Bakı İstintaq Təcridxanasında saxlanılan dini inanclı fəal Nigar Bağırovanın həbsinə etiraz olaraq noyabrın 9-dan başladığı aclıq aksiyasını hələ də dayandırmadığı bildirilir.
“Abzas Media”nın əldə etdiyi məlumata görə, aclığın uzun müddət davam etməsi Bağırovanın səhhətinə ciddi təsir edib. Məlumatda qeyd olunur ki, o, halsız düşdüyü üçün adi su belə içə bilmir və qaytarır, həmçinin namaz qılmağa gücü çatmır.
Bu arada, yanvarın 13-də Xəzər Rayon Məhkəməsinə aparılan 6 dini inanclı qadın barəsində seçilmiş həbs qətimkan tədbiri daha 2 ay uzadılıb.
Məlumata görə, ittiham tərəfi həbs müddətinin uzadılmasını qadınların evlərində aparılan axtarış zamanı müsadirə edildiyi deyilən “Kərbəla torpaqlarının” ekspertizaya göndərilməsi ilə əsaslandırıb. İddia olunur ki, həmin nümunələrdə narkotik vasitələrin olub-olmaması yoxlanılır.
İnanclı qadınların məhkəmədə bu iddiaya etiraz etdiyi bildirilir. Onların narkotik vasitələri nəinki istifadə etmədiklərini, ümumiyyətlə görmədiklərini və “hətta rənglərini də bilmədiklərini” söylədiyi qeyd olunur.
“Biz 5 aydır həbs olunmuşuq. Bu müddət ərzində niyə ekspertiza keçirilməyib? Həbsimizi bu bəhanə ilə 2 ay da uzatdılar”, – deyə qadınlardan birinin məhkəmədə bildirdiyi vurğulanır.
Məlumata əsasən, saxlanılanlardan Aytən İbrahimova 4 övladı olduğunu, ən kiçiyinin isə 2 yaşında olduğunu deyərək həbsin uzadılmasına etiraz edib:
“Uşaq çox ciddi psixoloji sarsıntı içindədir, anasız qala bilmir. Bizim həbsimizi uzatmaq uşaqlarımızı anasız qoymaqdır”.
Digər saxlanılan qadın - Şərqiyyə Sadıqova isə 5 yaşlı övladının autizm spektr pozuntularından əziyyət çəkdiyini və müalicələrə lazımi cavab vermədiyini bildirib:
“Uşaq bu il məktəbəqədər hazırlığa başlamalıdır, lakin hələ də danışa bilmir. Ölkədə bütün televiziya kanalları qadın və uşaq hüquqlarından danışdığı halda, bizim və uşaqlarımızın hüquqları açıq-aşkar şəkildə pozulur”.
Sözügedən 6 qadın ötən il avqustun 17-də saxlanılıb. Həmin gün sosial şəbəkələrdə polisin Xəzər rayonu ərazisində ehsan payladığı deyilən qadınlara zorakılıq göstərməsinə dair görüntülər yayılmışdı. Daha sonra Daxili İşlər Nazirliyi Nigar Bağırova (38), Aytən İbrahimova (41), Şəhla Fərəcova (44), Xoşqədəm Quliyeva (50), Şərqiyyə Sadıqova (31) və Arzu Hüseynova (52) adlı şəxslərin saxlanıldığını açıqlamışdı.
Onlar “dini ayinlər və mərasimlər adı altında aksiyalar keçirməkdə” təqsirləndirilir. Məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.