ABŞ prezidenti Donald Tramp bildirib ki, İran rəhbərliyi danışıqlar aparmaq istəyir. O, yanvarın 11-də “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında “Onlar danışıqlar istəyirlər. Biz onlarla görüşə bilərik. Görüş təşkil olunur”, - deyib.
Tramp əlavə edib ki, ABŞ-nin “görüşdən əvvəl hərəkət etməsi” də mümkündür, lakin bununla bağlı detallar açıqlamayıb. O, bundan əvvəl Vaşinqtonun vəziyyəti qiymətləndirdiyini və “bir neçə çox sərt variantı” nəzərdən keçirdiyini demişdi.
“CNN” iki amerikalı rəsmiyə istinadən yazır ki, Tramp komandası İrana qarşı həm hərbi, həm də qeyri-hərbi üsulları müzakirə edir. Məlumata görə, ABŞ mümkün hərbi zərbələrin İranda əhalini mövcud hakimiyyət ətrafında birləşdirə biləcəyindən ehtiyat edir. Qeyri-hərbi tədbirlər sırasında yeni sanksiyalar, hərbi və ya hökumət infrastrukturlarına qarşı kiberhücumlar, həmçinin etirazçılar üçün internetə çıxışın peyk rabitəsi vasitəsilə təmin edilməsi kimi ideyalar da müzakirə olunur.
Yanvarın 10-da Tramp “Truth Social” platformasında ABŞ-nin “azadlığa can atan İrana kömək etməyə hazır olduğunu” yazmışdı. “The New York Times” isə hərbi dairələrdəki mənbələrinə istinadla bildirir ki, son günlər Trampa İrana zərbələrə dair bir neçə ssenari təqdim edilib, lakin yekun qərar verilməyib. Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio və respublikaçı senator Lindsi Qrem də İrandakı etirazlarla bağlı açıqlamalar veriblər.
İranda etirazlar fonunda ölən və saxlanılanların sayı ilə bağlı rəsmi məlumat açıqlanmayıb. Hüquq müdafiə təşkilatları fərqli rəqəmlər təqdim edir. “Human Rights Activists News Agency” (HRANA) yanvarın 11-nə olan məlumatında etirazlar başlayandan bəri 544 nəfərin öldüyünü, onların arasında uşaqların da olduğunu iddia edir. “Iran Human Rights təşkilatı” isə azı 192 etirazçının ölümünü təsdiqlədiyini bildirib. Eyni zamanda, bəzi təsdiqlənməmiş məlumatlarda ölənlərin sayının daha çox ola biləcəyi qeyd olunur.
Hüquq müdafiəçiləri internetin kütləvi şəkildə kəsilməsi və məlumatlara çıxışın məhdudlaşdırılmasının faktların toplanmasını və yoxlanmasını xeyli çətinləşdirdiyini bildirirlər. “NetBlocks” saytının məlumatına görə, İranda internet kəsintisi uzun saatlardır davam edir.
İran hakimiyyəti yanvarın 11-i axşamı üç günlük matəm elan etdiyini açıqlayıb. “Radio Farda” yazır ki, rəsmi açıqlamalarda etirazlar zamanı təhlükəsizlik qüvvələrinin mümkün roluna toxunulmur, itkilər “cinayətkar-terrorçu qruplar”la əlaqələndirilir.
İran polisinin baş komandanı Əhməd Radan etiraz iştirakçılarına qarşı tədbirlərin sərtləşdiriləcəyini bildirib. Onun sözlərinə görə, məhkəmə-tibbi ekspertizanın nəticələri öldürülənlərin bir hissəsinin “soyuq silah” nəticəsində həlak olduğunu göstərir və bu, hadisələrin təhlükəsizlik qüvvələri ilə deyil, “idarə olunan qruplar”la əlaqəli olduğunu düşündürür.
Bununla yanaşı, müxtəlif media qurumları və şahidlər etirazların yatırılması zamanı zorakılıq iddiaları barədə məlumatlar yayırlar. BMT-nin müstəqil missiyası da Tehrandan internetin bərpasını və repressiyaların dayandırılmasını tələb edib. Bildirilir ki, milli valyutanın kəskin dəyər itirməsindən sonra dekabrın 28-də başlayan etirazlar azı 46 şəhəri əhatə edib.