülvi Həsənli həmçinin qrup halında törədildiyi iddia edilən cinayət işinə baxılan prosesdə digər təqsirləndirilən şəxslərin iştirak etməməsinə etiraz edib və bunun müdafiə hüququnun pozulması olduğunu bildirib.

O, məhkəmədən işə xitam verilməsini xahiş edib.

Prosesin sonunda məhkəmə baxışı qeyri-müəyyən müddətə təxirə salınıb.
2023-cü ilin noyabrından etibarən “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova, həmçinin “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs edilib.

Onlara qarşı qaçaqmalçılıq və digər ağır maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürülüb. Jurnalistlər ittihamları qəbul etmir və cinayət təqibinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da jurnalistlərin azadlığa buraxılmasına çağırıblar.

İbtidai və məhkəmə istintaqı birlikdə təxminən iki ilə yaxın davam edib.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Sentyabrın 9-da Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun