Möhyəddin Orucova 13 saylı Cəzaçəkmə Müəssisəsində təzyiq edildiyi deyilir

Möhyəddin Orucova 13 saylı Cəzaçəkmə Müəssisəsində təzyiq edildiyi deyilir
8 Yanvar 2026
Mətni dəyiş

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının (HİK) həbsdə olan üzvü Möhyəddin Orucova 13 saylı Cəzaçəkmə Müəssisəsində təzyiq göstərildiyi iddia olunur.

Orucovun yaxınlarının “Azadlıq Radiosu”na bildirdiyinə görə, o, ailəsi ilə videozəng vasitəsilə danışarkən ekrandan görüntüsü çəkilərək sosial şəbəkələrdə paylaşılıb. Yaxınları deyir ki, müəssisə rəhbərliyi Möhyəddin Orucovu həmin paylaşım səbəbilə tənbeh edib.

“Möhyəddin Orucov bundan xəbərsiz olduğunu deyib. Bundan sonra rəhbərlik digər dustaqlara görüntülü danışıq qadağası qoyub və bildirilib ki, bunu Möhyəddinə görə edirlər”, – yaxınları iddia edir.

Yaxınları hesab edirlər ki, bu addım digər məhkumları Orucova qarşı qaldırmağa yönələ bilər və bunun ağır nəticələri ola bilər.

Orucovun vəkili Nazim Musayev bildirib ki, məsələ ilə bağlı müəssisə rəhbərliyinə və Ədliyyə Nazirliyinə müraciət edib. Hələlik iddialarla bağlı rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Möhyəddin Orucov ilk dəfə 2023-cü ilin oktyabrında polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib. Azadlığa buraxıldıqdan qısa müddət sonra - 2023-cü il dekabrın 13-də yenidən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə - narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma əməlini külli miqdarda törətmək ittihamı irəli sürülüb. Orucov ittihamı qəbul etməyib, həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Orucov məhkəmədəki ifadəsində deyib ki, anbardar işlədiyi “ATEF” Şirkətlər Qrupunda əməkdaşların hüquqlarının pozulması ilə bağlı şikayətlərinə görə əvvəlcə inzibati qaydada həbs olunub. Fəal hesab edir ki, azadlığa buraxıldıqdan sonra Suraxanı rayonu 32-ci polis bölməsində baş verənlərlə bağlı müsahibə verməsi, daha sonra isə şirkət rəhbərliyi ilə polisin iş birliyi nəticəsində yenidən həbs olunması ilə nəticələnib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Orucova qarşı ittihamı qismən yüngülləşdirib və o, 3 il azadlıqdan məhrumetmə cəzası alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun