Fevralın 5-də Bakı Apellyasiya Məhkəməsində Çexiyanın Karlova Universitetinin doktorantı, sülh fəalı Bəhruz Səmədovun Umbakı qəsəbəsində yerləşən Penitensiar Kompleksə köçürülməsi ilə bağlı verdiyi şikayətə baxılıb.
“Azadlıq Radiosu”nun məlumatına görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə Səmədovun şikayətini təmin etməyib. Yaxınları bildiriblər ki, prosesdə fəalın irəli sürdüyü heç bir vəsatət qəbul olunmayıb.
Məlumata görə, Bəhruz Səmədov məhkəmə iclasında çəkilişin aparılması, Ombudsman Aparatının əməkdaşlarının dindirilməsi, eləcə də psixoloji vəziyyətinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin olunması barədə vəsatətlər qaldırıb. Lakin məhkəmə bu tələblərin hamısını rədd edib.
Səmədov Umbakı həbsxanasına köçürülməsi ilə bağlı şikayətinə dair çıxışında dəri xəstəliyindən əziyyət çəkdiyini, bu səbəbdən qapalı şəraitdə qala bilmədiyini bildirib.
Yaxınlarının sözlərinə görə, məhkəmənin qərarından dərhal sonra Bəhruz Səmədov müddətsiz aclıq aksiyasına başladığını elan edib.
Fəalın yeganə ailə üzvü olduğu bildirilən 82 yaşlı nənəsi Zibeydə Osmanova daha əvvəl açıqlamasında Umbakının Bakından təxminən 70 kilometr aralıda yerləşdiyini, bu məsafənin onun yaşı və səhhəti baxımından çətinlik yaratdığını demişdi.
Səmədovun işi üzrə əvvəlki mərhələlərdə bildirilib ki, o, ötən il, oktyabrın 21-də saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsində “daxili qaydaları pozmaq” ittihamı ilə cərimə kamerasına (“kars”) salınıb. Vəkili bu qərarın qanunsuz olduğunu bəyan edib.
Noyabrın 17-də keçirilən iclasda şikayətə baxılmadığı, işin Bakı İnzibati Məhkəməsinə göndərildiyi qeyd olunub. Həmin iclas zamanı cəzaçəkmə müəssisəsinin rəhbərliyi Səmədovun Umbakı qəsəbəsindəki Penitensiar Kompleksin qapalı hissəsinə köçürülməsi ilə bağlı təqdimat verib.
Məlumata əsasən, Bəhruz Səmədov 2025-ci il dekabrın 1-də Umbakı qapalı tipli həbsxananın ağır rejimli hissəsinə bir il müddətinə köçürülüb.
Bəhruz Səmədovu 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizliyi Xidməti saxlayıb və dövlətə xəyanətdə ittiham olunub. 2025-ci il iyunun 23-də məhkəmə onu 15 il azadlıqdan məhrum edib. Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Səmədov ittihamları qəbul etmir. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları onun həbsini siyasi motivli hesab etdiklərini bildiriblər.