İsrail və ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb, İran “sarsıdıcı cavab” vəd edir

İsrail və ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb, İran “sarsıdıcı cavab” vəd edir
28 Fevral 2026
Mətni dəyiş

İsrail və ABŞ fevralın 28-də İrana qarşı hava və raket zərbələri endirib. Rəsmi Təl-Əviv hücumu “preventiv addım” adlandırsa da, Tehran cavabın “sarsıdıcı” olacağını bəyan edib.

İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, ölkəsi İrana qarşı preventiv raket zərbəsi endirib. Onun sözlərinə görə, hücumdan sonra ölkənin müxtəlif bölgələrində hava həyəcanı siqnalları işə salınıb. Bu addım əhalinin İsrail istiqamətində mümkün raket atışlarına hazır olması məqsədi daşıyıb. İsrail rəsmiləri İranla qarşıdurmanın bir neçə gün davam edə biləcəyini istisna etmirlər.

Daha sonra ABŞ rəsmiləri də Amerika ordusunun İrana qarşı zərbələrdə iştirak etdiyini təsdiqləyiblər. ABŞ Prezidenti Donald Tramp hücumlarla bağlı ilk məlumatlardan sonra çıxış edərək bildirib ki, əməliyyatlarda ABŞ hərbçiləri də iştirak edir. Tramp İranın nüvə proqramını bərpa etməyə çalışdığını və ABŞ üçün təhlükə yaradan uzaqmənzilli raketlər hazırladığını iddia edib. O, İranı “dünyada terroru maliyyələşdirən əsas dövlət” adlandıraraq, “miqyaslı hərbi əməliyyatın” başlandığını elan edib. Prezidentin sözlərinə görə, əməliyyatın məqsədi İran tərəfindən qaynaqlanan “birbaşa təhdidləri aradan qaldırmaqdır”.

Hadisə şahidləri Tehranın hökumət məhəlləsində partlayış səslərinin eşidildiyini və görüntülərin sosial şəbəkələrdə yayımlandığını bildirirlər.

İranın dövlət informasiya agentliyi “Tasnim” xəbər verir ki, Tehranda prezident sarayı və ölkənin ali rəhbəri ayətullah Əli Xameneinin iqamətgahının yerləşdiyi əraziyə azı yeddi raket düşüb. “Reuters” agentliyinə danışan İran rəhbərliyindəki mənbələr ayətullah Əli Xameneinin sağ olduğunu və Tehrandan kənarda təhlükəsiz məkanda yerləşdiyini bildiriblər.

“Al Jazeera” ABŞ hökumətindəki mənbəyə istinadən yazıb ki, zərbələrin əsas məqsədi İranın hərbi rəhbərliyini sıradan çıxarmaqdır. Hava hücumları zamanı İran prezidenti Məsud Pezeşkianın və ayətullah Xameneinin iqamətgahları da hədəf alınıb. İranın Mehr agentliyi Pezeşkianın xəsarət almadığını bildirib.

Məlumata görə, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qərargahına da zərbə endirilib. Tehrandan əlavə, İsfahan, Qum, Təbriz, Kərəc və Kirmanşah şəhərlərində də hava hücumları qeydə alınıb.

“Reuters”in istinad etdiyi İran hökumət mənbəsi ölkənin ABŞ və İsrailin hücumlarına hazırlaşdığını və cavabın “sarsıdıcı” olacağını bildirib.

Qeyd olunur ki, əvvəlki oxşar hücumlardan sonra Tehran regiondakı ABŞ hərbi bazalarına zərbələr endirmişdi.

Bundan əvvəl, fevralın 22-də “The New York Times” yazmışdı ki, Vaşinqtonun Tehrana qarşı hərbi əməliyyata başlaması halında İranın dəstəklədiyi qruplar, o cümlədən Yəməndəki husilər və “Hizbullah” Avropa və Yaxın Şərqdəki ABŞ obyektlərinə hücum edə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun