Tenderdən kənar 2,2 milyon manat: bəzi satınalmalar müsabiqə keçirilmədən edilib

Tenderdən kənar 2,2 milyon manat: bəzi satınalmalar müsabiqə keçirilmədən edilib
23 Fevral 2026
Mətni dəyiş

Hesablama Palatası 2025-in ilk 6 ayında 3 874,5 mln manatlıq satınalmanın 2 242 mln manatının “bir mənbə” ilə olduğunu açıqlayıb.

Bu barədə Hesablama Palatasının 2025-ci ildə Azərbaycanda həyata keçirilmiş dövlət satınalmaları ilə bağlı araşdırmasında (2025-ci ilin ilk 6 ayı üzrə) qeyd edilib.

“Bir mənbə” üsulu o deməkdir ki, dövlət qurumu açıq tender və ya müsabiqə keçirmədən birbaşa seçdiyi təchizatçı ilə müqavilə bağlayır və satınalmanı yalnız ondan edir.

Təhlildə göstərilir ki, 2025-ci ilin yanvar–iyun aylarında dövlət qurumları 7 221 satınalma həyata keçirib, müqavilələrin ümumi dəyəri isə 3 874,5 milyon manata çatıb.

Müqayisə üçün, ötən ilin eyni dövründə 6 039 satınalma üzrə 3 741 milyon manat xərclənmişdi.

Hesabata görə, müqavilələrin sayında 19,6 faiz artım qeydə alınsa da, ümumi məbləğ üzrə artım 3,5 faiz olub. Yəni, satınalma prosedurlarının sayı kəskin artır, amma xərclənən məbləğin artım tempi xeyli zəif qalır.

Böyük pullar yenə rəqabətsiz prosedurla xərclənir

Hesabatın ən diqqətçəkən məqamlarından biri satınalmaların rəqabətlilik bölgüsünə dair göstəricilərdir.

Təhlildə qeyd olunur ki, 2025-ci ilin ilk yarısında müsabiqə əsaslı satınalmaların sayı 3 420-yə yüksəlsə də (ötən illə müqayisədə 52 faiz artım), məbləğ baxımından əsas yük yenə “bir mənbədən” satınalmaların üzərində qalır.

Palatanın təqdim etdiyi rəqəmlərə əsasən:

Müsabiqə əsaslı satınalmaların məbləği: 1 633 mln manat

Bir mənbədən satınalmaların məbləği: 2 242 mln manat

Bu, o deməkdir ki, 2025-ci ilin ilk 6 ayında xərclənən vəsaitin təxminən 58 faizi (2,24 mlrd manat) tender rəqabəti olmadan – bir mənbədən satınalma metodu ilə xərclənib.

Təhlildə bu payın “beynəlxalq ən yaxşı təcrübə” kimi göstərilən həddən (≤10%) əhəmiyyətli dərəcədə çox olduğu ayrıca vurğulanır.

Açıq tenderin payı 41 faiz: kotirovka isə məbləğdə “simvolik” qalır

Təhlildə satınalma metodlarının payı məbləğ bölgüsü üzrə ayrıca göstərilir. Rəqəmlərə görə,  bir mənbədən satınalma: 57,86 faiz (təxminən 2,24 mlrd manat); açıq tender: 41,16 faiz (təxminən 1,59 mlrd manat); kotirovka sorğusu: 0,95 faiz (təxminən 36–37 mln manat) təşkil edib.

Hesabatda qeyd olunur ki, iki rüb ərzində qapalı tender metodundan istifadə edilməyib, çərçivə sazişləri isə “cüzi məbləğdə” olduğu üçün diaqramlarda ayrıca göstərilməyib.

“Təcili tələbat” adı ilə 1,45 milyard manatlıq bir mənbə müqaviləsi

Hesablama Palatası bir mənbədən satınalmaların hansı əsaslarla icra edildiyini də ayrıca təhlil edib. Burada ən böyük məbləğ payı “təcili tələbat” əsasının üzərinə düşür: Təcili tələbat: 1 448,5 mln manat (bir mənbədən məbləğin təxminən 64,6 faizi); Satınalma predmetinin yalnız konkret təchizatçıda olması: 404,3 mln manat (təxminən 18,0 faiz); Əvvəlki satınalma predmetinin davamı: 387,6 mln manat (təxminən 17,3 faiz); Kəşfiyyat/əks-kəşfiyyat fəaliyyəti: 1,4 mln manat

Təhlildə bildirilir ki, “təcili tələbat” kimi rəsmiləşdirilən satınalmalara dəftərxana və təsərrüfat ləvazimatları, icarə xidmətləri, benzin yanacağı kimi adətən əvvəlcədən planlaşdırılması mümkün xərclər də daxil edilib.

Həmçinin bəzi hallarda tarixi əvvəlcədən məlum olan tədbirlərin təşkili ilə bağlı xidmətlərdə də “təcili tələbat” əsasına söykənildiyi qeyd olunur. Palata bunu nəzarət orqanları üçün risk qiymətləndirilməsi predmetinə çevrilə bilən yanaşma kimi təqdim edir.

Rəqabətli satınalmalarda qiymət “fərqi” genişdir

Hesabatın digər diqqətçəkən hissəsi rəqabətli satınalmalarda müqavilə qiymətlərinin “ehtimal olunan qiymət”lə müqayisəsidir. Təhlilə görə, rəqabətli satınalmaların 1 874-də (55 faiz) bağlanmış müqavilə məbləği ehtimal olunan qiymətdən 20 faiz və daha çox fərqlənib.

Palatanın qeydində bildirilir ki, məbləğ ifadəsində ən böyük fərqlər əsasən tikinti, yenidənqurma, tibb və enerji layihələri üzrə bağlanmış müqavilələrdə müşahidə olunub.

501 satınalma ləğv edilib: pay təxminən 7 faizdir

2025-ci ilin ilk yarısında 501 satınalma ləğv edilib: 237-si açıq tender üzrə (ümumi ehtimal məbləği 222 mln manat); 264-ü kotirovka sorğusu üzrə (ümumi ehtimal məbləği 8 mln manat).

Palatanın hesablamasına görə, ləğv edilən satınalmaların orta “əhatə dairəsi” 459 min manat olub. Ümumilikdə isə baş tutmayan satınalmaların payı müqavilə sayı baxımından təxminən 7 faiz təşkil edib.

Təhlildə portal məlumatlarına istinadla ləğvlərin əsas səbəblərindən biri kimi bəzi sahələrdə lisenziyaya/icazəyə malik təchizatçı sayının üçdən az olması, eləcə də təqdim edilən təkliflərin şərtlərə uyğun gəlməməsi və maliyyələşmənin dayandırılması kimi hallar göstərilir.

Elektron satınalmalar 47 faiz: qurumların yarısı ilin ortasında başlayıb

Hesabatda qeyd olunur ki, 2025-ci ilin ilk yarısında satınalmaların təxminən 47,4 faizi elektron formada keçirilib.

Bundan əlavə, müsabiqə əsaslı satınalma aparan 900-dən çox təşkilatın təxminən 50 faizi satınalmalara yalnız 2-ci rübdən etibarən başlayıb. 100-dən yuxarı təşkilatın isə ilk satınalması 6-cı ayda baş verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun