Rüfət Səfərov prokurora: “Qanunsuzluq təqsirsiz adamı həbs etmək, saxta ittihamı müdafiə etməkdir”

Rüfət Səfərov prokurora: “Qanunsuzluq təqsirsiz adamı həbs etmək, saxta ittihamı müdafiə etməkdir” Foto: Amerikanın Səsi
27 Yanvar 2026
Mətni dəyiş

Yanvarın 26-da hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərova qarşı açılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Azadlıq Radiosu”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda zərərçəkmiş qismində tanınan Natiq İmanquliyev müdafiə tərəfinin suallarını cavablandırıb.

İddiaya əsasən, Natiq İmanquliyev torpaq sahəsi almaq məqsədilə Rüfət Səfərova 60 min manat verib. Onun sözlərinə görə, nə torpaq sahəsi alınıb, nə də pul geri qaytarılıb. Zərərçəkmiş iddia edir ki, 2024-cü il dekabrın 3-də pulunu geri tələb edərkən aralarında mübahisə yaranıb və o, xəsarət alıb.

Müdafiə tərəfinin suallarını cavablandıran Natiq İmanquliyev bildirib ki, xəsarəti ona Rüfət Səfərov yetirib. Vəkillər isə diqqəti ona yönəldiblər ki, əgər fiziki qarşıdurma olubsa və zərərçəkmişin dediyi kimi ona ciddi xəsarət yetirilibsə, bu halda Rüfət Səfərovun əlində izlərin olmaması necə izah olunur. Natiq İmanquliyev bu suala cavab verə bilməyib.

Zərərçəkmiş eyni zamanda xəstəxanada tibbi müayinədən keçmədiyini də bildirib. Vəkil Elçin Sadıqov hakimlərin nəzərinə çatdırıb ki, şəxs müayinədən keçmədiyini dediyi halda, onunla bağlı tibbi rəyin hazırlanması sual doğurur.

Prosesdə müdafiə tərəfinin zərərçəkmişə pulun mənbəyi barədə sualı mübahisəyə səbəb olub. Vəkil Rövşanə Rəhimli Natiq İmanquliyevə belə sual ünvanlayıb: “Deyirsiniz ki, əvvəl 60 min manat verib torpaq sahəsi almısınız. Dediyinizə görə, sonra yenə də torpaq almaq üçün Rüfət Səfərova daha 60 min vermisiniz. Fəhlə adamsınız, qısa müddətdə 120 min manat sizdə haradan idi?”

Prokuror Vüsal Mehrəliyev sualın baxılan cinayət işinə aidiyyəti olmadığını əsas gətirərək onun çıxarılmasını istəyib. Rüfət Səfərov buna etiraz edəndən sonra prokuror sualı “qanunsuz” adlandırıb.

Rüfət Səfərov isə prokurora belə cavab verib: “Qanunsuzluq bilirsiniz nədir? Qanunsuzluq təqsirsiz adamı həbs etməkdir. Qanunsuzluq saxta ittihamı müdafiə etməkdir. Özünüz də yaxşı bilirsiniz ki, onun nəinki 120 mini, heç 120 manatı yoxdur. Mənə nəinki pul verməyib, məni heç görməyib. Yenə də bu ittihamı müdafiə etməyi özünüzə sığışdırırsınız”.

Hüquq müdafiəçisi məhkəmədə çıxışı zamanı bildirib ki, atası Eldar Sabiroğlu “bu hakimiyyətin qurucularından biri” olsa da, özü atasının mövqeyi ilə razılaşmayıb. Onun sözlərinə görə, 2015-ci ildə prokurorluqda müstəntiq vəzifəsindən istefası da ölkədə insan hüquq və azadlıqlarının boğulmasına etirazla bağlı olub.

“Onları dəli edən budur ki, necə ola bilər, hakimiyyətin qurulmasında birbaşa xidmətləri olan bir insanın övladı asi çıxır, etiraz edir?! Bunu mənə bağışlamadılar. 10 il ərzində dəfələrlə həbs etdilər, özümün, ailə üzvlərimin başına elə iyrənc işlər gətirdilər. Açığı, mən bu qədərini gözləmirdim”, – Səfərov bildirib.

O əlavə edib ki, 2015-ci ildən bəri müxtəlif təzyiqlərlə üzləşsə də, qərarından peşman deyil: “Bu gün biz tiranlığın içindəyik. Bəlkə də, sadəlövhcə görünər, böyük bir tiranlıqda Rüfət təkbaşına hüquq mübarizəsi aparır. Olsun. Əminəm ki, günün birində haqq qələbə çalacaq”.

Məhkəmə prosesi yarımçıq dayandırılıb.

Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə - xuliqanlıq, dələduzluq və qəsdən sağlamlığa zərər vurma ittihamları ilə təqsirləndirilir. Hüquq müdafiəçisi həbsinin səbəbini ABŞ-də insan hüquqları sahəsində aldığı mükafatla əlaqələndirir.

Hüquq müdafiə təşkilatlarının son hesabatlarına görə, Azərbaycanda hazırda 340 siyasi məhbusun olduğu bildirilir. Hakimiyyət isə ölkədə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini bəyan edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun