Ermənistan İstintaq Komitəsi 2025-ci ilin noyabrında Vaqarşapatda keçirilən yerli seçkilərə müdaxilə iddiası ilə müxalif “Qələbə” ittifaqının 7 üzvü və tərəfdarı barəsində cinayət işi başladıb.
İstintaqın versiyasına görə, həmin şəxslər bir qrup seçicini blokun lehinə səs verməyə yönləndirib, bununla da vətəndaşların seçki hüququndan azad istifadə etməsinə mane olublar. Təqsir sübuta yetirilərsə, onları 6 ilədək həbs cəzası gözləyir.
“Azadlıq Radiosu”nun erməni xidməti “Azatutyun”un məlumatına əsasən, cümə axşamı şübhəlilərdən 6-sı ev dustaqlığına buraxılıb, bir nəfər isə hələ də tapılmayıb.
İstintaq Komitəsi bildirib ki, şübhəlilərin yaşayış ünvanlarında və yardımçı tikililərdə axtarış aparılıb, cinayət işi üçün əhəmiyyətli sənədlər götürülüb.
Komitə çərşənbə günü həmçinin 6 dəqiqəlik səs yazısı da yayıb. Materialda Vaqarşapat seçkiləri günü şübhəlilərə aid olduğu iddia edilən, gizli şəkildə yazılmış telefon danışığının fraqmentləri yer alır. Yazılardan belə anlaşılır ki, ittiham olunan şəxslər tanışlarına zəng edib onları “Qələbə” blokuna səs verməyə çağırır, hətta bəzilərini məntəqəyə aparmağı təklif edirlər.
Seçkiləri müşahidə edən “Məlumatlı Vətəndaşlar” Təşkilatının (“Union of Informed Citizens”) üzvü Daniel İoannisyan yayımlanan səsyazılarına münasibət bildirərək onları dinlədiyini və “seçicilərin azadlaşdırılması” istiqamətində hələ çox iş görülməli olduğunu söyləyib.
Vaqarşapat şəhər şurasında “Qələbə” fraksiyasının rəhbəri Sevak Xaçatryan isə ittihamları qəbul etməyib. O deyib ki, ittifaq üzvləri sadəcə təşkilati fəaliyyətlə məşğul olublar və bunun “hansı cinayət tərkibi” daşıdığı aydın deyil.
Xaçatryan işi iyun ayında keçiriləcək parlament seçkiləri ərəfəsində “siyasi təqib” kimi qiymətləndirib. Onun fikrincə, bu proses hakim “Vətəndaş razılaşması” partiyasının səs çoxluğunu itirmək qorxusunu göstərir və digər müxalifət təmsilçilərini oxşar ittihamlarla “qorxutmaq” cəhdidir. O, yayımlanan səsyazılarının həqiqiliyini də sual altına alaraq, onların süni şəkildə yaradıla biləcəyini iddia edib.
Məlumata görə, Vaqarşapatda 2025-ci il yerli şura seçkilərində “Vətəndaş razılaşması” partiyası 48,51 faiz səslə qalib gəlib, “Qələbə” bloku isə 31,87 faiz səs toplayıb.