“Baksol yolu”nda gəncin kanalizasiya düşüb ölməsi ilə bağlı məhkəmə davam edir: “Dəfələrlə rəy vermişəm ki, həmin ərazi qəzalı vəziyyətdədir, əvvəl də çökmə olub, dedilər, material yoxdur”

“Baksol yolu”nda gəncin kanalizasiya düşüb ölməsi ilə bağlı məhkəmə davam edir: “Dəfələrlə rəy vermişəm ki, həmin ərazi qəzalı vəziyyətdədir, əvvəl də çökmə olub, dedilər, material yoxdur”
3 Fevral 2026
Mətni dəyiş

“Baksol yolu” adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiya xəttinə düşərək həyatını itirən 28 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı açılmış cinayət işi üzrə təqsirləndirilən Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəməsində növbəti iclas keçirilib.

“APA”nın məlumatına görə, fevralın 3-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Azər Cümşüdov ona ünvanlanan sualları cavablandırıb.

Dövlət ittihamçısının suallarına cavab verən təqsirləndirilən şəxs bildirib ki, sözügedən ərazidə ilk çökmə mayın 14-də baş verib:

 “Bədbəxt hadisənin baş verdiyi ərazidə mayın 14-də çökmə olub. Operativ idarəetmə mərkəzindən bizə məlumat verildi. Biz də ərazini qanuna uyğun olaraq lentləyib, müvafiq xəbərdaredici nişanlar qoyduq. İyunun 4-də rəhbərlikdən dedilər ki, o ərazidən çıxın. “Baksol yolu”nda çöküntü olduğu kimi qaldı. İyunun 26-da bu hadisə baş verdi”.

Dövlət ittihamçısı hadisə ilə bağlı videoda qırılmış lentlərdən başqa heç nə görünmədiyini, əraziyə “dikt taxta” töküldüyünü deyərək bununla bağlı məlumatın olub-olmadığını soruşub. Azər Cümşüdov isə bunu sahibkarların etdiyini iddia edib:

“Biz həmin ərazini lentlədikdən sonra sahibkarları xəbərdar etdik. Onlar isə xəbərdarlığa məhəl qoymayaraq işarələri sökdü. Ərazinin üzərinə kosmetik dikt taxta töküblər və hətta təmir materialları qoyublar. Yol da ağırlığa dayanmayıb, çöküb”.

Onun sözlərinə görə, nişanların yığışdırılmasına nəzarət istismar sahəsinin vəzifəsi olub. Dövlət ittihamçısı təqsirləndirilən şəxsdən nişanlanmanın aparılması ilə bağlı fotoların növbəti mərhələdə məhkəməyə təqdim edilməsini istəyib.

İclasda zərərçəkən tərəfin vəkilinin suallarını cavablandıran Azər Cümşüdov deyib ki, çökmə riski barədə rəhbərliyi dəfələrlə məlumatlandırıb:

“Dəfələrlə rəy vermişəm ki, həmin ərazi qəzalı vəziyyətdədir, materiallar sovet dövründən, 1986-cı ildən qalıb, yenilənməlidir. Hətta ona yaxın ərazidə daha öncə çökmə də olub, təmir etmişik. Hissə-hissə təmir işləri aparırdıq. O ərazi ilə bağlı danışanda dedilər ki, material yoxdur”.

Məhkəmədə çıxış edən zərərçəkən Cümşüd Cümşüdlünün anası isə şikayətini geri götürməsi üçün təhdid olunduğunu bildirib. Onun sözlərinə görə, qaynı Vidadi Abbasov “Azərsu”da rəhbər vəzifədə çalışır və ailəyə təzyiq göstərilir:

 

"Mənim qaynım Vidadi Abbasov da Azərsuda rəhbər vəzifədə işləyir. O, hətta oğlum dəfn olunandan sonra orada çalışan dostlarını çağırıb Novxanıda yeyib-içib əyləniblər. Oğluma guya 3 mərasimi veriblər, özləri iştirak edib, lakin mən iştirak etmədim, oğlumun məzarının başında qaldım. Onun atası polkovnik olub. Dörd il öncə vəfat edib. Əziyyətlə böyütdüyüm oğluma görə heç kim mənə başsağlığı vermədi. Bir ana kimi məni saymadılar. Hətta qaynımın oğlu məni təhdid elədi ki, şikayətimi geri çəkim. Bacım mətbuata açıqlama verdi deyə, məni təhqir etdilər ki, niyə ictimailəşdirmisən? Su Kanal İdarəsində çalışan İntiqam adlı şəxs də mənə dedi ki, boşuna əziyyət çəkirsən. Onsuz da yazığın birini tutacaqlar. Gəl, şikayət etmə, sənə köməklik edək. Onların qaynımla əlbir olduqlarını düşünürəm. Mən şikayətçiyəm. Heç kim məni ziyarət etməyib, qəbir daşına belə kömək etməyiblər".

Azər Cümşüdov isə məsuliyyətə cəlb olunacağını prosesin sonunda bildiyini qeyd edib:

“Məni prokurorluğa lap axırda çağırdılar. Bir gün qalmış isə ittiham verdilər. Mənim günahım yoxdur. Əgər azacıq da olsa, təqsirliyəmsə, cəzamın 10 qatını çəkməyə razıyam”.

Təqsirləndirilən şəxsin vəkili Anar Ramazanov bildirib ki, rəislərin və digər şəxslərin məhkəmədə dindirilməsi üçün vəsatət veriləcək.

Növbəti proses fevralın 17-nə təyin edilib.

Hadisə ötən il iyunun 26-da Binəqədi rayonu ərazisində, “Baksol yolu” adlanan hissədə baş verib. Məlumata görə, yolda çökmə nəticəsində 27 yaşlı Cümşüd Cümşüdlü kanalizasiya xəttinə düşüb. Axtarışlardan sonra onun meyiti iki gün sonra Hövsan qəsəbəsində kanalizasiya kollektorunda aşkarlanıb.

Prokurorluq bildirib ki, hadisənin baş verdiyi kanal Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır. Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ilə cinayət işi başlanıb. Azər Cümşüdov təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

“Abzas Media” isə araşdırmalarında müəyyən edib ki, kanal Bakı Su Kanal İdarəsinin balansında olsa da, yolların və səkilərin təmiri üzrə əsas səlahiyyətli qurum Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir (AAYDA). Agentlik çökmədən sonra yaydığı məlumatda hadisənin AAYDA-nın xidməti sahəsinə daxil olmayan, piyadalar üçün nəzərdə tutulan yerdə baş verdiyini açıqlayıb.

Araşdırmada, həmçinin Binəqədi rayonunda yol təmiri üçün son illərdə 5 sərəncamla ümumilikdə 22 milyon 450 min manat ayrıldığı qeyd olunub. Dövlət satınalmalarının rəsmi portalında apardığı yoxlamalarda bu vəsaitin xərclənməsi ilə bağlı tenderlər aşkarlanmayıb, vəsaitlər tender keçirilmədən xərclənib və ümumi audit hesabatları isə olmayıb. AAYDA-nın hər hansı vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması barədə məlumat yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun