Gürcüstanın sabiq baş naziri və hakim “Gürcü Arzusu” partiyasının keçmiş sədri İrakli Qaribaşvili xüsusilə külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılmasında təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.
Baş Prokurorluğun yaydığı məlumata görə, Qaribaşvili istintaqla anlaşma (tərəflər arasında razılaşma) bağlayıb. Məhkəmə ona həmçinin 1 milyon lari (təxminən 370 min dollar) məbləğində cərimə kəsib. Dövlətin xeyrinə, “cinayət fəaliyyəti nəticəsində əldə edildiyi və yaşayış evində aparılan axtarış zamanı götürüldüyü” bildirilən 6,5 milyon dolların da müsadirə olunacağı qeyd olunur.
“Exo Kavkaza”nın məlumatına görə, sabiq baş nazir artıq penitensiar müəssisəyə köçürülüb.
İstintaqın versiyasına əsasən, Qaribaşvili 2019–2024-cü illərdə müdafiə naziri və baş nazir vəzifələrini tutduğu dövrdə dövlət vəzifəli şəxs kimi “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və əməkhaqqından başqa gəlir əldə etmək hüququna malik olmayıb. Buna baxmayaraq, onun gizli şəkildə bizneslə məşğul olduğu və qanunsuz gəlir əldə etdiyi iddia edilir.
Prokurorluq bildirir ki, Qaribaşvili bəyannamələrində hər il ailə üzvündən guya iri məbləğli pul hədiyyələri aldığını göstərməklə öz gəlirlərinin bir hissəsini leqallaşdırmağa çalışıb. Məlumata görə, bu yolla o, özəl biznesdə iştirakdan əldə edildiyi deyilən 830 min larini (təxminən 301 min dollar) “qanuniləşdirməyə” cəhd edib.
İttihama görə, 2023–2024-cü illərdə Qaribaşvili 463 630 lari (təxminən 168 min dollar) dəyərində iki avtomobil alaraq onları əlaqəli şəxs adına rəsmiləşdirib. Həmçinin, ailə üzvü vasitəsilə daşınmaz əmlaka sahib şirkətin 100 faizlik payını 210 min lariyə (təxminən 76 min dollar) əldə edib. Paralel olaraq ailə üzvü adına qeydiyyatdan keçmiş şirkət üzərindən 3 670 172 lari (təxminən 1,3 milyon dollar) həcmində investisiya yatırıldığı bildirilir. Rəsmi press-relizdə qeyd olunur ki, vəsaitlərin böyük hissəsi mənşəyini gizlətmək məqsədilə xarici valyutaya çevrilib.
İrakli Qaribaşvili 2012-ci ildə Bidzina İvanişvilinin yaratdığı “Gürcü Arzusu”nun təsisindən etibarən partiyanın fəaliyyətində iştirak edib. O, baş nazir postunu iki dəfə - 2013-2015 və 2021-2024-cü illərdə tutub. 2024-cü ilin yanvarında partiyanın sədri seçilən Qaribaşvili 2025-ci ilin aprelində bu vəzifədən ayrılıb.