“QHT işi” çərçivəsində həbs edilən Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədovun qızı Aysu Əhmədova ictimaiyyətə müraciət edib.
Sosial şəbəkə hesabından paylaşdığı müraciətində Aysu Əhmədova yazıb ki, adətən şəxsi məsələləri ictimailəşdirmir, lakin “indi susmaq mümkün deyil”.
“Məni tanıyanlar bilir ki, şəxsi məsələləri çox paylaşan biri deyiləm. Amma indi susmaq mümkün deyil”.
Aysu Əhmədovanın sözlərinə görə, anası hazırda xəstəxanadadır və ona xroniki nevroloji xəstəlik olan klaster baş ağrısı diaqnozu qoyulub. O qeyd edib ki, xəstəlik qısa müddət əvvəl kəskinləşmə ilə başlayıb və ailələrinin həyatı dəyişib:
“Anam hazırda xəstəxanadadır. Ona xroniki nevroloji xəstəlik klaster baş ağrısı (Cluster Headache, MKN-10: G44.0) diaqnozu qoyulub. Xəstəlik qısa müddət əvvəl krizlə başladı və o zamandan etibarən həyatımız bir daha dəyişdi. Bu xəstəliyin ömür boyu davam edəcəyini, hər krizin isə onun sağlamlığına bir az daha zərər verəcəyini öyrəndik”.
Aysu Əhmədova ağır tutmalar zamanı anasının vəziyyətinin kəskin ağırlaşdığını vurğulayıb. Onun sözlərinə görə, bu proses anasının yaddaşına və gündəlik fəaliyyətinə də təsir edib:
“Ağır krizlər zamanı anam danışa bilmirdi, yeriyə, yemək yeyə, hətta su belə içə bilmirdi. Nəticədə nevroloji və vegetativ simptomlar yarandı. O, deyəcəyi şeyləri, hətta mənim adımı belə unudur, adi sözləri deməkdə çətinlik çəkir və yeriyərkən koordinasiyasını itirir”.
Müraciətdə anasının yaşadığı ağrı fonunda ailənin psixoloji yükündən də bəhs olunur. Aysu Əhmədova anasının durumunu aylardır davam edən stress və gərginliklə əlaqələndirir:
“Ağrılar onun səsini, addımlarını, sözlərini əlindən alarkən mən səssizcə yanında dayanmağa çalışıram. Bu qədər ağır vəziyyət təsadüfən yaranmayıb. Aylarla davam edən stress, gərginlik və psixoloji yük nəticəsidir”.
O əlavə edib ki, atasının həbsdə olması səbəbindən ailə yükü onun üzərində qalıb:
“Atam var, amma kömək edə bilmir. Atamın olmadığı bir dövrdə anamın bu vəziyyətə düşməsi evin bütün yükünü mənim üzərimə qoyub”.
Müraciətdə azyaşlı bacısına qayğı, atasının təcridxanadakı ehtiyacları, xəstəxana məsələləri və ailə işlərini təkbaşına gördüyünü qeyd edib:
“Azyaşlı bacımın qayğısı, atamın təcridxanadakı ehtiyacları, xəstəxana ilə bağlı məsələlər, ailə işləri təkbaşına mənim üzərimdədir. Üstəlik mən təhsilimə də davam etməyə çalışıram”.
Aysu Əhmədova yazır ki, məhkəmə prosesi dövründə anası ilə birlikdə “stress və həyatda güclü qalmaq mübarizəsi” aparıblar. Onun sözlərinə görə, hazırda isə tək qalıb:
“Anamla mən atamın məhkəmə prosesi getdiyi bu dövrdə həddindən artıq stress və həyatda güclü qalmaq mübarizəsi verərkən yetərincə yorulduq, amma bu yükü bölüşürdük. İndi isə onun etdiyi bütün işləri və daha artığını edərkən tək başına mübarizə aparmağa məcbur qalmışam”.
Müraciətin sonunda Aysu Əhmədova insan hüquqları, ailə və qadın institutlarına da toxunaraq, gözləntilərinin qalmadığını bildirib:
“İnsan hüquqları, ailə və qadın institutlarından isə ümidimiz yoxdur. Bizim səssiz mübarizəmizə onlar da səssizlik ilə cavab verirlər”.
Asəf Əhmədov “QHT işi” kimi təqdim olunan cinayət işi çərçivəsində məsuliyyətə cəlb edilən şəxslər arasındadır. Bu iş üzrə indiyədək təxminən 15 vətəndaş cəmiyyəti nümayəndəsinin cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.
Hazırda “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə Alyansı”nın direktoru Məmməd Alpay, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, ictimai fəallar Zamin Zəki və Əhməd Məmmədzadə həbsdə saxlanılır.
“Sosial Hüquqlar Mərkəzi”nin rəhbəri Sübhan Həsənli və fəal Aytac Ağazadə ölkədən kənarda olduqları üçün axtarışa verilib, digər şəxslər barəsində isə alternativ qətimkan tədbirləri seçilib.
Təqsirləndirilən şəxslər irəli sürülən ittihamları əsassız və siyasi motivli saydıqlarını bəyan ediblər.