Fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan şəxslərlə bağlı cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Ergin Qafarov digər təqsirləndirilən şəxslərin ittihamlarını oxumağa davam edib.
İclasın əvvəlində jurnalist Nurlan Libre (Qəhrəmanlı) aclıq aksiyasının 28-ci günündə olduğunu bildirib. O deyib ki, məsələ mediada işıqlandırılandan sonra ailəsi ilə telefon əlaqəsi yaratmağa icazə verilib. Jurnalist, həmçinin, məhkəməyə qandallı gətirildiyini vurğulayıb. Hakim Aytən Əliyeva bununla bağlı Penitensiar Xidmətin konvoyuna və təcridxana rəhbərliyinə müraciət ünvanlanacağını bildirib.
Daha sonra Nurlan Libre həkim müayinəsindən keçirilmək üçün məhkəmə zalından çıxarılıb. Zala qayıdanda təzyiqinin yoxlanıldığını və ürək dərmanı verildiyini söyləyib.
Jurnalist Ramin Deko (Cəbrayılzadə) söz alaraq ona dövlət hesabına vəkil verilməsini xahiş edib. O, istəyini kinayə ilə belə izah edib:
“Mən Sülhanə Hacıyevanın mənim vəkilim olmasını istəyirəm. O, Xətai Rayon Məhkəməsində bizi həbs edən hakimdir. İndi gəlib bizə vəkillik etsin. Düşünürəm ki, ona qarşı edilənlər siyasi sifarişdir. Vəkil kimi bu prosesə qoşulmağını istəyirəm”.
Təqsirləndirilənlərdən “Arqument az” saytının baş redaktoru, jurnalist Şəmşad Ağa (Ağayev) isə bir daha diqqətə çatdırıb ki, ittiham aktında “Meydan TV” barədə dəfələrlə “dövlət qeydiyyatında olmayan” ifadəsi işlədilib. O vurğulayıb ki, xarici ölkədə qeydiyyatdan keçən media qurumu başqa ölkənin dövlət qeydiyyatında ola bilməz.
Bundan sonra prokuror ittiham aktlarını oxumağa davam edib. Jurnalistlər ittihamların tam oxunmasına etiraz əlaməti olaraq əllərini şüşə kabinə çırpmağa başlayıblar. Hakim isə prokurora ittihamların yalnız yekun hissəsini oxumağı tapşırıb.
Daha sonra təqsirləndirilən şəxslərdən özlərini təqsirli bilib-bilmədikləri soruşulub. “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova) həbsin siyasi sifariş olduğunu deyərək özünü təqsirli bilmədiyini bildirib:
“Özümü qətiyyən təqsirli bilmirəm. Mənim Azərbaycan dövlətinin var-dövlətinə çıxışım yoxdur. Buna çıxışı olan, Azərbaycanın var-dövlətinin talayan məmurlar burada mənim yerimdə olmalı idilər”.
Jurnalistlər Natiq Cavadlı, Fatimə Mövlamlı, Nurlan Libre, Xəyalə Ağayeva da özlərini təqsirli bilmədiklərini söyləyiblər. Xəyalə Ağayeva əlavə edib:
“Biz İlham Əliyevin sifarişi ilə həbs edilmişik. Əgər düşünürsə ki, bu, bizi susduracaq, çox yanılır”.
Jurnalist Aytac Tapdıq (Əhmədova) isə “Özünüzü təqsirli bilirsiniz?” sualını təhqir hesab etdiyini bildirib:
“Özümü heç bir halda təqsirli bilmirəm. Siyasi sifarişlə həbs edildiyimiz hamıya məlumdur. Siz də utanın ki, bu işdə alətə çevrilmisiniz. Ümumiyyətlə “Özünüzü təqsirli bilirsiniz?” sualı mənim üçün təhqirdir. Məhkəmə bitənədək mənə bu sualı verməyinizi sizə qadağan edirəm”, - deyə o deyib.
Bundan sonra yenidən söz alan Şəmşad Ağa ittiham aktında çoxlu səhvlər olduğunu deyərək prokurordan cavab tələb edib. O bildirib ki, ittiham aktında ona aid olmayan telefon nömrəsi göstərilib və həmin nömrənin “1899-cu ildə qeydiyyatdan keçirildiyi” qeyd olunub:
“Əvvəla ittiham aktında mənə aid olmayan bir telefon nömrəsi var. İlk dəfədir görürəm. Amma maraqlısı budur ki, bu nömrə 1899-cu ildə qeydiyyatdan keçirilib. Yəqin bilirsiniz ki, Azərbaycan Respublikası 1918-ci ildə yaradılıb. Burada zalda tarixçi alim var, istəsəniz, ondan da öyrənə bilərsiniz. Mən doğulmamışdan 70 il əvvəl adıma nömrə alınıb qeydiyyatdan keçirilib. Bilmək istəyirəm o vaxt olmayan Azərbaycanda hansı mobil operator fəaliyyət göstərirdi?”
Şəmşad Ağa ittiham aktının “Abzas Media işi”ndən kopyalandığını da bildirib və bununla bağlı apellyasiya qərarından sitat gətirib:
“Həbsimdən verilən apellyasiya şikayəti 2025-ci il fevralın 13-də, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən iclasda rədd edildi. Qərarın əsaslandırmasında sonra qeyd edilib ki, “Abzas Media” jurnalistləri ofislərindən tapılan 40 min avro pulun ora atıldığını bildiriblər. Mən və buradakı həmkarlarım da “Abzas Media” jurnalislərinin ofisinə pulun atıldığına əminik və dostlarımızın da saxta ittihamlarla tutulduğunu bilirik. Amma mən bilmək istəyirəm ki, hansı iş üzrə həbs olunmuşam? “Abzas Media işi”, ya “Meydan işi”?”
O, həmçinin qeyd edib ki, 2025-ci il fevralın 6-da həbs edilməsinə baxmayaraq, jurnalist Ülviyyə Əlinin yanvarın 16-da şahid qismində dindirilməsi ilə bağlı aktda onun adının artıq təqsirləndirilən şəxs kimi göstərildiyi yazılıb.
Jurnalist ittiham aktının dilinin qəliz və anlaşılmaz olmasından da danışıb və Dilçilik İnstitutunun nümayəndələrinin məhkəməyə çağırılmasını tələb edib:
“İttiham aktında bir cümlə 20 səhifəyə qədər uzanıb. O qədər səhvlər var ki ittiham aktında, saymaqla bitmir. Avropa Məhkəməsinin bununla bağlı müvafiq qərarları var. Rəsul Cəfərov və Eynulla Fətullayev işlərində bu xüsusilə vurğulanıb. Mən tələb edirəm ki, Dilçilik İnstitutunun nümayəndələri bura dəvət olunsun və ittiham aktını tədqiq etsinlər. Prezident İlham Əliyev bir müddət əvvəl çıxışlarında demişdi ki, “Azərbaycan dilini xarici təsirlərdən qorumaq lazımdır”. Mən isə deyirəm ki, Azərbaycan dilini daxili təsirlərdən – sizdən qorumaq lazımdır”.
Şəmşad Ağa əlavə edib ki, ittiham aktında jurnalist Ramin Dekonun Zığ dairəsi yolunda “35 min avro ilə saxlanıldığı” qeyd olunur və sual edib ki, Ramin Deko gömrükdən bu qədər pulu necə keçirə bilib:
“Biz bilirik ki, jurnalislər xüsusilə nəzarətdədirlər. Elə isə Ramin Deko o qədər pulu gömrük nəzarəti olmadan necə keçirib? Əgər Dövlət Sərhəd Xidmətinin, Sərhəd Keçid Məntəqəsinin əməkdaşları bu cinayətə yol veriblərsə, onların adları niyə istintaq materiallarında yoxdur? Niyə onlar istintaqa cəlb edilməyiblər?”
Daha sonra jurnalist Ülviyyə Əli söz alaraq özünü təqsirli bilmədiyini deyib və vəsatətlə çıxış edib:
“Məhkəmədən tələb edirəm ki, bu ittihamları tərtib edənlər barəsində Cinayət Məcəlləsinin 270-ci beynəlxalq uçuş qaydalarını pozma maddəsi ilə cinayət işi başlansın. Çünki cinayət işinin materiallarından görünür ki, çox göylə uçublar və absurdun ən üst təbəqəsinə çatıblar.
Heç kimə bu tip vəsatətlər verməyim qəribə gəlməsin. İstintaq qrupu da bizim barəmizdə seçdiyi maddələri məhz belə tətbiq edib.
Mən ittihamın dediyi mütəşşəkkil dəstənin bir üzvü deyiləm, daha böyük bir mütəşəkkil dəstənin üzvüyəm: Müstəqil Jurnalistlər.
Yaşasın Azad Media! Yaşasın Müstəqil Jurnalistika!”.
Jurnalist Aysel Ümüdova da özünü niyə təqsirli bilmədiyini əsaslandırmaq istədiyini bildirib. Bu zaman hakim Aytən Əliyeva onun sözünü kəsib. Bundan sonra məhkəmədə gərginlik yaranıb və hakimlər prosesi yarımçıq tərk ediblər.
“Meydan TV işi” üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Ümüdova və Ülvi Tahirov ötən ilin dekabrında saxlanılıb və barələrində həbs-qətimkan tədbiri seçilib. Bu ilin fevralında iş üzrə “Arqument az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Libre həbs olunub. Mayda jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs-qətimkan tədbiri seçilib, avqustda isə foto-müxbir Əhməd Muxtar həbs edilib.
Onlara ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verildiyi, daha sonra ittihamların ağırlaşdırıldığı bildirilir.
Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu deyirlər.