Vəkillərin müdafiəsi üzrə Beynəlxalq Observatoriya (OIAD) Azərbaycanda vəkil Zabil Qəhrəmanovun həbsi və istintaq dövründə saxlanma müddətinin uzadılması ilə bağlı bəyanat yayıb. Təşkilat Azərbaycan hakimiyyətini Qəhrəmanovu “dərhal və qeyd-şərtsiz” azad etməyə və ona qarşı bütün ittihamları ləğv etməyə çağırır.
Təşkilatın yaydığı müraciətdə Qəhrəmanovun həbsi “hüquqşünasların peşə fəaliyyətinə artan təzyiq” fonunda dəyərləndirilir, istintaq və məhkəmə prosedurlarının qərəzsizliyinə dair suallar doğuran məqamların olduğu vurğulanıb.
OIAD-ın müraciətində bildirilir ki, Gəncə Regional Vəkil Bürosunda çalışan Zabil Qəhrəmanovu 2025-ci il oktyabrın 23-də Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları saxlayıb. Oktyabrın 25-də Gəncə məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Təşkilatın qeyd etdiyinə görə, Qəhrəmanov əvvəlcə “xuliqanlıq”, daha sonra isə “dələduzluq” ittihamı ilə üzləşib və ittihamların irəli sürülməsi üçün əsasların olmadığı iddia olunub.
Müraciətdə göstərilib ki, 2026-cı il yanvarın 19-da Səbail Rayon Məhkəməsi Qəhrəmanovun istintaq dövründə həbsdə saxlanma müddətini daha 2 ay uzadıb. Müdafiə tərəfinin məlumatına istinadən qeyd olunur ki, bundan sonra araşdırma Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə verilib, Qəhrəmanov Bakıya köçürülərək paytaxtdakı Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
Təşkilat bu hadisələri vəkillik peşəsinə artan təzyiqlər fonunda dəyərləndirib. OIAD xatırladıb ki, Qəhrəmanov həbsindən təxminən iki həftə əvvəl - 2025-ci il oktyabrın 8-də Daxili İşlər Nazirliyinin şikayəti əsasında Azərbaycan Vəkillər Kollegiyasının qərarı ilə onun vəkillik fəaliyyəti 6 ay müddətinə dayandırılıb.
Müraciətə görə, DİN-in şikayəti vəkilin Gəncə polis idarəsində vətəndaş hüquqlarının pozulması ilə bağlı səsləndirdiyi ictimai açıqlamalardan sonra edilib.
OIAD bildirib ki, iş üzrə bir sıra məqamlar prosesin qərəzsiz aparılmasına dair ciddi şübhələr yaradır. Müdafiə tərəfi istintaqda, xüsusən də işə baxan qurumların səlahiyyətləri ilə bağlı uyğunsuzluqlara diqqət çəkib. Həmçinin, təşkilatın vurğulamasına görə, hökumətə yaxın media qurumlarında ittihamların geniş işıqlandırılması Qəhrəmanovun “damğalanmasına” gətirib çıxarıb.
Beynəlxalq Observatoriya Azərbaycanda hüquq müdafiəçiləri, müstəqil media və siyasi müxalifətə yönəlik məhdudiyyətlər fonunda hüquqşünaslara təzyiqin artdığını vurğulayıb və vəkilin peşə fəaliyyəti, habelə hakimiyyəti tənqid etməsinə görə hədəfə alınmasının hüququn aliliyinə və məhkəmə sisteminin müstəqilliyinə zərbə vurduğunu bildirib. Təşkilat, həmçinin, Azərbaycanın vəkillərin öz funksiyalarını hədə-qorxu və təzyiq olmadan icra etməsini təmin etmək öhdəliyini xatırladır və BMT-nin “Vəkillərin roluna dair Əsas Prinsipləri”nə istinad edib.
OIAD Azərbaycan dövlətini beynəlxalq öhdəliklərinə, xüsusən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın (MSHBP) 9-cu (azadlıq və şəxsi toxunulmazlıq) və 19-cu maddəsi (ifadə azadlığı) üzrə tələblərinə əməl etməyə çağırıb. Təşkilat sonda Azərbaycanın Avropa Şurasının üzvü və Avropa İnsan Hüquqları Konvensiyasının tərəfi kimi Konvensiyanın müddəalarına tam riayət etməyə hüquqi baxımdan borclu olduğunu da qeyd edib.
Zabil Qəhrəmanova ilkin mərhələdə Cinayət Məcəlləsinin 178.2.4-cü və 221.2.2-ci maddələri ilə ittiham irəli sürüldüyü bildirilir. İddialara əsasən, saxlanıldığı gün avtoyuma məntəqəsində işləyən Fazil İsgəndərovla mübahisə zamanı zor tətbiq etməsi göstərilir. Digər iddiada isə Şəmkir sakini Emin İbrahimovun şikayətinə istinadən Qəhrəmanovun 5600 manat alaraq işin “istədiyi kimi” yekunlaşacağına söz verdiyi, lakin bunun baş vermədiyi iddia olunur.
Zabil Qəhrəmanov ittihamların əsassız olduğunu, onun cəzalandırılması üçün adı çəkilən şəxslərdən istifadə edildiyini bildirir.
Yanvarın 19-da Qəhrəmanova əlavə ittihamların irəli sürüldüyü də açıqlanıb. Onun vəkili Babək Həmidov bildirib ki, Qəhrəmanov Cinayət Məcəlləsinin 221.2.2-ci, 178.2.2-ci, 178.2.3-cü və 178.2.4-cü maddələri ilə ittiham olunur. Həmidovun sözlərinə görə, yanvarın 17-də Qəhrəmanov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb və təqdimata Səbail Rayon Məhkəməsində baxılaraq qərar qəbul edilib.
Zabil Qəhrəmanov bir sıra rezonanslı işlərdə müdafiəçi kimi çıxış edib. Onların sırasında Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın oğurlanması və qətlə yetirilməsi işi üzrə təqsirləndirilən İlkin Süleymanovun, eləcə də qətl ittihamı ilə 11 il cəza alıb sonradan bəraətlə azadlığa çıxan Polad İsmayılovun məhkəmə prosesləri qeyd olunur. O, həmçinin “Tərtər hadisələri” ilə bağlı bir neçə zərərçəkmişi və müxtəlif ictimai-siyasi fəalı müdafiə edib.