ABŞ Ermənistana Rusiyanın nüvə enerjisindən imtina etməsi üçün 9 milyard dollar yardım edəcək

ABŞ Ermənistana Rusiyanın nüvə enerjisindən imtina etməsi üçün 9 milyard dollar yardım edəcək
10 Fevral 2026
Mətni dəyiş

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Yerevanda Ermənistan hakimiyyəti ilə mülki nüvə energetikası sahəsində əməkdaşlıq sazişi imzalayıb. “Bloomberg” yazır ki, saziş ABŞ şirkətlərinə Ermənistana nüvə texnologiyaları ilə yanaşı, yanacaq və xidmətlər ixracı imkanı verir.

Məlumata görə, sənəd ABŞ şirkətlərinə Ermənistanın elektrik enerjisinin təxminən 40 faizini təmin edən Ermənistan Atom Elektrik Stansiyasının əvəzlənməsi ilə bağlı müsabiqələrdə də iştirak yolunu açır. Blumberqün məlumatında qeyd olunur ki, söhbət stansiyanın kiçik modul reaktorlarla əvəzlənməsindən gedir.

Ermənistanın “Arka” agentliyinin xəbərinə görə, Cey Di Vens ölkənin iki mərhələdə 9 milyard dollar həcmində investisiya əldə edəcəyini bildirib. 

“Bu, ABŞ-dən 5 milyard dollara qədər ilkin ixrac deməkdir, həmçinin yanacaq və texniki xidmət üzrə müqavilələr formasında 4 milyard dollarlıq əlavə uzunmüddətli dəstək nəzərdə tutur. Bu, klassik qarşılıqlı faydalı vəziyyətdir”, - Cey Di Vens söyləyib.

O əlavə edib ki, söhbət kiçik modullu reaktorlardan gedir və “Amerika texnologiyalarının bu ölkəyə gələcəyini” vurğulayıb. Vens bunu həm ABŞ, həm də Ermənistan üçün daha etibarlı enerji təhlükəsizliyi və yeni iş yerləri ilə əlaqələndirib.

Məlumata görə, Vens Ermənistanla imzalanan razılaşmalar fonunda NVIDİA üçün müəyyən patentlərin təsdiqləndiyini də qeyd edib və bunu “yeni bazarlar və yeni iş yerləri” kimi qiymətləndirib. O, Ermənistanda süni intellekt məlumat mərkəzi (data mərkəzi) layihəsinə də toxunub.

“Bloomberg” yazır ki, bu xətt Ermənistana Rusiya nüvə energetikasından asılılığı azaltmaq imkanı verə bilər.

Eyni zamanda qeyd olunur ki, Vensin Yerevana səfərindən əvvəl Ermənistan nümayəndələri “Rosatom” rəhbərliyi ilə görüşüblər. Rusiya dövlət korporasiyasının Ermənistana “hərtərəfli əməkdaşlıq” vəd etdiyi bildirilir.

Ermənistan son dövrlər ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməyə çalışır. Buna səbəb kimi Rusiyanın Bakı ilə münaqişə kontekstində Yerevana dəstək verməkdən faktiki imtina etməsi göstərilir.

2025-ci ildə Ermənistan parlamenti ölkənin Aİ-yə inteqrasiya prosesinin başlanmasına dair qanun qəbul edib, eyni ildə isə Ermənistan ABŞ ilə strateji tərəfdaşlıq xartiyası imzalayıb. Son illərdə Rusiyada Ermənistan hakimiyyətinə yönəlik tənqidlərin də səsləndirildiyi vurğulanır.

Vens fevralın 9-da Ermənistanda səfərdə olub, Yerevanda görüşlər keçirib, ABŞ-Ermənistan nüvə əməkdaşlığına dair saziş, eləcə də dron satışı ilə bağlı sənəd imzalayıb. ABŞ vitse-prezidentinin bu gün-fevralın 10-da Bakıya gələcəyi gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun