Ailəsi Nazim Bəydəmirlinin ev dustaqlığına buraxılması üçün prezidentə müraciət edib

Ailəsi Nazim Bəydəmirlinin ev dustaqlığına buraxılması üçün prezidentə müraciət edib Foto: Sosial Media
31 Mart 2026
Mətni dəyiş

Həbsdə olan iqtisadçı alim və keçmiş millət vəkili Nazim Bəydəmirlinin ailəsi onun ev dustaqlığına buraxılması üçün Prezident İlham Əliyevə müraciət edib.

Sabiq millət vəkilinin həyat yoldaşı Fəridə Bəydəmirlinin yaydığı müraciətdə bildirilib ki, Nazim Bəydəmirli təxminən üç ildir həbsdədir və son günlərdə səhhəti kəskin pisləşib:

“Nazim Bəydəmirli 3 ilə yaxındır həbs həyatı yaşayır. Bir neçə gün bundan öncə həbsxanada vəziyyəti pisləşib, 13 nömrəli cəzaçəkmə müəssisəsinin rəhbərliyi zamanında təcili yardım çağırmasaydı (acil müdaxilə edib oksigen aparatı qoşulub) yəqin ki, bu gün Nazim həyatda olmazdı”.

Ailəsi bildirib ki, onun telefon zəngi zamanı səsləndirdiyi sözlər ciddi narahatlıq yaradıb:

“Mənə zəng edib “Vəziyyətim çox ağırdır, özünü yetir” deyəndə, ilk ağlıma gələn Nazimə nəsə etdikləri oldu”.

Müraciətdə qeyd olunub ki, Bəydəmirlinin uzun illərdir davam edən səhmlə bağlı mübahisəsi onun həbsi ilə nəticələnib. Fərid Bəydəmirli bildirib ki, bu prosesdə onun əmlakı əlindən alınmağa çalışılır:

“2003-cü ildə Nazim Bəydəmirli 120 min dollar ekvalentində ödəniş edərək Dövlət Əmlak Komitəsindən aldığı 30 faiz səhmi ilə bağlı 20 ilə yaxındır mübarizə aparıb. Nəticədə şikayətçi olduğu digər səhmdar Ədalət Bağırovun şikayəti əsasında cinayət işi açılmışdır”.

Digər mübahisəli epizodla bağlı isə belə deyilib:

“İkinci şikayətçi Mürsəl İbrahimovun şikayəti əsasında açılan cinayət işinə xitam verilsə də, mülki iddiası qüvvədə qalmışdır və bu iddia 49 700 AZN məbləğində hesablanıb”.

Ailə məhkəmə qərarının ədalətsiz olduğunu və səhmlərin real bazar dəyəri nəzərə alınmadan qiymətləndirildiyini bildirib:

“Nazim Bəydəmirlinin adına daşınan əmlakı olduğu halda bu günkü dəyəri milyonlarla ölçülən 30 faiz səhminə yönəldiblər. Mənim həyat yoldaşı olaraq heç bir mülkiyyət hüququm nəzərə alınmadan, bazar qiyməti ilə qiymətləndirmə aparılmadan qərar qəbul edilib”.

Müraciətdə həmçinin Bəydəmirlinin həyatına təhlükə olduğu vurğulanıb:

“Qorxduğumuz məqam səhmləri Nazimin əlindən aldıqdan sonra onun həyatına qəsd edəcəkləri düşüncəsidir. Azadlıqda olanda buna bir neçə dəfə cəhd ediblər”.

Fəridə Bəydəmirli son illərdə təzyiqlərlə üzləşdiyini də bildirib:

“3 ilə yaxındır Nazim həbs olunduğu gündən bu günə qədər ailənin tək gəlir qaynağı mən olduğum halda təzyiqlərin ardı-arası kəsilməyib. İşlətdiyim poliklinikaya tez-tez yoxlamalar göndərilir, yüksək məbləğli cərimələr tətbiq edilir və etiraz edəndə ölümlə hədələnmişəm”.

Sabiq deputatın xanımı vəziyyətin psixoloji təsirlərinə də diqqət çəkib:

“Hər gün işə gedəndə fikirləşirəm ki, bu gün başıma hansı pis hadisə gələcək. Bu, artıq mənim rutin həyatıma çevrilib. Biz Bəydəmirli ailəsi bu ölkədə heç kimi özümüzə düşmən hesab etmirik, ancaq adını bilmədiyimiz düşmənlərimiz bizim həyatımızı cəhənnəmə çevirib”.

Hazırda Bəydəmirlinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində olduğu və ciddi tibbi problemlər yaşadığı bildirilib:

“Nazim Bəydəmirli Penitensiar Xidmətin Müalicə Müəssisəsindədir, sağlamlığında çox ciddi problemlər yaranıb. İmkanları daha geniş xəstəxanada yatırılıb ciddi müalicə olunmalıdır”.

Fəridə Bəydəmirli prezidentə ünvanladığı müraciətdə onun ev dustaqlığına buraxılmasını xahiş edib:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Nazim Bəydəmirlinin ev həbsi ilə təmin olunmasına göstəriş verməyinizi sizdən xahiş edirəm”.

Nazim Bəydəmirli 2023-cü ilin iyulunda saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, o, “Avto-Qarant” ASC-nin təsisçisi Ədalət Bağırovu intim görüntülərlə şantaj edərək 50 min manat tələb edib və bu məbləğin 10 min manatını aldığı iddia olunur. Digər epizodda isə onun Rusiyanın Lipetsk şəhərində Mürsəl İbrahimovdan investisiya ilə bağlı tələblər irəli sürdüyü bildirilir.

Bəydəmirli ittihamları qəbul etmir. O, özünü “ekologiya məhbusu” adlandırır və Söyüdlü kəndində sianid gölünün tikintisinə etiraz edən sakinlərə dəstək verdiyinə görə həbs olunduğunu bildirir. Yerli hüquq müdafiəçiləri də onun həbsinin siyasi motivli olduğunu bəyan edirlər.

2024-cü ilin sentyabrında məhkəmənin hökmü ilə Nazim Bəydəmirli 8 il müddətinə azadlıqdan məhrum edilib. O, son sözündə də Söyüdlü hadisələri ilə bağlı mövqeyinə görə təqib olunduğunu vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun