“The New York Times”: ABŞ əməliyyatında azı 80 nəfər ölüb, Maduro bu gün məhkəmə qarşısına çıxarılacaq

“The New York Times”: ABŞ əməliyyatında azı 80 nəfər ölüb, Maduro bu gün məhkəmə qarşısına çıxarılacaq
5 Yanvar 2026
Mətni dəyiş

Venesuela Ali Məhkəməsi prezident Nikolas Maduronun ölkədə olmaması halında dövlət başçısının səlahiyyətlərini vitse-prezident Delsi Rodriqesin icra etməli olduğuna qərar verib. “Reuters”in sitat gətirdiyi məhkəmə qərarında Rodriqesin “idarəetmənin varisliyini” təmin etməli və ölkənin “hərtərəfli müdafiəsini” həyata keçirməli olduğu bildirilir.

Qərardan bir gün əvvəl Delsi Rodriqes Venesuelanın dövlət televiziyasında müraciət edərək Nikolas Maduronu “ölkənin yeganə qanuni prezidenti” adlandırıb və ABŞ-dən onun dərhal azad edilməsini tələb edib. O, Venesuelaya qarşı “silahlı aqressiyanı” pisləyib, ölkənin Müdafiə Şurasının fəaliyyətə başladığını deyib, hökumətin ölkəni qorumağa hazır olduğunu vurğulayıb və əhaliyə sakitlik və birlik çağırışı edib.

Video müraciəti zamanı Rodriqeslə eyni masada Venesuela rəhbərliyinin digər nümayəndələrinin, o cümlədən qardaşı, Milli Assambleyanın sədri Xorxe Rodriqesin, Daxili İşlər Nazirliyinin rəhbəri Diosdado Kabelyonun və müdafiə naziri Vladimir Padrino Lopesin olduğu qeyd olunur.

Bundan bir neçə saat əvvəl ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında “hakimiyyətin lazımi şəkildə təhvil verilməsi” və “Amerikanın şərtlərinin yerinə yetirilməsi”nədək Venesuelanın idarə olunmasını ABŞ-nin həyata keçirəcəyini bildirib. Tramp bu şərtlərin nədən ibarət olduğunu və idarəetməni kimin həyata keçirəcəyini açıqlamayıb; eyni zamanda vitse-prezident Delsi Rodriqesin guya amerikalılarla əməkdaşlığa hazır olduğunu iddia edib, müxalifət lideri, Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçadonun isə hakimiyyətə gəlməyəcəyini deyib.

“The New York Times” anonim danışan yüksəkvəzifəli venesuelalı rəsmiyə istinadla yazıb ki, ABŞ əməliyyatı nəticəsində hərbçilər və mülki şəxslər daxil olmaqla azı 80 nəfər həlak olub. Tramp isə daha əvvəl heç bir ABŞ hərbçisinin ölmədiyini, bir neçə yaralının olduğunu bəyan edib.

Xəbərə görə, “Gecəyarısı çəkici” (Operation “Midnight Hammer”) adlı əməliyyatda HHM-in susdurulması üçün 150 ABŞ təyyarəsinin iştirak etdiyi, əməliyyatın 2 saat 20 dəqiqə davam etdiyi bildirilir. “The New York Times” yazır ki, Maduronun yerinin müəyyənləşdirilməsində Venesuela hökumətindəki Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ/CIA) mənbəyinin izləmə məlumatlarından istifadə edildiyi iddia olunur.

Yanvarın 3-də ABŞ qoşunları Karakasda hərbi obyektlərə zərbələr endirib, Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi saxlayaraq ABŞ-yə aparıb. ABŞ tərəfi Maduronu legitim prezident saymadığını, onu və Floresi narkotik ticarəti və digər ağır ittihamlarla əlaqələndirdiyini bildirir. “CBS” və “NBC”nin məlumatına görə, Maduro və Flores Bruklindəki federal təcridxanada saxlanılır və bu gün Nyu-Yorkda məhkəmə qarşısına çıxarıla bilərlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun