Prezident İlham Əliyevin yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul etdiyi bildirilib.
“AZƏRTAC”ın məlumatına görə, görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı və siyasi, iqtisadi, enerji, müdafiə və müdafiə sənayesi, təhsil, informasiya texnologiyaları, süni intellekt və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Tərəflər, həmçinin ölkələrin qanunverici orqanları arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Məlumata əsasən, Prezident İlham Əliyev regional sülh gündəliyinin irəli aparılması üçün Azərbaycanın səylərini davam etdirəcəyini bildirib. O, Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin yaradıldığını xatırladıb və bu çərçivədə Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini, eləcə də Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana çatdırıldığını vurğulayıb. Prezident TRIPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından yeni imkanlar yaradacağına ümid etdiyini də qeyd edib.
İlham Əliyev “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi “ədalətsiz” adlandıraraq, bunun ölkələr arasında münasibətlərin mövcud inkişaf məzmununa uyğun olmadığını bildirib. Prezident 907-ci düzəlişin tamamilə ləğvi istiqamətində Konqres üzvlərinin səylərini davam etdirəcəyinə ümidvar olduğunu da vurğulayıb.
“AZƏRTAC” yazıb ki, ABŞ nümayəndə heyətinə Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markveyn Mallin, Nümayəndələr Palatasının üzvü və həmin qurumun Gəlirlər Komitəsinin sədri, Missuridən respublikaçı Ceyson Smit, Nümayəndələr Palatasının və Silahlı Qüvvələr Komitəsinin üzvü, Texasdan respublikaçı Ronni Cekson, Nümayəndələr Palatasının və Gəlirlər Komitəsinin üzvü, Kaliforniyadan demokrat Cimmi Panetta daxil olub.
president.az