Yanvarın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
“Toplum TV”nin məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərdən “Toplum TV”nin həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılması üçün yenidən vəsatət qaldırıb.
Məmmədli çıxışında bildirib ki, cinayət törətmədiyi halda həbsdə saxlanılması ilə razı deyil:
“Cinayətləri sübut olunmuş erməni məhbusların Ermənistana təhvil verilməsinə qarşı olsam da, vətəndaş kimi dövlətin humanizm adı ilə bunu etməsini sülh prosesinə töhfə baxımından müsbət qarşılayıram. Mən isə heç bir cinayət törətmədiyim və cəmiyyətin maarifləndirilməsi ilə məşğul olduğum halda burada saxlanılıram”.
Vəsatəti Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev də dəstəkləyərək Məmmədlinin səhhətinin pisləşdiyini qeyd edib. Onun sözlərinə görə, Məmmədlinin vəziyyətinin ağırlaşdığı gecələrdən birində təcili həkim çağırılıb:
“Bir gün gecə saat 12-də bütün korpusa xəbər yayıldı ki, Ələsgər bəyin vəziyyəti pisdir və həkim çağırıldı. Gecə növbəsində çalışan həkimlər isə səriştəsizdir. Şikayətə baxmadan hamıya eyni dərmanı yazırlar, o da uzun müddətdən sonra gəlib çıxır. Səhhəti bu qədər pisləşmiş insanı həbsdə saxlamaqla sizin məqsədiniz onu öldürməkdir”.
Məhkəmə müşavirədən sonra vəsatəti təmin etməyib. Qərar belə əsaslandırılıb ki, Ələsgər Məmmədli azadlıqda olarsa, iş üzrə digər təqsirləndirilən şəxslərə təsir göstərə bilər.
İclasda daha sonra “Toplum TV”nin redaktoru Müşfiq Cabbar da ev dustaqlığına buraxılması üçün vəsatət verib. O, ittihamın mahiyyətinin özünə aydın olmadığını deyib:
“İki ilə yaxındır həbsdə saxlanılsam da, hansı ittihamla saxlanıldığım mənə hələ də aydın deyil. Xaricə getməyi sübut kimi təqdim edirlər. Mən isə 6 ildir ölkədən xaricdə olmamışam. Bizə mütəşəkkil dəstə deyirlər, halbuki burada əyləşən Ramil Babayev və İlkin Əmrahovu yalnız həbsdən sonra tanımışam”.
Məhkəmə Cabbarın vəsatətini də təmin etməyib.
Ardınca, “Toplum TV” əməkdaşı Fərid İsmayılov çıxış edərək cinayət işinin yeni açıldığı dövrdə “APA” da daxil olmaqla bir sıra hökumətyönlü media orqanlarında istintaq materiallarından götürüldüyü iddia olunan yazıların dərc edildiyini xatırladıb. O, məhkəmədən həmin media qurumlarının rəhbərlərinin şahid kimi çağırılmasını və materialların necə əldə edildiyinin soruşulmasını tələb edib.
Növbəti məhkəmə prosesi fevralın 2-nə təyin olunub.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər barəsində cinayət işi açıldığı bildirilir. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, İDİ əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı əvvəl ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarəti qətimkan tədbiri seçildiyi bildirilir.
Məlumata görə, saxlanılan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham ediliblər, sonradan ittihamların ağırlaşdırıldığı açıqlanıb. Təqsirləndirilənlər ittihamları qəbul etmir, həbslərinin siyasi sifarişlə həyata keçirildiyini bildirirlər.