Fevralın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan şəxslərə açılan cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Ergin Qafarov ittiham aktını oxumağa davam edib. Bu dəfə Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirovun, jurnalistlər Natiq Cavadlı, Şəmşad Ağa və Nurlan Librenin (Qəhrəmanlı) ittiham aktları elan olunub.
İclasın əvvəlində Nurlan Librenin vəkili Cavad Cavadov müvəkkilinin 21 gündür aclıq aksiyası keçirdiyini və özünü yaxşı hiss etmədiyini bildirib. Vəkilin sözlərinə görə, jurnalistin həkim müayinəsindən keçirilməsi vacibdir. Məhkəmə müayinəyə icazə verib.
Müayinədən sonra Nurlan Libre həmkarları ilə eyni boksda dayanmaq istədiyini deyib. Hakim Aytən Əliyeva isə əvvəlki iclasda jurnalistin özünə xəsarət yetirdiyini əsas gətirərək bunun mümkün olmadığını bildirib. Bu zaman təqsirləndirilən digər şəxslər etiraz edərək Nurlan Librenin yanlarına gətirilməsini tələb ediblər. Hakim tələbi təmin edib.
Nurlan Libre boksda qandallarının açılmamasına etiraz edib və bildirib ki, özünə xələl yetirmək istəsəydi, bunu ötən məhkəmədə edərdi. Bundan sonra onun qandalları açılıb.
Jurnalist məhkəməyə zorla gətirildiyini bildirib. Onun sözlərinə görə, 21 günlük aclıq dövründə iki dəfə həkim müayinəsindən keçib, qan analizləri götürülüb, lakin nəticələr ona təqdim edilməyib. Nurlan Libre həmçinin ailəsinə və vəkilinə məktub göndərməsinə icazə verilmədiyini, Prokurorluq və Ombudsman Aparatının isə onun durumu ilə maraqlanmadığını iddia edib.
“Ədalətli məhkəmə hüququnun bərpa edilməsini tələb edirəm. Son jurnalist həmkarım azadlığa buraxılanadək aclığı davam etdirəcəyəm”, - o deyib.
Daha sonra dövlət ittihamçısı ittiham aktlarını oxumağa davam edib. Jurnalist Şəmşad Ağa etiraz edərək bildirib ki, ittiham aktı oxunduğu müddətdə müdafiə tərəfinə vəsatət qaldırmağa və ittihamlara münasibət bildirməyə şərait yaradılmır. Hakim bunun prosesin sonunda müzakirə ediləcəyini söyləyib.
Şəmşad Ağa daha sonra Ali Məhkəmənin açıq keçirilən məhkəmələrlə bağlı qərarına istinad edərək bildirib ki, vətəndaşlar bu tip məhkəmələrə telefonlarını keçirə bilərlər, amma bu prosesə gələnlərin telefonları girişdə alınır. Hakim onun sözünü yarıda kəsib.
Növbəti məhkəmə iclası fevralın 13-nə təyin edilib.
“Meydan TV işi” üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova və Ülvi Tahirov ötən ilin dekabrında saxlanılıb və barələrində həbs-qətimkan tədbiri seçilib. Bu ilin fevralında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Libre həbs olunub. Məlumata görə, mayda jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs-qətimkan tədbiri seçilib, avqustda isə foto-müxbir Əhməd Muxtar həbs edilib.
Onlara ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verildiyi, daha sonra ittihamların ağırlaşdırıldığı bildirilir.
Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu deyirlər.