Həbsdə olan iqtisadçı Fazil Qasımov onun cinayət işində “maddi sübut” kimi göstərilən videogörüntünün materiallardan “yoxa çıxdığını” və məhkəmələrdə həmin görüntüyə baxış keçirilməsi barədə vəsatətlərin təmin olunmadığını bildirir.
Qasımovun yaxınlarının “Abzas Media”ya bildirdiyinə görə, cinayət işi materialında Səbail rayon ərazisində, Nizami küçəsi 2 ünvanında Daxili İşlər Nazirliyinin TŞ1-081 nömrəli “təhlükəsiz şəhər” kamerasının qeydə aldığı Anar Əliyevlə Qubad İbadoğlunun videogörüntüsünün olduğu qeyd edilib. Onun bildirdiyinə görə, müstəntiq Yusif Yusifov həmin videogörüntüdə Qubad İbadoğlunun Anar Əliyevə “Şeyda” adlı kitabın içində 1000 dollar saxta pul verməsini iddia edib və bunun maddi sübut kimi rəsmiləşdirildiyini göstərib.
Qeyd olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində və apellyasiya instansiyasında keçirilən məhkəmələrdə həm Qasımovun vəkilləri, həm də özü videogörüntülərə məhkəmə zalında baxış keçirilməsi üçün dəfələrlə vəsatət veriblər, lakin vəsatətlər təmin edilməyib.
Qasımovun yaxınları onun Ali Məhkəməyə, Məhkəmə-Hüquq Şurasına və Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etdiyini əlavə edib. Bildirilib ki, o, müraciətlərində müstəntiqin 8 aprel 2024-cü ildə qəbul etdiyi maddi sübutlar və videogörüntülərlə özü və vəkili üçün tanışlıq yaradılmasını istəyib.
Yaxınlarının sözlərinə görə, fevralın 2-də Fazil Qasımovu həmin maddi sübutlarla tanış olmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə gətiriblər və bu zaman vəkili də iştirak edib. Bildirilib ki, cinayət işi materiallarında videogörüntünün 4-cü cildin 54-cü vərəqində olduğu göstərilsə də, həmin vərəq materiallardan çıxarılıb:
“53-cü vərəqdən sonra 55-ci vərəqdir”. Qasımovun yaxınları vurğulayıb ki, iqtisadçının özü və vəkili videogörüntünü tələb etsələr də, yenə də ona baxış keçirilməyib.
Qasımov bunu “videogörüntünün ümumiyyətlə olmadığının” və özünün “saxta ittihamlarla həbs olunmasının” sübutu kimi qiymətləndirib.
Fazil Qasımov bir müddət Türkiyədə yaşayıb. O, 2023-cü il avqustun 8-də İstanbulda saxlanılaraq Azərbaycana gətirilib. Qasımov iqtisadçı alim Qubad İbadoğlu barəsində açılmış cinayət işinin istintaqı çərçivəsində həbs edilib və Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi ilə ittiham olunub.
Qasımov məhkəmədəki ifadəsində istintaq zamanı zorakılığa məruz qaldığını və xüsusi dərmanların təsiri altında Qubad İbadoğlunun əleyhinə saxta ifadə verməyə məcbur edildiyini bildirib. O, həmin ifadədən imtina edib və həbsini siyasi motivli adlandırıb.
İstintaq dövründə Qubad İbadoğlu barəsində əvvəlcə ev dustaqlığı, daha sonra polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib, işi ayrıca icraata verilib. Fazil Qasımov isə mühakimə olunaraq 2026-cı il martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyırlar.
Foto: Amerikanın Səsi