“Seçki Müşahidə” Alyansının rəhbəri Məmməd Alpayın işi məhkəmə baxışına verilib

“Seçki Müşahidə” Alyansının rəhbəri Məmməd Alpayın işi məhkəmə baxışına verilib Foto: Amerikanın Səsi
22 Yanvar 2026
Mətni dəyiş

Yanvarın 22-də “Seçki Müşahidə” Alyansının rəhbəri, hüquq müdafiəçisi Məmməd Alpaya açılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məmməd Alpayın vəkili Rövşanə Rəhimli məhkəməyə bir neçə vəsatət təqdim edib. Vəkil müvəkkili barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini, bu mümkün olmazsa, müdafiə tərəfinin yanında əyləşməsinə icazə verilməsini, eləcə də prosesdə çəkiliş aparılmasını xahiş edib. Məhkəmə vəsatətləri təmin etməyib.

Prosesdə cinayət işinin məhkəmə baxışına verilməsi qərara alınıb. Baxış iclası fevralın 5-nə təyin edilib.

Məmməd Alpay “QHT işi” kimi təqdim olunan cinayət işi çərçivəsində məsuliyyətə cəlb edilən şəxslər arasındadır. Bu iş üzrə indiyədək təxminən 15 vətəndaş cəmiyyəti nümayəndəsinin cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.

Hazırda “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə Alyansı”nın direktoru Məmməd Alpay, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, ictimai fəallar Zamin Zəki və Əhməd Məmmədzadə həbsdə saxlanılır.

“Sosial Hüquqlar Mərkəzi”nin rəhbəri Sübhan Həsənli və fəal Aytac Ağazadə ölkədən kənarda olduqları üçün axtarışa verilib. Digər şəxslər barəsində isə alternativ qətimkan tədbirlərinin seçildiyi qeyd olunur.

Təqsirləndirilən şəxslər irəli sürülən ittihamları əsassız və siyasi motivli saydıqlarını bəyan ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun