Fazil Qasımovun saxlanıldığı 2 saylı CÇM-də zorakılığa məruz qaldığı bildirilir

Fazil Qasımovun saxlanıldığı 2 saylı CÇM-də zorakılığa məruz qaldığı bildirilir Foto: Amerikanın Səsi
29 Yanvar 2026
Mətni dəyiş

Həbsdə olan iqtisadçı Fazil Qasımovun saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində zorakılığa məruz qaldığı bildirilir.

Bu barədə onun yaxınları “Abzas Media”ya məlumat verib. 

Bildirilib ki, yanvarın 28-də havanın kəskin soyuq olmasına baxmayaraq, müəssisədə məhkumların yoxlanılması açıq havada keçirilib. Yaxınları bildirir ki, Fazil Qasımov səhhəti ilə əlaqədar olaraq yoxlama zamanı adının çəkilməsini gözləmədən ərazini tərk edib. Daha sonra onun yenidən yoxlama yerinə çağırıldığı və burada zorakılığa məruz qaldığı iddia olunur.

“Rəis müavini Asim Salahov Fazil Qasımovu vurduqdan sonra onun başı divara dəyib. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 19.11.2010-cu il tarixli 16 nömrəli əmri ilə təsdiq edilmiş cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarının 70-ci bəndinə əsasən, havanın temperaturu +30 dərəcə Selsidən aşağı və ya +45 dərəcə Selsidən yuxarı olduqda məhkumların yoxlanılması otaqda aparılmalıdır” – iqtisadçının yaxınları bildiriblər.

Yaxınları vurğulayıb ki, Fazil Qasımov ona qarşı zorakılığı mərhum siyasi məhbus Elbəyi Kərimlinin intiharı ilə bağlı məlumatları ictimailəşdirməsi ilə əlaqələndirir. Bildirilib ki, hadisədən sonra müəssisə rəhbərliyi ona töhmət verib və heç bir halda güzəşt edilməyəcəyi bildirilib.

Fazil Qasımov bir müddət Türkiyədə yaşayıb və 2023-cü il avqustun 8-də İstanbulda saxlanılaraq Azərbaycana gətirilib. O, iqtisadçı alim Qubad İbadoğlu barəsində açılmış cinayət işinin istintaqı çərçivəsində həbs edilib və Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi ilə ittiham olunub.

Qasımov məhkəmədəki ifadəsində istintaq zamanı zorakılığa və xüsusi dərmanların təsiri altında Qubad İbadoğlunun əleyhinə saxta ifadə verməyə məcbur edildiyini bildirib. O, həmin ifadədən imtina edib və həbsini siyasi motivli adlandırıb.

İstintaq dövründə Qubad İbadoğlu barəsində əvvəlcə ev dustaqlığı, daha sonra polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib, onun işi ayrıca icraata verilib. Fazil Qasımov isə mühakimə olunaraq bu ilin 13 martında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun