“Toplum TV işi”: İqtisadiyyat naziri Mikayıl Cabbarov və DVX-nin rəisi Orxan Nəzərlinin məhkəməyə çağırılması tələb edilib

“Toplum TV işi”: İqtisadiyyat naziri Mikayıl Cabbarov və DVX-nin rəisi Orxan Nəzərlinin məhkəməyə çağırılması tələb edilib
3 Fevral 2026
Mətni dəyiş

Fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. İclasa hakim Azər Tağıyev sədrlik edib.

“Toplum TV”nin məlumatına görə, məhkəmədə Dövlət Vergi Xidmətinin mütəxəssisi Nəsimi Süleymanov dindirilib. İttihama görə, iş üzrə təqsirləndirilən şəxslər digər maddələrlə yanaşı, 79 min 441 manat məbləğində vergidən yayınmaqda günahlandırılırlar. Təqsirləndirilənlər bu ittihamı qəbul etmir və məbləğin necə hesablandığının açıqlanmasını tələb edirlər.

“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov və digər təqsirləndirilənlər mütəxəssisdən rəyin hansı araşdırmaya əsasən hazırlandığını soruşublar. Onlar səyyar və ya kameral yoxlama aparılıb-aparılmadığına, həmçinin təqsirləndirilən şəxslərin hər birinin ayrıca nə qədər vergi borcunun olduğuna aydınlıq gətirilməsini istəyiblər.

Nəsimi Süleymanov isə yoxlamanı şəxsən aparmadığını, rəyi istintaq materialları əsasında hazırladığını bildirib.

Ələsgər Məmmədli məhkəmədə 25 il vergi ödəyicisi olduğunu, 2024-cü ilin martında həbs olunanadək hesabatları gecikdirmədiyini və qaydaları pozmadığını deyib. O, hətta artıq vergi ödədiyini də qeyd edib. Məmmədli həbsdən sonra vergi ödənişlərini etmək imkanının olmadığını bildirərək, hesabatların başqa şəxs tərəfindən ödənməsi üçün yaxınlarından birinə etibarnamə verilməsinə icazə istəyib.

O, bir sıra beynəlxalq təşkilatların layihələrində media hüququ üzrə ekspert kimi xidmət müqavilələri ilə iştirak etdiyini, lakin cinayət işində həmin müqavilələr əsasında aldığı ödənişlərin qrant kimi təqdim olunduğunu bildirib: 

“Xidmət müqaviləsini mən hansı dövlət orqanında qeydiyyatdan keçirməliydim? Qanunda bununla bağlı heç bir tələb yoxdur. Bu müqavilələr əsasında aldığım ödənişin vergisini ödəmişəm, sübutunu da təqdim etmişəm”.

Ələsgər Məmmədlinin sözlərinə görə, vergi borcu yenidən hesablanıb və nəticədə ona “həbsdə ola-ola” 4816 manat vergi borcu yazıldığı məlum olub.

Jurnalistlər Müşfiq Cabbar, Əli Zeynal və digərlərinin ayrıca vergi borcu ilə bağlı suallara cavab verən mütəxəssis bu məlumatları sənədlərlə dəqiqləşdirib təqdim edəcəyini deyib.

Jurnalist Fərid İsmayılov vergidən yayınma ilə bağlı sübutların məhkəməyə təqdim olunmasını tələb edib. Mütəxəssis isə konkret sübutlar səsləndirməyib və yenidən istintaqın təqdim etdiyi materiallara əsaslandığını bildirib.

Bundan sonra Fərid İsmayılov İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin məhkəməyə çağırılması barədə vəsatət qaldırıb. Hakimlər kollegiyası vəsatəti rədd edib.

III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli də Mikayıl Cabbarovun məhkəməyə gətirilməli olduğunu bildirib. O, ittiham aktında adına 11 min ABŞ dolları köçürmədən bəhs edildiyini, lakin sənədlərin tədqiqi mərhələsində belə sənədə rast gəlinmədiyini deyib.

İclasda hakim “Toplum TV”nin redaktoru Müşfiq Cabbarın üzərindən müxtəlif şəxslərə çatmalı olan pul vəsaitlərinin tapılması iddiası ilə bağlı sual da verib. Müşfiq Cabbar iddianı rədd edərək üzərində yalnız videokamera olduğunu bildirib: “Üzərimdən pul vəsaitlərinin olduğu zərflər tapıldığı doğrudursa, ittiham tərəfi bununla bağlı protokol tərtib etməli idi”.

Müdafiə tərəfi məhkəməyə bildirib ki, Müşfiq Cabbar saxlanılan zaman - 2024-cü il martın 6-da - bu məzmunlu protokol tərtib edilməyib. Onların sözlərinə görə, yalnız həmin ilin oktyabrında istintaq orqanı Müşfiq Cabbarın imzası olmayan protokol hazırlayaraq sənədlərə əlavə edib, həmin müddətdə isə o, azadlıqda olmayıb.

Fərid İsmayılovun digər vəsatəti isə yaşadığı evdə aparılmış əməliyyatla bağlı olub. O deyib ki, məhkəmə qərarında “evə baxış” nəzərdə tutulsa da, faktiki olaraq axtarış və götürmə aparılıb. Jurnalist evindən tapıldığı iddia edilən 3 min avrodan çox vəsaitin ona məxsus olmadığını bildirib və axtarışın qanunsuz olduğunu deyib: 

"O evdə pul olubsa, qaytarılmalıdır. Deməli, istintaq orqanı oğurluq edib. Demirsiniz pul mənimdir? Qaytarın pulumu".

Məhkəmə prosesi fevralın 9-da davam edəcək.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər barəsində cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, İDİ əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunub. Jurnalist Elmir Abbasovun polis nəzarətinə verildiyi bildirilir. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı əvvəl ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarəti qətimkan tədbiri seçildiyi qeyd olunur.

Bildirilir ki, saxlanılan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham ediliblər, sonradan ittihamların ağırlaşdırıldığı açıqlanıb. Təqsirləndirilənlər ittihamları qəbul etmir və həbslərinin siyasi sifarişlə həyata keçirildiyini bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun