Ailəsi Vardanyanın ombudsmana müraciət etməyinə imkan verilmədiyini iddia edir

Ailəsi Vardanyanın ombudsmana müraciət etməyinə imkan verilmədiyini iddia edir "Dağlıq Qarabağ Respublikasının dövlət naziri" Ruben Vardanyan
16 Mart 2026
Mətni dəyiş

Azərbaycanda 20 il azadlıqdan məhrum edilən milyarder, Qarabağdakı separatçı qurumun keçmiş “dövlət naziri” Ruben Vardanyanın Ombudsmana müraciət etməsinə imkan verilmədiyi iddia olunur.

Bu barədə Vardanyanın ailəsi bəyanat yayıb. Məlumatı Ermənistanın “Armenpress” agentliyi yayıb.

Bəyanatda bildirilir ki, martın 13-də ailəsi ilə telefon danışığı zamanı Ruben Vardanyan Azərbaycanın insan hüquqları üzrə müvəkkili Səbinə Əliyevaya açıq müraciət etmək istəyib. Onların sözlərinə görə, danışıq bu cəhd zamanı kəsilib.

Ailənin iddiasına görə, Vardanyan bu addımı ona görə atmağa məcbur qalıb ki, əvvəlki 10 gün ərzində vəkili vasitəsilə ombudsmanla yazılı müraciətlər və telefon zəngləri yolu ilə əlaqə yaratmaq cəhdləri nəticəsiz qalıb.

Bəyanatda qeyd olunur ki, məhkəmə prosesləri bir ay əvvəl başa çatsa da, Vardanyan və onların bildirdiyinə görə, digər erməni məhbuslar indiyədək rəsmi hökmün mətnini - nə rus, nə erməni, nə də Azərbaycan dilində - almayıblar.

Ailənin sözlərinə görə, məhbuslara hansı maddələr üzrə məhkum olunduqları, nə vaxt və hara köçürüləcəkləri barədə də məlumat verilməyib.

“Yaranmış vəziyyət bizi ciddi narahat edir. Ruben və digər erməni məhbuslar haqqında etibarlı məlumatın olmaması, həmçinin Azərbaycanda müstəqil hüquq müdafiə mexanizmlərinin, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin ölkədən çıxarılması bütün məhbusları institusional müdafiədən məhrum edir”, - deyə ailənin bəyanatında bildirilir.

Bəyanatda həmçinin qeyd olunur ki, ailə üzvləri məhbuslarla yeganə əlaqə vasitəsi olan qısa telefon danışığının da dayandırıla biləcəyindən ehtiyat edirlər.

Ruben Vardanyan 2023-cü il sentyabrın 27-də saxlanılıb. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, o, Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən tutulub.

Fevralın 17-də Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda 20 il müddətinə azadlıqdan məhrum edilib. 

Bundan əvvəl fevralın 5-də Bakı Hərbi Məhkəməsində tanınmayan “Dağlıq Qarabağ respublikası”nın keçmiş rəhbərləri və digər təqsirləndirilən şəxslərə də hökm oxunub.

Hökmə əsasən, "Dağlıq Qarabağ Respublikasının keçmiş prezidenti" Araik Harutyunyan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. "Müdafiə nazirinin birinci müavini" Davit Manukyan, "parlament sədri" Davit İşxanyan, "keçmiş müdafiə naziri" Levon Mnatsakanyan və "keçmiş xarici işlər naziri" Davit Babayan da ömürlük həbs cəzası alıblar. 

"Keçmiş prezident"lər Arkadi Qukasyan və Bako Saakyana 20 il həbs cəzası verilib.

Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurqen Stepanyan və Erik Qazaryan da 15 il azadlıqdan məhrum ediliblər. Qərarda hökm çıxarılanadək Babayanın 65 yaşına çatdığının nəzərə alındığı bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun