Birləşmiş Ştatlardan yüksək vəzifəli nümayəndə heyətinin Azərbaycana və Ermənistana gözlənilən səfəri Cənubi Qafqazda və ümumilikdə genişlənmiş Xəzər bölgəsində yeni hərbi və təhlükəsizlik arxitekturasının formalaşmasının ilk siqnalı kimi qəbul edilə bilər. Hərbi təhlilçilərin sözlərinə görə, bu, faktiki olaraq regionda yeni hərbi-siyasi münasibətlər nizamının yaranması və ənənəvi Rusiya hərbi boyunduruqçuluğu dövrünün sonunun çatmasıdır.
Kim və nəyə görə gəlir?
Fevral ayında ABŞ-nin Vitse-prezidenti JD Vens (James David Vance) Azərbaycan və Ermənistana səfər edəcək. ABŞ Prezidenti Donald Tramp bu barədə yanvar ayının sonlarında “Truth Social” sosial media platforması vasitəsilə məlumat vermişdi. Vensin səfərinin konkret vaxtı bilinməsə də, “Kyiv Post”un məlumatına görə, səfərin fevralın 6 və 13-ü arasında baş tutması mümkündür. Belə ki, Vens fevralın 6-da Milanda Qış Olimpiya oyunlarının açılış mərasimində iştirak edəcək. Fevralın 13-də isə onun Almaniyada Münhen Təhlükəsizlik Konfransına qatılması gözlənilir. Beləliklə, Vitse-prezidentin bu günlər arasında Cənubi Qafqaza baş çəkəcəyi ehtimal edilir. Amma ola bilər ki, Vens fevralın 13-dən sonra Bakı və Yerevana getsin.
Vens bu səfəri ilə az qala eyni vəzifəli şəxsin regiona 18 illik “səfər etməmək” tilsimini qıracaq. Qeyd edək ki, sonuncu dəfə Azərbaycana ABŞ-nin vitse-prezidenti kimi Dik Çeyni 2008-ci il sentyabrın 3-də səfər etmişdi. Rusiya-Gürcüstan müharibəsindən sonra regiona səfər edən Çeyni o zaman Ermənistana getməmişdi, Bakıdan sonra Tbilisi və Kiyevə yollanmışdı.
Tramp elə son paylaşımında bildirib ki, Vens 2025-ci ilin avqust ayında iki ölkə arasında imzalanan sülh müqaviləsinin tərkib hissəsi olan “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”nu (TRIPP - the Trump Route for International Peace and Prosperity) irəlilətmək üçün bu ölkələrə səfər edəcək. O bildirib ki, ABŞ Azərbaycanla strateji tərəfdaşlığını, Ermənistanla sülhməramlı nüvə əməkdaşlığına dair gözəl bir müqaviləni, müxtəlif ABŞ şirkətləri üçün müqavilələri və ABŞ-də istehsal olunmuş müdafiə avadanlıqlarının, məsələn, bədən zirehləri və qayıqlar və daha çoxunun Azərbaycana satışını gücləndirmək niyyətindədir.
Bir sıra məlumatlara görə, Vensin regiona səfəri çərçivəsində Birləşmiş Ştatlarla Ermənistan arasında süni intellekt, mikroçiplərin, informasiya texnologiyalarının müştərək istehsalına, satışı və paylaşdırılmasına dair dəyəri milyardlarla dollar ölçülən müqavilələrin imzalanması planlaşdırılır. Qeyri-rəsmi məlumatlarda o da deyilir ki, səfəri çərçivəsində Vens Ermənistanın TRIPP marşrutunun gerçəkləşəcəyi əraziyə də baş çəkəcək.
Xatırladaq ki, bu ilin yanvar ayının 14-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə keçirdiyi görüşün nəticələrinə dair TRIPP layihəsinin icra çərçivəsi bəyan olunub. Bu sənədin iki ölkə rəhbərlərinin Ağ Evdə üzərlərinə götürdükləri sülh öhdəliklərinin həyata keçirilməsi çərçivəsində mühüm bir mərhələ olduğu qeyd edilib.
“Abzas Media” ABŞ-Azərbaycan və ABŞ-Ermənistan arasındakı mövcud hərbi-texnikiəməkdaşlığı, eyni zamanda TRIPP layihəsində əksini tapan müddəları analiz edərək JD Vensin Azərbaycana səfəri ərəfəsində ABŞ-nin Cənubi Qafqazın bu iki ölkə ilə hərbi-texniki əməkdaşlıq perspektivlərini araşdırıb.
Xəzərin təhlükəsizliyi, yoxsa ABŞ-nin qayıdışı
Mətbuatda yayılan bir sıra təsdiq olunmamış məlumatlara görə, Vensin Azərbaycana səfərinin gedişində Xəzərdə hərbi-təhlükəsizlik sahəsində birgə əməkdaşlıq və digər hərbi-texniki sahələrdə münasibətlərin qurulması haqqında anlaşmaların razılaşdırılacağı və imzalanacağı gözlənilir. Bu əməkdaşlığın hədəfləri arasında Birləşmiş Ştatların Azərbaycanın sərhəd təhlükəsizliyinə xüsusi dəstək olması niyyəti də var. Belə ki, Azərbaycanın Birləşmiş Ştatlardan müasir mobil müşahidə-nəzarət qurğularını, patrul gəmilərini, uzaqdan idarə olunan su qayıqlarını, hücum katerlərini əldə etməsi perspektivləri müzakirə olunur.
“Caucasian Live” Telegram resursunun məlumatına görə, Vensin səfəri çərçivəsində Bakıda Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığa dair yeni bir sənədin imzalanması müzakirə edilə bilər və eyni zamanda bu dövrdə Azərbaycana qarşı 907-ci aktın ləğvi məsələsi ABŞ Konqresində müzakirəyə çıxarılması təklifləri səsləndirilə bilər.
Müzakirəsi ehtimal olunan məsələlər arasında Birləşmiş Ştatların hərbi sənaye şirkətlərinin Azərbaycanda olan hərbi istehsal təmayüllü firmalarla əməkdaşlıq perspektivləri də əsas yer tutur. Azərbaycanda bir neçə il öncə silah və hərbi texnikanın istehsal və satışı qaydalarına dəyişikliklər edilməsi, bu sahənin “mülkiləşməsi” istiqamətində addımlar bunun üçün münbit imkanlar yaradır, “dövlətdən asılı olmayan” hərbi biznes sahəsinin mövcudluğu bəzi regional oyunçuların təzyiqindən və sorğularından qaçmağa imkan yaradır.
Ümumilikdə, Azərbaycanın Birləşmiş Ştatlarla hərbi-texniki əməkdaşlığında son artım dövrü 2001-2008-ci illərə aiddir. 2001-ci ilə qədər tədricən möhkəmlənən hərbi münasibətlər daha sonra intensiv hərbi-texniki əməkdaşlığa çevrildi, bunun ardınca konkret əməkdaşlıq mərhələsi başlandı: ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının (EUCOM) “Xəzər Keşikçisi” (Caspian Guard) Proqramı çərçivəsində
Pentaqon Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi, döyüş qabiliyyətinin artırılması, anti-terror əməliyyatları aparılması qabiliyyətinin güclənməsinə xüsusi töhfə vermək niyyətində idi. Bu məqsədlərə görə, Birləşmiş Ştatlar o zamanlar 100 milyon dollara yaxın vəsait ayırmışdı. Həmin dövrdə Qazaxıstan da bu proqramın əhatə dairəsinə daxil edilmişdi. Sözügedən proqram çərçivəsində Azərbaycanın hərbi hava limanları və hərbi dəniz məntəqələri təkmilləşdirildi, Azərbaycanın Xəzər sərhədi boyunca müşahidə məntəqələri, şimalda və cənubda səyyar radiolokasiya stansiyaları quruldu. Bütün bunlarda əsas məqsədlərdən biri Xəzərdə təhlükəsizliyi təmin etmək, Rusiya və İran arasında şübhəli daşımaları aşkarlamaq üçün Azərbaycanın müşahidə imkanlarını gücləndirmək idi. Bu çərçivədə 2006-cı ildə EUCOM Azərbaycan Müdafiə Nazirliyi ilə xüsusi “İş Planı” üzrə əməkdaşlığa başladı. “İş Planı” üzrə əməkdaşlığı polkovniklərdən təşkil olunmuş işçi qrupu aparırdı və Azərbaycanın Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrində islahatları, kadr hazırlığını, hərbi avadanlıqların yenilənməsini, hava limanlarının və dəniz müşahidə məntəqələrinin müasirləşdirilməsini nəzərdətuturdu. Bu dövrdə (2005-ci ildən başlayaraq 2009-cu ilə qədər) Azərbaycan və NATO, eyni zamanda Azərbaycan və ABŞ arasında təhlükəsizlik sahəsində informasiyaların aktiv mübadiləsi həyata keçirildi.
Amma 2006-2007-ci illərdə Rusiya və İranın hərbi-siyasi rəhbərliyi açıq şəkildə “Xəzər Keşikçisi” proqramına etiraz etdilər, arqumentləri belə idi ki, regionda, xüsusilə də Xəzərdə hər hansı xarici hərbi iştirak yolverilməzdir. Rusiya tez bir anda Xəzəryanı ölkələrin hərbi qüvvələrindən ibarət “Casfor” (Caspian Forces) qüvvələrinin yaradılması ideyasını irəli sürdü. Bütün bunların nəticəsində Azərbaycan hakimiyyətinin təkidi ilə ABŞ “Xəzər Keçikçisi” proqramının adında və mahiyyətində dəyişikliklər etməyə məcbur oldu. Bundan sonra proqram “Xəzər Dənizinin Təhlükəsizliyi Proqramı” (Caspian Sea Security Program) adlandırılmağa başladı və onun mətnində bir sıra ixtisarlar edildi.
Bu dövrdə - 2007-2008-ci illərdə Birləşmiş Ştatların və NATO-nun dəstəyi ilə Azərbaycan Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının perspektiv inkişafını nəzərdə tutan xüsusi sənəd qəbul edildi. Lakin, 2008-ci ildə Cənubi Qafqazda baş vermiş müharibə - Rusiyanın Gürcüstan ərazilərini işğal etməsinin nəticəsində Azərbaycan – ABŞ hərbi münasibətlərində ciddi problemlər yarandı. Bu dövrdə Azərbaycan rəsmiləri “Cənubi Qafqazda yeni geosiyasi vəziyyətin yarandığını” elan etdilər və ardınca 2009-cu ildən başlayaraq “Xəzər Dənizinin Təhlükəsizliyi Proqramı”nın icrası faktik olaraq dayandırıldı. Vəziyyətin belə çətin olmasına baxmayaraq, 2010-2011-ci illərdə Birləşmiş Ştatların rəsmiləri Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığı nəzərdə tutan yeni ideyalar səsləndirdilər və bu ideyaların daxil edildiyi proqram daha çox Xəzərdə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində təcrübə və kadr mübadiləsini nəzərdə tuturdu. Azərbaycan rəsmiləri bu ideyalara o qədər də maraq göstərmədilər.
Bu vəziyyətə alternativ olaraq Azərbaycan və Rusiya arasındakı hərbi-texniki əməkdaşlıq qəfildən gücləndi və bu, 2012-ci ildə tərəflər arasında 4 milyard dollarlıq silah müqaviləsinin imzalanması ilə yekunlaşdı. Nəticədə, 2012-ci ildən 2016-cı ilə qədər Azərbaycan Rusiyadan ümumi dəyəri 6 milyard dollardan çox olan silah və hərbi texnika aldı. Bu dövrdə Azərbaycandan yüzlərlə hərbçi Rusiyanın ali hərbi məktəblərinə göndərildi, Azərbaycan Silahlı Qüvvələrinin kadr təminatı, hərbi təhsili daha çox Rusiya standartlarına əsaslanmağa başladı.
2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərindən öncə ABŞ rəsmiləri İlham Əliyevin 3-cü dəfə prezident seçilməsinin mümkünsüzlüyü barədə bəyanatlar səsləndirdilər, nəticədə iki ölkə arasında münasibətlər gərginləşdi, müdafiə nazirlikləri arasında planlaşdırılan çoxsaylı tədbirlər ləğv edildi. İndi isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşü çətçivəsində bəyan edilən TRIPP İcra Çərçivəsində qeyd olunan “bu layihə Transxəzər Ticarət Marşrutunda həyati bir əlaqə yaradacaq” ifadəsi Birləşmiş Ştatların Xəzər regionu ilə bağlı yeni hədəflərinə işarə kimi qəbul edilə bilər.
Birləşmiş Ştatların Ermənistanla hərbi-texniki əməkdaşlığına gəldikdə, qeyd edilə bilər ki, son illər bu əməkdaşlıq artan xətlə davam edir. Ermənistanın Rusiyanın dominant olduğu Kollektiv Təhlükəsizliyi Sazişi Təşkilatının üzvü olması, Rusiya ilə çoxsaylı ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq müqavilələrinə malik olması Yerevanın Vaşinqtonla davamlı və artan xətli hərbi-texniki əməkdaşlıq etməsinə indiyə kimi mane olan əsas amillərdir. Amma bütün bunlara baxmayaraq, son illər tərəflər arasında hərbi-texniki əməkdaşlığı intensivləşdirən proseslər baş verməkdədir.
2025-ci ilin yanvarında Amerika Birləşmiş Ştatları ilə Ermənistan Respublikası arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə və təhlükəsizlik istiqamətində xüsusi hədəfləri ortaya qoyur. Bununla yanaşı, qeyd edilməlidir ki, ABŞ Ermənistanla müdafiə əlaqələrini genişləndirərək, sülhməramlı təlimlər zamanı qarşılıqlı fəaliyyəti gücləndirmək məqsədilə 2023 və 2024-cü illərdə keçirilən ikitərəfli təlimlərdə iştirak edib. Bundan başqa, ABŞ Ermənistanın sərhəd təhlükəsizliyi imkanlarını inkişaf etdirmək səylərini dəstəkləmək üçün 27 milyon dollar maliyyə ayırıb.
Son illərdə ABŞ Ermənistanın müdafiə sektorundakı islahatları dəstəkləyir və zirehli təcili yardım maşınlarının alınmasını, Kiber Müdafiə Əməliyyatları Mərkəzinin inkişafını və Milli Təlim Mərkəzinin imkanlarının təkmilləşdirilməsini dəstəkləmək üçün Ermənistan Müdafiə Nazirliyinə təxminən 18 milyon dollarlıq vəsait ayırıb.
Nəzərə alaq ki, TRIPP İcra Çərçivəsində göstərilən proseslər Ermənistanın hüquq-mühafizə orqanlarının, xüsusilə də sərhəd və təhlükəsizlik qurumlarının inkişafı istiqamətində xüsusi perspektivlər yaradacaq. Bu layihə çərçivəsində, Mərkəzi Asiyanı və Xəzər regionunun Avropa ilə birləşdirəm yeni Tranzit əlaqəsinin təhlükəsizliyinə cavabdeh olan regionun – xüsusilə Ermənistanın və Azərbaycanın təhlükəsizliyinin möhkəmləndirilməsi, informasiya, sərhəd və gömrük idarəçiliyi və təhlükəsizliyinin gücləndirilməsi, texnoloji dəstək, təhlükəsizlik və mühafizə sistemlərinin qurulması və tətbiqi gözlənilir.
Müstəqil təhlilçilərin fikrincə, həm əldə olan son qeyri-rəsmi məlumatlar, həm də Vensin səfər proqramında əks olunanlar Birləşmiş Ştatların Xəzər regionunun təhlükəsizliyinə yeni yanaşma ortaya qoymasının göstəricisi sayıla bilər. Bu, həm də o deməkdir ki, ABŞ təxminən 17 il sonra (2008-ci il Rusiyanın Gürcüstan ərazilərini işğal etməsindən sonra) Cənubi Qafqaza qayıtmaq üzrədir. Amma bu dəfə real olaraq çox hədəfli niyyətlərlə - təlimlər, təchizat, hərbi-texniki silah alış-verişi və s…
Ekspertlər nə deyir?
Vensin Azərbaycana və Ermənistana səfəri çərçivəsində razılaşdırılacaq sənədlər və TRIPP layihəsinin regionun gələcəyinə təsiri ilə bağlı suallarımızı siyasi şərhçilərə ünvanladıq. Oslo Universitetinin Yaxın Şərq araşdırmaları üzrə magistr tələbəsi, ictimai fəal Rüstəm İsmayılbəylinin fikrincə, Tramp administrasiyasının ən böyük məqsədlərindən biri həm Çinin getdikcə genişlənən təsir imkanlarını azaltmaq, həm də qlobal enerji yolları və neft-qaz ticarəti üstündə hegemoniya qurmaqdır.
“Bu baxımdan təbii ki, həm Mərkəzi Asiya - Avropa yolu kimi Xəzər dənizi, həm də birbaşa Azərbaycan ABŞ üçün xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, Azərbaycanın həm də getdikcə yüksələn ABŞ-
İran gərginliyi fonunda da xüsusi rolu var. Mənə elə gəlir ki, bu səfər də məhz bu məqsədlərə xidmət edəcək və həm Azərbaycanı, həm Ermənistanı Tramp administrasiyanın məqsədlərinə uyğun formada özlərinə yaxınlaşdırmaq hədəfi güdür. Hər iki dövlətin rəhbərliyi də bu istiqamətdə ABŞ ilə işləməyi üstün tutur. “, - deyə R.İsmayılbəyli bildirir.
Onun fikrincə, həm Tramp administrasiyasının çox aqressiv siyasi- iqtisadi siyasəti, həm də Ukraynada vəziyyətin ilişmiş olması Rusiyanı, onsuz da, Qafqaz da daxil olmaqla digər regionlarda nisbətən zəif vəziyyətə salıb.
“Eynisi 2024-cü ilin dekabrında Suriyada da baş verdi ki, 10 ildən artıq müddətə Əsədi qoruyan ruslar bu dəfə müxaliflərin ildırımsürətli hücumuna qarşı rejimi müdafiə edə bilmədilər. Bundan əlavə, bu ilin yanvar ayında Maduroya qarşı keçirilən hərbi əməliyyata da yenə heç bir ciddi etiraz bildirmədilər. İndi də Ukrayna məsələsi ilə bağlı gedən danışıqları nəzərə alsaq, düşünmürəm ki, Rusiya TRIPP yolu üstündə Tramp administrasiyası ilə hansısa münaqişəyə girməyə həvəsli olsun. Uzun müddətə boyunduruğundan tamamilə çıxacaqmı, dəqiq demək çətindir, amma indiki məqamda Rusiyanın ABŞ-nin bu regiondakı planlarını sarsıtmaq üçün resursları yoxdur deyə düşünürəm”, - deyə R.İsmayılbəyli vurğulayır.
Siyasi şərhçi, politoloq Kamran Cəfərovun fikrincə, Rusiya artıq Cənubi Qafqazda effektiv təhlükəsizlik təminatçısı kimi qəbul edilmir.
“Ukraynaya qarşı müharibə nəticəsində onun hərbi və siyasi deqradasiyası Moskvanın böhranları idarə etmək, “oyun
Qaydaları”nı diktə etmək və hətta formal müttəfiqləri qarşısında öhdəliklərini yerinə yetirmək gücünü ciddi şəkildə zəiflədib. Cənubi Qafqaz regionu yeni təhlükəsizlik arxitekturasının formalaşması mərhələsinə daxil olur və burada xarici, qlobal təhlükəsizlik zəmanətçisinə ehtiyac yaranır. Mövcud reallıqlarda resurslara, siyasi
iradəyə və beynəlxalq legitimliyə malik yeganə aktor ABŞ-dir”, - deyə Kamran Cəfərov bildirir.
Onun fikrincə, hərbi təhlükəsizlik sahəsində, xüsusilə Xəzər dənizi üzrə
razılaşmalar ABŞ-nin regionda mövcudluğunun institusionallaşması deməkdir, bu, hərbi bazalar formasında olmasa belə, koordinasiya, standartlar, kəşfiyyat və hərbi-texniki əməkdaşlıq formatında baş verir.
“Bu baxımdan, Vensin səfəri çox ciddi hadisəyə çevrilə
bilər: ondan sonra əvvəlki “Rusiya təhlükəsizlik çətiri” modelinə qayıdış faktiki olaraq mümkün olmayacaq”, - deyə K.Cəfərov bildirir.
Kamran Cəfərov hesab edir ki, proses hələ tam başa çatmasa da, Cənubi Qafqaz Rusiyanın hərbi-siyasi təsirindən çıxır. Belə ki, Rusiya təsirinin əsas elementlərini itirib:
“Hərbi avtoritetini itirib – “məğlubedilməz ordu” mifi Ukrayna
tərəfindən darmadağın edilib; Siyasi idarəetmə qabiliyyətini itirib - Moskva artıq qərarları diktə etmək və ya arbitr rolunu oynamaq gücündə deyil; Müttəfiqlərin etimadını itirib - öhdəlikləri yerinə yetirə bilməməsi praktikada sübut olunub. Bu fonda Cənubi Qafqaz ölkələri praqmatik davranırlar: onlar təhlükəsizlik sahəsində xarici təminatçıları "diversifikasiya" edir, bir güc mərkəzindən asılılığı minimuma endirərək, digər gücü dəvət edirlər“, - deyən K.Cəfərov xüsusilə vurğulayır ki, söhbət kəskin anti-Rusiya kursundan yox, Rusiyanın monopoliyasından çıxışdan gedir.
“Beləliklə, Cənubi Qafqaz sadəcə Rusiyadan uzaqlaşmır o, ABŞ-nin əsas xarici balanslaşdırıcıya çevrildiyi daha mürəkkəb, çoxqütblü konfiqurasiyaya keçir”, deyə K.Cəfərov qeyd edir.
Cənubi Qafqaz üzrə araşdırmaçı Mirkamran Hüseynlinin fikrincə, Azərbaycan qərb geosiyasi məkanına son 27-28 ildə inteqrasiya olmuş vəziyyətdədir.
“İstər həyata keçirilən enerji layihələri ilə, istərsə də Avropa Birliyi ilə olan strateji tərəfdaşlıq və ABŞ ilə olan ikili əməkdaşlıq. Xüsusilə də Respublikaçılar dövründə əməkdaşlıqların qalxan istiqamətini görməmək mümkünsüzdür. Rusiyanın Ukraynanı işğalından sonrakı dövrdə də Avropa Komissiyasının Bakı ilə tam "praqmatik" siyasətə keçid etdiyini görürük”, - deyən M.Hüseynli Vensin səfərinin TRIPP layihəsinin kağız üzərindən çıxarılıb real implementasiyasına hesablanan bir səfər olduğu qənaətindədir.
“Yəni, səfər hərbdən daha çox siyasi-iqtisadi çəki daşıyır. Məsələnin hərbi tərəfi isə, məncə, Rusiyadan daha çox İran ilə bağlı ola bilər. Vensin səfəri İrana hücum ərəfəsinə düşdüyü üçün Bakı ilə kəşfiyyat əlaqələri də müzakirə olunacaq, böyük ehtimal”, - deyə M.Hüseynli bildirdi.
M.Hüseynli hesab edir ki, Cənubi Qafqaz birmənalı şəkildə Rusiyanın “boyunduruğunda” deyil.
“Rusiyanın Cənubi Qafqazdakı tabutuna da son mismarı rəsmi Bakı vurub. İstər rus ordusunun Qarabağdan çıxarılması, istərsə də TRIPP layihəsi. Bu dəqiqə Rusiya ilə ən muxtar münasibətlərə sahib olan bir nömrəli ölkə Azərbaycandır. Rusiyanın istər iqtisadi (dəmiryollarına sahiblik, iqtisadi yatırımlar və s.) istərsə də hərbi (baza) mövcudluğu hazırda ən çox Ermənistandadır. Gürcüstanda isə vəziyyət bəllidir. Osetiya və Abxaziyada rus ordusu var. Gürcüstan vətəndaş cəmiyyətinin “Gürcü Arzusunun Rusiyanın əmrlərini yerinə yetirməsi” iddiaları isə cəfəngiyyatdan başqa bir şey deyil. “Gürcü Arzusu” ilə Moskva arasında kanallar mövcuddur. Amma son 2 ildə baş verənlər İvanişvilinin şəxsi seçimlərindən qaynaqlanır. Rusiya burda ən yaxşı halda ikinci dərəcəli faktordur”, - deyə o bildirir.
“Rusiya genişlənmiş Xəzər hövzəsini ABŞ və Qərbə güzəştə gedəcəkmi?” sualına cavab verən R.İsmayılbəylinin fikrincə, xüsusilə Mərkəzi Asiya üstündə rəqabət hazırda daha çox Çinlə ABŞ arasında gedə bilər.
“Çünki Rusiyanın yenə bu region üçün də bu iki dövlətlə mübarizə aparmağa imkanlarının çatacağını çox düşünmürəm. Ancaq, ümumiyyətlə, Trampın gömrük vergiləri, hərbi müdaxilələr və ictimaiyyətə açıq ciddi təhdidlərlə apardığı aqressiv xarici siyasəti nəzərə alanda nə Qafqaz, nə Mərkəzi Asiya, nə başqa bir region üçün hətta Çinin də ABŞ ilə açıq qarşıdurmaya hazır olduğunu görürük. Tramp administrasiyası nəyi bacarmasa da, ABŞ-nin gücünü dünyanın ən müxtəlif regionlarında hegemon dövlət kimi proyeksiya etməyi çox yaxşı bacarır”, - deyə R.İsmayılbəyli bildirir.
K.Cəfərov isə eyni suala cavabında bildirir ki, Rusiyanın könüllü şəkildə güzəştə gedəcəyini düşünmür, lakin mövqelərini itirməyə səssiz şəkildə uyğunlaşmağa məcbur qalacaq.
“Səbəb sadədir: Moskvanın eskalasiya üçün resursları yoxdur. Hərbi baxımdan – Ukrayna cəbhəsində həddindən artıq yüklənib. İqtisadi baxımdan - sanksiyalarla ciddi şəkildəməhdudlaşdırılıb. Siyasi baxımdan - təcrid olunub və avantüralarını dəstəkləməyə hazır müttəfiqlərdən məhrumdur”, - deyən K.Cəfərovun fikrincə, xüsusilə Azərbaycanla əməkdaşlıq vasitəsilə ABŞ-nin Xəzər regionunda təsirinin genişlənməsi Rusiyanı seçim qarşısında qoyur, ya resursları çatmayan sərt qarşıdurma cəhdi, ya da simasını qorumaqla yeni reallığı tədricən qəbul etmək.
“Ən real ssenari ikinci variantdır – narazılıq ritorikası, lakin real addımlar olmadan. Bu, klassik mənada güzəşt deyil, obyektiv şərtlərin diktə etdiyi məcburi geri çəkilmədir”, - deyə politoloq bildirir.
M.Hüseynli isə hesab edir ki, ən yaxşı halda Xəzər dənizi hövzəsində istər İrana qarşı, istərsə də Rusiyaya qarşı kəşfiyyat xarakterli ABŞ-Azərbaycan əməkdaşlığı ola bilər.
“Rəsmi Bakının (eyni zamanda bütün Xəzəryani ölkələrin) Xəzər hövzəsinə bu hövzədə olmayan ölkələrin hərbi mövcudluğuna icazə verməmək kimi bir öhdəliyi var, zənnimcə. Yəni, güzəşt deyərkən ABŞ-nin və ya NATO qüvvələrinin (Türkiyə misalı) rəsmi şəkildə fiziki hərbi mövcudluğu nəzərdə tutulursa, bu, hazırkı şəraitdə mümkün deyil. Amma kəşfiyyat əlaqələrinin Vensin səfəri ilə Xəzərə də sirayət edəcəyini istisna etmirəm”- deyə K.Hüseynli qeyd edir.
Müəllif: Cəsur Məmmədov