10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Latviya Respublikasının vətəndaşı Ahmeds Azizovs Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da daxil olmaqla, bir sıra dövlət qurumlarına, hökumət nümayəndələrinə, eləcə də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəlikləri və səfirliklərə müraciət ünvanlayıb.
Yaxınlarının “Abzas Media”ya təqdim etdiyi müraciətdə Azizovs yazır ki, onu 2022-ci il fevralın 2-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb və “törətmədiyi cinayət tərkibli əməllə bağlı sifarişlə həbs edilib”.
“Mötəbər sübutların olmamasına baxmayaraq, məhkəmələr məni 5 il müddətinə azadlıqdan məhrum edib”, - müraciətdə qeyd olunur.
Müraciətə görə, Azizovs 2025-ci il dekabrın 11-də 10 saylı Cəzaçəkmə Müəssisəsinə gətirilib, 14 günlük karantindən sonra isə dekabrın 25-də müəssisənin daxili rejiminə keçirilib. O iddia edir ki, müəssisəyə daxil olduqdan sonra Cəzaçəkmə İcra Məcəlləsinin tələblərinə uyğun olaraq, ona fərdi yataq yeri və şəxsi əşyalarını yerləşdirmək üçün yer ayrılmayıb.
Qanun tələblərinin yerinə yetirilmədiyini əsas gətirən Azizovs rəhbərliyə qəbul üçün müraciət etdiyini və problemlərin həllində kömək istədiyini yazır:
“Ölkədə yaxın qohumlarım yoxdur. Yalnız yaxın dostlarım var. Buraya öz xoşumla gəlməmişəm. Dövlət məmurunun qarşımda vəzifə borcu ondan ibarətdir ki, fərdi yataq yeri, ləvazimatlar, məişət ehtiyacım, iqlimə görə geyim və sairə ilə qanunun tələbinə uyğun olaraq təmin etməlisiniz”, – o, rəhbərliklə görüşündə belə dediyini yazır.
Azizovsun iddiasına görə, bu iraddan sonra müəssisənin rəhbər heyətinin üzvlərindən biri onun üzərinə hücum edib, digər əməkdaş isə onu uzaqlaşdırmağa çalışıb. Müraciətdə qeyd olunur ki, başqa bir şəxs isə Azizovsu cərimə kamerasına (“kars”) salacağını və “orada çürüdəcəyini” deyərək hədələyib.
Müraciətdə həmin şəxsin “burada yazılmamış qaydaların əsas olduğu”, eləcə də tabe olmayanlara qarşı sərt tədbirlər görüləcəyi barədə dedikləri də yer alır:
“Əlavə etdi ki, burada onlar deyənlər və yazılmamış qaydalar əsasdır. “Heç kim bizim göstərişimizə əməl etməyə bilməz. Əgər kimsə yolunu azarsa, yaxşı halda yolunu azanın cəzaçəkmə rejimini dəyişib – ağırlaşdırıb başqa yerə göndərərik. Hətta ona yeni cinayət işi açıb cəza müddətini 5-10 il uzadarıq” - deyə bildirdi”, – Azizovs yazır.
O, müəssisədə eşitdiklərini və gördüklərini “faşist konslagerlərində insanlara verilən işgəncələrlə bağlı” filmlər və kitablarda təsvir olunanlarla müqayisə edir: “Özümü onların yerində hiss etdim”.
Azizovs həmçinin bildirir ki, müəssisədə olduğu müddətdə “cinayət tərkibli əməlləri kimlərin törətməsi” ilə bağlı “kifayət qədər dəlil toplanılıb”. O iddia edir ki, qapalı müəssisədə yüksək vəzifəli şəxslərin sistemli özbaşınalığı, hər bir dustaqdan pulun yığılması və çoxsaylı qanunsuzluqlar barədə məlumatları göndəriləcək nümayəndəyə ətraflı danışmağa hazırdır.
“Xahiş edirəm ki, təxirə salmadan məsələnin araşdırılması üçün yanıma nümayəndə göndərəsiniz. Qeyd etdiyim faktların araşdırılmasını tələb edirəm”, – müraciətdə deyilir.
Müraciətdə bir sıra tələblər də səsləndirilir. Azizovs yazır ki, insanların işgəncələrə məruz qalmasının qarşısı alınmalı, kameralardakı qeyri-insani şərait aradan qaldırılmalı, dustaqlar üçün ayrılan ərzaqların mağazada satılmasının qarşısı alınmalı, mağaza qiymətləri aşağı salınmalıdır. O, həmçinin saxlanma yerlərində ümumi monitorinq keçirilməsini və antisanitariya ilə bağlı vəziyyətə xüsusi diqqət ayrılmasını xahiş edir.
Azizovsun iddiaları ilə bağlı Ədliyyə Nazirliyindən və 10 saylı Cəzaçəkmə Müəssisəsindən mövqe almaq mümkün olmayıb. Bununla belə, rəsmi qurumlar adətən penitensiar müəssisələrdə saxlanma şəraitinin beynəlxalq tələblərə uyğun olduğunu bildirirlər və irəli sürülən ittihamları rədd edirlər.