Sevinc Vaqifqızı nüfuzlu Anna Politkovskaya–Arman Soldin adına Jurnalistikada Cəsarət Mükafatının qalibi elan edilib

Sevinc Vaqifqızı nüfuzlu Anna Politkovskaya–Arman Soldin adına Jurnalistikada Cəsarət Mükafatının qalibi elan edilib
14 Yanvar 2026
Mətni dəyiş

“Abzas Media”nın hazırda həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı Anna Politkovskaya–Arman Soldin adına Jurnalistikada Cəsarət Mükafatının 2025-ci il üzrə qalibi elan edilib.

Mükafatın builki təqdimetmə mərasimi Fransada jurnalistika sahəsində nüfuzlu ali məktəb olan Lill Jurnalistika Ali Məktəbində (The University is ESJ Lille) başa tutub. Münsiflər heyətinə fransız media-kommunikasiya mütəxəssisi, Sərhədsiz Reportyorlar Təşkilatının əməkdaşı Perrin Daubas, belçikalı müstəqil jurnalist və müharibə reportyoru Uilson Faşe və fransız televiziya jurnalisti və reportyor Martin Veyl daxildir. Mükafatı Sərhədsiz Reportyorlar Təşkilatının prezidenti, jurnalist Pyer Haski və fransız-britaniyalı araşdırmaçı jurnalist, sənədli film rejissoru Manon Luazo elan ediblər.

Mükafatın məqsədi xüsusilə münaqişə zonalarında və böhran şəraitində cəmiyyətin məlumatlandırılması kimi vacib missiyanı yerinə yetirən jurnalist və fotojurnalistlərin fəaliyyətini qiymətləndirməkdir.

Sevinc Vaqifqızı 2023-cü ilin noyabrında həbs olunub. Onunla birlikdə “Abzas Media”nın direktoru Ülvi Həsənli, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə saxlanılıblar.

Onlar qaçaqmalçılıq və bir sıra maliyyə cinayətlərində ittiham ediliblər, lakin ittihamları rədd ediblər. 2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Abzas Media işi” üzrə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadəni 9 il, Nərgiz Absalamova və Elnarə Qasımovanı 8 il, Məhəmməd Kekalovu isə 7 il 6 ay azadlıqdan məhrum edib.

Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Beynəlxalq media və insan haqları təşkilatları bu həbsləri Azərbaycanda azad medianın susdurulmasına yönəlmiş kampaniya kimi qiymətləndirir.

Jurnalist Sevinc Vaqifqızı adlarına mükafat aldığı mərhum həmkarları ilə bağlı fikirlərini “Abzas Media” ilə bölüşüb.

“Söz güclüdür deyə o sözü deyənlər öldürülür və dünyanın heç bir yerində başqa peşə sahibləri məhz peşələrinə görə qətlə yetirilməyib. Yəni, elə bir hal yoxdur ki, həkim olduğuna görə, mühəndis olduğuna görə kimsə öldürülsün. Amma bu dünyada həmişə jurnalist ölümlərinin statistikası olur. Bir il ərzində nə qədər jurnalist məhz peşəsini icra etdiyinə görə öldürülüb, tənqidi yazılarına görə hədəfə çevrilib. Anna və Arman da o jurnalistlərdən idi ki, əslində kənardan güclü görünən, amma sözün gücü qarşısında geri çəkilməli olan, sözün gücündən qorxan hökumətin hədəfində idi.

Dmitri Muratovun Anna Politovskaya ilə bağlı müsahibəsini xatırlayıram. O deyirdi ki, “Anna Politkovskayanın varlığından çox, yoxluğu bizim üçün problem yaradır”.

Əslində elə deyildi. Annanın varlığı da Rusiya hökuməti üçün problem yaradırdı. Dünyada bütün o qəbildən olan hökumətlər üçün Anna kimi jurnalistlər həmişə problem olub, onları problem kimi görüblər. Susdura bilmədikləri, öz propaqandasını aparmağa yönəldə bilmədikləri jurnalistləri problem kimi görürdülər və o problemi aradan qaldırmaq üçün çalışırdılar. Amma o redaksiyada Annanın ardıcılları var idi. Onlardan bəziləri öldürülərək onun ardıcıllarına çevrilmişdilər, bəziləri isə hazırda da araşdırma ilə məşğul olaraq Annanın işini davam etdirirlər. O araşdırmaçılar redaksiyanın 6 əməkdaşı öldürülsə də, bu qətllərdən sonra da fəaliyyətlərini davam etdirdilər və “Novaya Gazeta” nəşrinin bağlanmasına imkan vermədilər. Nəşr hələ də fəaliyyət göstərməyə davam edir, redaksiyası iş başındadır. Hətta hazırda onun hökuməti müharibə halında olsa da, bütün dünyanı qarşısına alsa belə, o qəzet hələ də varlığını qoruyur. Annanın ölümü əslində nəyinsə sonu olacağına hədəflənsə də, bu, belə olmadı, ondan sonrakı nəsilləri qorxutmadı və davam etdilər.

Düşünürəm ki, Annanın və Armanın timsalında bütün bu çətinlikləri göz önünə alan jurnalistlər həqiqətən onları hökumətlər qarşısında gücsüz qalmağa qoymayan cəmiyyətin təməl sütunlarıdır”.

Anna Politkovskaya–Arman Soldin adına Jurnalistikada Cəsarət Mükafatı sayca üçüncü dəfə təqdim edilir.

2023-cü ildə təsis edilən mükafat ilk dəfə meksikalı jurnalist Marsela Turatiyə təqdim edilib. O, ölkəsində reportaj hazırlamağın yüksək risklər daşımasına baxmayaraq, narkotik ticarəti ilə bağlı zorakılıq halları və kartellərə qarşı aparılan müharibənin cəmiyyətə sosial təsirlərini sənədləşdirir.

Münsiflər heyəti eyni zamanda xüsusi mükafatı fransız–əfqan jurnalist Mortaza Behbudiyə verib. Taliban hərəkatı Behbudini jurnalist fəaliyyətinə görə 284 gün saxladıqdan sonra 2023-cü il oktyabrın 18-də azadlığa buraxıb.

2024-cü ildə mükafatın münsiflər heyəti İsrailin İordan çayının qərb sahilindəki yaşayış məntəqələri mövzusunda araşdırmalar aparan israilli jurnalist Yuval Abraha və fələstinli jurnalist Basel Adranın fəaliyyətini xüsusi olaraq qiymətləndirib. Hər iki jurnalist ötən il çəkilən və 2025-ci ildə “Oskar” mükafatına layiq görülmüş “No Other Land” sənədli filmini hazırlayan israilli-fələstinli yaradıcı kollektivin də üzvləridir.

Mükafat adətən hər il 2013-cü ildə Fransanın təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının təsis etdiyi Jurnalistlərə Qarşı Cinayətlərdə Cəzasızlığa Son Günündə təqdim edilir. Bu gün Malidə qətlə yetirilmiş fransız jurnalistlər Qislen Dyupon və Klod Verlonun xatirəsinə həsr olunub. Bu il texniki səbəblərdən təqdimetmə mərasimi bir qədər gecikib.

Fransa bu mükafat vasitəsilə mətbuat azadlığının müdafiəsinə sadiqliyini bir daha nümayiş etdirir və peşə borcunu yerinə yetirərkən həyatını itirmiş jurnalistikada cəsarətin iki simvolik nümayəndəsinin xatirəsini yad edir. Onlardan birincisi, “Novaya Gazeta”da dərc olunan korrupsiya, insan hüquqları pozuntuları və Çeçenistan müharibəsi ilə bağlı araşdırmalarına görə qətlə yetirilmiş rusiyalı jurnalist Anna Politkovskayadır. Bu araşdırmalar ona və onunla birlikdə çalışan altı həmkarına həyat bahasına başa gəlib.

Mərhum jurnalist Anna Politkovskaya Rusiya ordusunun Çeçenistanda apardığı hərbi əməliyyatlara qarşı çıxıb, buna görə Rusiya hakimiyyətini sərt tənqid edib.

Anna Politkovskaya 2006-cı ilin oktyabrında Moskvadakı evinin girişində güllələnib. Qətlin sifarişçiləri hələ də tapılmayıb.

İkinci şəxs isə 2023-cü il mayın 9-da reportaj zamanı həlak olmuş “Frans Press Agentliyi”nin  (Agence France-Presse - AFP) agentliyinin fransız-bosniyalı jurnalisti və fotojurnalisti Arman Soldindir. Onun işi Rusiyanın Ukraynaya qarşı təcavüzünün reallıqlarını dünya ictimaiyyətinə çatdırmağa xidmət edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun