10 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) məhkumların hava şəraitindən asılı olmayaraq açıq havada sıra düzülüşünə məcbur edildiyi bildirilir.
Bu barədə “Abzas Media”ya həmin müəssisədə saxlanılan məhkumlar yaxınları vasitəsilə məlumat veriblər.
Onların sözlərinə görə, martın 27 və 28-də yağan aramsız yağışlara baxmayaraq, bütün məhbuslar məcburi şəkildə açıq havada düzülüşə çıxarılıb.
Məlumata görə, bu müəssisədə məhbus həyatı yaşayan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Şahin Hacıyev ayaqqabısının yaş olduğunu əsas gətirərək düzülüşə çıxmaqdan imtina edib. Bildirilir ki, nəzarətçilər onun etirazını nəzərə almayaraq Hacıyevi yaşadığı “barak”dan (dəstə yataqxanası) zorla çıxarıblar. O, etiraz olaraq ayaqyalın şəkildə çölə çıxıb və təxminən yarım saat bu vəziyyətdə saxlanılıb.
Həmin müəssisədə saxlanılan jurnalist Teymur Kərimovun da oxşar vəziyyətlə üzləşdiyi qeyd olunur. O, nəzarətçilərə ayaqqabısının su olduğunu bildirsə də, düzülüşə çıxmağın vacib olduğu deyilib. Etiraz olaraq ayaqyalın düzülüşə çıxan jurnalist bu qərarın qanunsuz olduğunu və daxili intizam qaydalarına zidd olduğunu bildirib. Məhkumun sözlərinə görə, nəzarətçilər əvvəlcə onu “şou göstərmə” deyərək geri qaytarıb, daha sonra isə “ayağına sellofan torba keçir, ayaqqabını geyin, rəhbərlik görsün” deyərək yenidən məcburi şəkildə düzülüşə çıxarıblar.
Məhkumlar iddia edirlər ki, müəssisədə məhkumların sayım və yoxlanılması qaydalarına ilin heç bir fəslində əməl olunmur. Halbuki, Ədliyyə Nazirliyinin 19 noyabr 2010-cu il tarixli qərarı ilə təsdiqlənmiş Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarının 18-ci – Məhkumların yoxlanılması haqda fəslində qeyd edilir ki, yağışlı havada, havanın temperaturu müsbət 12 dərəcə Selsidən aşağı və ya müsbət 45 dərəcə Selsidən yuxarı olduqda, məhkumların yoxlanılması yalnız otaqlarda keçirilməlidir.
Buna baxmayaraq, məhkumların sözlərinə görə, 10 saylı CÇM-də havanın isti, soyuq, yağış, qar olmasına baxmayaraq, açıq havada məcburi şəkildə düzülüş və sayım tətbiq edilir. Etiraz edənlərin isə işgəncə, zorakılıq və alçaldıcı rəftarla üzləşdiyi bildirilir.
Məhbuslar həmçinin qeyd edirlər ki, müəssisədə qanunla nəzərdə tutulan hüquqları tələb etmək faktiki olaraq mümkün deyil və rəhbərlik “yazılmamış qaydalar” tətbiq edir.
Onların sözlərinə görə, bundan əvvəl də müəssisədə işgəncə, qeyri-insani rəftar, korrupsiya və digər qanunsuzluqlarla bağlı müxtəlif qurumlara müraciətlər edilsə də, problemlər həllini tapmayıb.
Məhkumlar Ombudsman Səbinə Əliyeva, Baş prokuror Kamran Əliyev və Ədliyyə naziri Fərid Əhmədova müraciət edərək 10 saylı CÇM-də baş verənlərlə bağlı qanun çərçivəsində tədbir görülməsini tələb edirlər.
Məhkumların iddiaları ilə bağlı Ədliyyə Nazirliyindən şərh almaq mümkün olmayıb. Bir qayda olaraq, aidiyyəti qurumların açıqlamalarında cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin qanunla nəzərdə tutulan bütün hüquqlarının təmin olunduğunu bildirilir.
Foto: sosial media