Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi olmuş partiya fəalı Novruz Tağıyevin məhkəməsi başlanıb. Tağıyev yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.
“Azadlıq Radiosu”nun məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin vəkili Nemət Kərimli müdafiə tərəfinin mövqeyini açıqlayaraq Novruz Tağıyevin heç bir cinayət törətmədiyini bildirib və cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Vəkil işə xitam verilmədiyi təqdirdə, hökm çıxarılanadək Tağıyevin ev dustaqlığına buraxılmasını istəyib.
Nemət Kərimli deyib ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən əsas gətirilən arqumentlər artıq qüvvəsini itirib.
Vəkil məhkəmə iclaslarında müvəkkilinin zaldakı şüşə kabində yox, onun yanında əyləşməsi üçün də vəsatət qaldırıb. O, bunun müdafiə prosesində təqsirləndirilən şəxslə operativ məsləhətləşmək baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Nemət Kərimli bildirib ki, şəxsin qəfəsdə və ya şüşə kabində saxlanması onun ləyaqətinin alçaldılması kimi qiymətləndirilə bilər və bununla bağlı Avropa Məhkəməsinin qərarlarına istinad edib.
Vüqar Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərdən yalnız Tağıyevin məhkəmədə vəkilinin yanında əyləşməsinə razılıq verib. Cinayət işinə xitam verilməsi və ev dustaqlığı barədə vəsatətlər isə təmin edilməyib.
Məhkəmənin növbəti iclası fevralın 6-na təyin olunub. Həmin gün prokuror ittiham aktını elan edəcək, bundan sonra məhkəmə istintaqı mərhələsində dindirmələrə başlanacağı gözlənilir.
Novruz Tağıyev 2025-ci il mayın 20-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (saxta sənədlər hazırlama və ya belə sənədlərdən istifadə) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, ev alqı-satqısında vasitəçiliklə məşğul olan Tağıyev mənzil almaq istəyən Nicat adlı şəxsin 71 min manat pulunu ələ keçirməkdə suçlanır. AXCP fəalı isə ittihamı qəbul etmir, iş materiallarında yazılanların həqiqətə uyğun olmadığını bildirir.
Hazırda AXCP sədri Əli Kərimli də daxil olmaqla partiyanın təxminən 20 fəalının həbsdə olduğu bildirilir. Onlardan bir neçəsinin ictimai əsaslarla Kərimlinin sürücüsü və ya mühafizəçisi kimi çalışmış şəxslər olduğu qeyd olunur. AXCP isə bu həbslərin siyasi sifarişlə həyata keçirildiyini bəyan edib.