“Meydan TV”nin jurnalistləri açıq görüşlərin ləğvinə etiraz edir, Ülviyyə Əli isə təcridxanada təhdid olunduğunu bildirir

“Meydan TV”nin jurnalistləri açıq görüşlərin ləğvinə etiraz edir, Ülviyyə Əli isə təcridxanada təhdid olunduğunu bildirir
26 Fevral 2026
Mətni dəyiş

Fevralın 26-da “Meydan TV işi” üzrə həbs olunan jurnalistlər Aytac Tapdıq (Əhmədova), Aysel Ümüdova və Xəyalə Ağayeva açıq görüşlərin ləğv edilməsinə etiraz olaraq görüşə çıxmaqdan imtina ediblər.

“Meydan TV”nin məlumatına görə, bu gün Aytac Tapdığın görüş günü olduğundan yaxınları Bakı İstintaq Təcridxanasına getsələr də, onunla görüşə bilməyiblər.

Aytac Tapdıq yaxınları ilə telefon danışığında bildirib ki, indiyədək ailə üzvləri ilə “açıq görüş” formatında ünsiyyət qurduqları halda, bundan sonra yalnız şüşə arakəsmə arxasından telefon vasitəsilə görüşə icazə veriləcəyi deyilib.

“İndiyədək “açıq görüş” şəklində yaxınlarımızla görüşsək də, bu gündən bizə ancaq şüşə arakəsmə arxasından telefon zəngi ilə görüşə biləcəyimiz deyilir. Bizi indi də yaxınlarımız üzərindən təhdid edirlər. Bu da işgəncənin bir növüdür. Bütün bu təzyiqlər bizim məhkəmə proseslərindəki çıxışlarımızla bağlıdır. Üstəlik deyilir ki, tək bizə yox, bütün məhbuslara açıq görüşü ləğv ediblər. Üzləşdiyimiz bu yeni təzyiqə etiraz olaraq şüşə arakəsmə arxasından görüşə çıxmaqdan imtina edirik”, - deyə jurnalist bildirib.

Məlumata görə, ötən gün Ombudsman Aparatının Milli Preventiv Qrupunun üzvləri Aytac Tapdıq, Aysel Ümüdova və Xəyalə Ağayeva ilə Bakı İstintaq Təcridxanasında görüşüblər. Jurnalistlərin yaxınlarının bildirdiyinə əsasən, görüşdə İşgəncələrin Qarşısının Alınması Şöbəsinin müdir müavini Vəfa Verdiyeva və əməkdaşlar Samir Quliyev və Əflatun Baxışov iştirak ediblər. Ombudsman Aparatının nümayəndələrinin jurnalistlərin zorakılıqla bağlı şikayətlərini dinlədiyi qeyd olunur.

Bu arada, “Meydan TV işi” üzrə həbsdə olan digər jurnalist Ülviyyə Əli (Quliyeva) də təcridxanada təhdid olunduğunu bildirib. Onun sözlərinə görə, sosial mediada süni intellekt vasitəsilə səsinin yayılmasından sonra Bakı İstintaq Təcridxanasının rəisi onu ailə üzvlərinin, o cümlədən nişanlısının həbs edilə biləcəyi ilə hədələyib.

Ülviyyə Əli yaxınlarına deyib ki, təcridxana rəhbərliyi yayılan səslərin süni intellekt vasitəsilə hazırlandığını bildiklərini desə də, bəzi şəxslərin bunu anlamadığını əsas gətirərək məsələni onun nişanlısı ilə əlaqələndirib.

“Dünən rəislə görüşdüm, dedi məsələ burasındadır ki, biz bilirik, telefona qulaq asan bilir ki, süni intellektdir. Amma elə insanlar var ki, bunu başa düşmürlər. Məndən soruşdular ki, bu videoları nişanlın hazırlayır? Cavab verdim ki, mən o qədər ağılsız deyiləm ki, ölkədə olan adama səhifə idarə etdirim”, - deyə jurnalist bildirib.

Onun sözlərinə görə, rəis növbəti görüşdə də eyni iddianı təkrarlayıb və nişanlısının həbs oluna biləcəyi ilə bağlı xəbərdarlıq edib:

“Rəis bu gün gəldi dedi ki, “nişanlın edir bu səsləri. Ona de, səsləri yığışdırsın, bir də gördün özünü tutub gətirdilər bura””.

“Meydan TV işi” üzrə ümumilikdə 12 nəfərə qarşı cinayət işi açılıb. Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Ümüdova və Ülvi Tahirov 2024-cü ilin dekabrında həbs olunublar. 2025-ci ildə isə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, jurnalistlər Fatimə Mövlamlı, Nurlan Libre, Ülviyyə Əli və foto-müxbir Əhməd Muxtar da iş üzrə saxlanılıb.

Əvvəlcə jurnalistlərə qaçaqmalçılıq maddəsi ilə ittiham irəli sürülüb, daha sonra ittihamların ağırlaşdırıldığı bildirilir. Onlar ittihamları qəbul etmədiklərini, həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu bəyan edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun